SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vətəndaşının dərd-sərinə şərik olmağı bacaran rəhbər

Vətəndaşının dərd-sərinə şərik olmağı bacaran rəhbər

Tarix:

16-02-2023, 13:59

/ 325 dəfə oxundu.
Vətəndaşının dərd-sərinə şərik olmağı bacaran rəhbər

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin,  bu günümüzün, gələcəyimizin dayağıdır”.  Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan   bu dəyərli fikir  müstəqil Azərbaycanın  həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir.

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisə idi. 

Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Mehriban xanım Əliyeva yeni vəzifədəki fəaliyyəti dövründə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.
Dünyanın bütün məşhur şəxsləri  “Hər bir uğur qazanmış  kişinin arxasında bir qadın dayanır” fikrini təsdiq edir. Lakin, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan bir kişi, bir ailə dayanır.  Prezident İlham Əliyev  tərəfindən  Mehriban xanımın Birinci Vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.  Respublikanın Birinci Vitse-prezidentiti  Mehriban xanım,  ailəsinə göstərdiyi qayğı, eyni zamanda, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə  örnəkdir.

Yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, Mehriban xanım Əliyeva tərkibində 700 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavini idi. Onun Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Çoxşahəli fəaliyyətinə görə layıq görülmüş təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına  bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.
44 günlük müharibə dönəmində Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva cənab Prezidentin, dövlətimizin, xalqımızın yanında olmuş, müharibədən sonrakı dövrlərdə belə qazilərin həm ölkəmizdə, həm də xarici ölkələrdə müalicə almasına böyük dəstək vermişdir. 

Mehriban Əliyeva birinci xanım institutunu formalaşdırdı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinin, dilinin, tarixinin xarici ölkələrdə təbliğinin və təmsilçiliyinin yeni nümunəsini yaratdı və bu, çox uğurlu nəticələr verdi və gələcəkdə də bu uğurlar özünü göstərəcəkdir.

Mehriban Əliyevanın Birinci Vitse-prezident olaraq 6 il ərzində gördüyü işlər ancaq təqdirəlayiqdir, Azərbaycan xalqı və ölkəmizin dostları tərəfindən alqışlanır. Biz də Mehriban xanım Əliyevaya bu şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq. Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verməsi haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tutduğu statusdan, mövqedən asılı olmayaraq hər bir azərbaycanlının dərd-sərinə şərik olması, problemləri ilə maraqlanması Mehriban xanım Əliyevanın yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanı olduğunu bir daha sübut edir.
  
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru  

Şərhlər

XƏBƏR LENTİ