SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən DÖVLƏT ADINA TƏZYİQ - NARAZILIQ VAR!

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən DÖVLƏT ADINA TƏZYİQ - NARAZILIQ VAR!

Tarix:

13-02-2023, 10:24

/ 1 032 dəfə oxundu.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən DÖVLƏT ADINA TƏZYİQ - NARAZILIQ VAR!

 
“AZSERTCENTER” MMC şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi tərəfindən onlara təzyiqlər olduğunu, eyni zamanda Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin qanunları pozduğunu və inhisarçılıq yaratdığını iddia edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bildirib ki, bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.

“AZSERTCENTER” MMC-nin direktoru Mahmud Yusubov müraciətində yazıb ki, “AZSERTCENTER” MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı 2015-ci ildən qanunvericiliyə uyğun olaraq Respublikamızda bu sahədə AZS ISO/IEC 17065-2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartının tələblərinə uyğun akkreditasiya olunaraq fəaliyyət göstərən ilk sertifikatlaşdırma orqanıdır. Fəaliyyətimiz əsasən xarici istehsalçıların məhsullarının uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanı Azərbaycan Respublikasında yeganə orqandır ki, 5-ci sxem üzrə İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s. müəssisələrin istehsal sahəsində iştirak edərək uyğunluğun qiymətləndirilməsini həyata keçirmişlər. Həmçinin Orqanımızda fəaliyyət göstərən 22 nəfər əməkdaşın hər biri sertifikatlaşdırma sahəsində təcrübəli, beynəlxalq sertifikatlara malik ekspertlərdir.

"“AZSERTCENTER” Sertifikatlaşdırma orqanının fəaliyyət göstərdiyi 7 il ərzində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 3 dəfə akkreditasiya olunub, akkreditasiya dövründə 6 dəfə akkreditasiya tələblərinə riayət olunmasına aid illik qiymətləndirilməsi müsbət nəticələnmişdir. Həmçinin bu zaman ərzində uyğunluğun qiymətləndirilməsi prosesini eyni sahə üzrə apararaq fəaliyyətimizi davam etdirmişik.

İlkin olaraq nəzərinizə çatdırmaq istərdik ki, fəaliyyətə başladığımız tarixdən bugünə kimi fəaliyyətimiz dövründə tərəfimizdən verilən bütün uyğunluq sertifikatlarının qanunvericiliyə uyğun olaraq surəti Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, və Xidmətin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinə dövlət reyestrinə yerləşdirilməsi üçün göndərilmişdir. Lakin, 2020-ci il ilin avqust ayından (Xidmətin Əsasnaməsinin təsdiqlənməsindən 3 ay sonra) etibarən qərəzli olaraq tərəfimizdən verilən uyğunluq sertifikatlarının heç biri dövlət reyestrinə yerləşdirilməmişdir. Burada əsas məqsəd tərəfimizdən verilmiş uyğunluq sertifikatlarının dövlət reyestrində görünməməsini təmin etməklə əməkdaşlıq etdiyimiz xarici təşkilatlarda orqanımız haqqında müəyyən çaşqınlıqların yaradılmasıdır. Eyni zamanda, bu addımın atılmasında əsas məqsəd yuxarıda adı çəkilən təşkilatların (İtaliya, İrlandiya, Fransa, ABŞ və s. kimi ölkələrdə Baker Hughes, General Electric, Juniper Networks, LG Electronics və s.) xidmətimizdən imtina edilməsinə və inhisarçılıq yaradaraq himayəlik etdikləri və yeni yaradılan “PROBO” MMC-yə yönləndirilməsindən ibarətdir. Qeyd edək ki, “PROBO” MMC 2020-ci ilin dekabr ayından etibarən (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin təsdiqləndiyi dövrdən) fəaliyyətə başlamışdır. Bu təşkilatın yaradıldığı və fəaliyyətə başladığı dövrdən etibarən 10 ilə yaxın olaraq eyni sahə üzrə fəaliyyət göstərən “AZSERTCENTER” Sertifikatlaşdırma Orqanına müəyyən təzyiqlər olunmağa başlamış və illərdir uyğunluğun qiymətləndirilməsini apardığımız sahə üzrə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən müəyyən məhdudiyyətlər qoyulmuşdur", - Mahmud Yusubov müraciətində iddia edir.

Həmçinin, “AZSERTCENTER”nin direktoru iddia edir:

"Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyinin və onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin inhisarçı siyasətinə əlavə olaraq onu da bildirmək istərdik ki, himayəlik etdiyi qurumlar tərəfindən verilən uyğunluq sertifikatlarının görünməməsi məqsədilə 2021-ci il tarixindən etibarən rəsmi internet saytında uyğunluq sertifikatlarının dövlət reyestrinin aparılması qanunsuz olaraq dayandırılmış və ictimaiyyətdən gizlədilmişdir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsində uyğunluq sertifikatlarının reyestrinin aparılması vəzifəsi olmasına baxmayaraq atılan bu qərəzli addım həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2021-ci il tarixli 215 saylı “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə Qərara ziddir. Antiinhisar siyasəti əsasında yaranmış Xidmət bu sahədə inhisarçılıq siyasəti həyata keçirərək akkreditasiya edilmiş sertifikatlaşdırma orqanlarının fəaliyyətlərinə müdaxilələr edir. Azərbaycan Respublikasının Prezidentinin qəbul etdiyi qanunvericilik aktlarının ölkə ərazisində sahibkarlığın inkişafına yönəlməsinə baxmayaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi və Xidmətin tabeliyində olan publik hüquqi şəxslər tərəfindən uyğunluğu qiymətləndirən qurumların bu cür sıxışdırılması sahibkarlığın inkişafına yönəlmiş siyasətə ciddi xələl gətirir. Təəssüflər olsun ki, fəaliyyəti inhisarçılığın qarşısını almağa yönəldilmiş bir qurumun həyata keçirdiyi siyasət sertifikatlaşdırma bazarında özü inhisarçılıq yaradır".

DÖVLƏT XİDMƏTİ: QANUNSUZ UYĞUNLUQ SERTİFİKATLARI TƏQDİM EDİBLƏR

Bir neçə gün öncə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaydığı press-relizində bildirib ki. ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarəti gücləndirib.

Xidmətdən Marja-ya daxil olmuş məlumatda qeyd olunub ki, bu məqsədlə aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu sahədə fəaliyyət göstərən bir sıra uyğunluğu qiymətləndirən qurumlar tərəfindən Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin onlara verdiyi icazələrdən (akkreditasiya attestatı) sui-istifadə edilərək sahibkarlıq subyektlərinə qanunsuz uyğunluq sertifikatları və yoxlama haqqında şəhadətnamələr təqdim edilib.

"İstehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin qorunması, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə Dövlət Xidməti tərəfindən bu qurumlar barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və qanun pozuntusuna yol vermiş qurumlara məhkəmə tərəfindən inzibati cərimələr tətbiq edilib",- Xidmətin məlumatında bildirilir.

Dövlət Xidmətinin məlumatında qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən 1 uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası ləğv edilib, 6 qurumun fəaliyyəti müvəqqəti dayandırılıb. Sahibkarlıq subyektlərinə təqdim edilmiş 131 uyğunluq sertifikatı və 5 yoxlama haqqında şəhadətnamənin ləğvi barədə göstəriş verilib. //Marja//

Şərhlər

XƏBƏR LENTİ