SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 2 fevral - Azərbaycan Gəncləri Günüdür

2 fevral - Azərbaycan Gəncləri Günüdür

Tarix:

1-02-2023, 07:48

/ 505 dəfə oxundu.
2 fevral - Azərbaycan Gəncləri Günüdür

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

Əsası Ulu Öndər tərəfindən  qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin və səhiyyənin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırlayır.

Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Mən də bu fikirlə tam razıyam. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə proqres varsa deməli o cəmiyyətdə gənclər də proqressiv, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.
Bu gün qətiyyətlə deyə bilərik ki, biz gənclər Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim Cənab Prezidentimizin yanındayıq. 

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti sayəsində Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti ilə əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Özünü gənc hesab edən hər kəsi təbrik edirəm.

Nicat Mütəllimov
"Saatlı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Direktorun inzibati məsələlər üzrə müavini

Şərhlər

XƏBƏR LENTİ