SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kənddəki pula tamarzı, şəhərdəki məhsula: Aqrar sektor sürünür - NƏ ETMƏLİ?

Kənddəki pula tamarzı, şəhərdəki məhsula: Aqrar sektor sürünür - NƏ ETMƏLİ?

Tarix:

8-12-2022, 15:18

/ 261 dəfə oxundu.
Kənddəki pula tamarzı, şəhərdəki məhsula: Aqrar sektor sürünür - NƏ ETMƏLİ?

 
Yola salmaq üzrə olduğumuz 2022-ci il yüksək inflyasiya və bahalaşma ilə yadda qaldı. Təqaüdçülər üçün əsas artım hər rübdə verilən 50 manat, üstəlik 3 faizlik indeksasiya, muzdla çalışanlar üçün isə 15-20 manat maaş artımından o tərəfə keçmədi. Müstəqil ekspertlər ilboyu bahalaşmanın 45-50 faiz civarında olduğunu, inflyasiyanın 20 faizi keçdiyini bildirirlər. Qiymət artımlarını dünyada gedən iqtisadi böhranla əlaqələndirənlər olsa da, əsas səbəbin inhisarçılıq və məmur oliqarxiyası olduğunu bildirənlər də var.

Paytaxtda meyvə-tərəvəz məhsullarının qiymətləri baha olsa da, regionlarda fermerlər məhsulları dəyər-dəyməzinə satışa çıxarırlar. Bəzən isə onlar əkib-becərdikləri məhsullar üçün müştəri tapa bilmirlər və ərsəyə gətirdikləri məhsullar xarab olur.

 AYNA kənd təsərrüfatı sektorunda yaşanan problemlər, sahələrdə çürüyən məhsullar və fermerlərin üzləşdikləri problemlərə işıq tutmağa çalışıb.

Paytaxtın “Meyvəli bazarı”nda çalışan satıcı İlqar Babayevin sözlərinə görə, bu bazarda qiymətlər nisbətən ucuzdur: “Bunun da əsas səbəbi ticarətçilərin topdansatış qiymətinə məhsulları bu bazardan alması ilə bağlıdır. Hətta parakəndə qiymətləri də ucuzdur. Ötən illə müqayisədə bu il alver çox aşağıdır. Hətta pandemiya dövründə də satışlar bundan yüksək idi. Yeni il qabağı satışların artacağı gözlənilir. Lakin yanvar və fevral aylarında alver o qədər zəif olur ki, nəticədə ciddi zərərə məruz qalırıq. Dekabr ayının əvvəli bu qədər zəif satış varsa, gör yanvar-fevralda bizi nələr gözləyir”.

Bakının “Yaşıl bazar”ından meyvə alan Ruslan Ağayev bildirir ki, qabaqlar həftədə bir dəfə meyvə bazarlığı edirdisə, artıq ayda iki dəfə bazarlıq edə bilir: “Kartof, soğan və göyərtini çıxmaqla, digər meyvə və tərəvəz məhsullarını az istehlak edirik. Çünki bütün ailəyə mən baxıram. Necə çatdırım? Körpə uşaqlar böyüdürəm. Onlar vitamin qəbul etməlidirlər ki, sağlam böyüsünlər. Əks halda dava-dərmana pul xərcləməli oluruq. Mövsümi meyvə və tərəvəzləri ala bilmirik. Ancaq gücümüz çatır ki, evdəkilər heç olmasa hər meyvənin dadına bir dəfə də olsa, baxa bilsinlər”.

DİA.AZ-ın məlumatına görə, vəziyyəti AYNA-ya müsahibəsində dəyərləndirən “Agromix” şirkətinin təsisçisi, aqrar sahə üzrə ekspert Gülpəri Bayramova əvvəla meyvə-tərəvəzin saxlanması məsələsinə diqqət çəkib:

- Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən müasir tələblərə cavab verən saxlanc yerləri olmalıdır. Çox təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir şərait yoxdur. Ən böyük ixrac ölkələrinə nəzər yetirsək, görərik ki, onlar əsas diqqəti məhz bu sahənin inkişafına yönəldirlər. Elə uzağa getməyək, Türkiyə və İranda kənd təsərrüfatı məhsulları “Smart-5” tipli soyuducularda saxlanılır. Bu soyuducu anbarlar məhsulu yetişdiyi dövrdə daha ucuz qiymətə alaraq, sonradan müvafiq əlçatan qiymətlərlə satışına şərait yaradır. Bu, həm bazarda bolluğun yaranmasına şərait yaradır, həm də məhsulların xarab olmasının və sahibkarların zərərə uğramasının qarşısını alır.

Dünyada baş verən müharibələr və sanksiyalar fonunda ərzaq təhlükəsizliyi və təminatı, habelə aqrar sektorun inkişafı baxımından Azərbaycanın da “Smart-5” tipli soyuducu anbarlarla təhciz olunmasına ciddi ehtiyac var. Əgər bu gün Azərbaycanda yetərli səviyyədə “Smart-5” tipli soyuducu anbarları olsaydı, fermerlərin məhsulları xarab olmazdı. Və istehlakçılar olaraq daha sağlam və orqanik məhsullar istehlak edərdik.

Birmənalı şəkildə söyləmək olar ki, məhsulun istehsalı ilə yanaşı, onun satışı da vacib məqamdır və bunu diqqətdən kənarda qoymaq olmaz. Bu baxımdan ərzaq təminatı üçün müvafiq satış nöqtələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, hər bir əkinçinin satış nöqtəsi və məhsulu realizə etmək imkanı yoxdur. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bu məhsulları hökumət alır və saxlanma anbarlarında qoruyur. Bundan sonra isə məhsulun satışını təmin edilməlidir.

O cümlədən regionlarda satış mərkəzləri və məhsulların qablaşdırılması mərkəzləri qurulmalıdır. Çünki yerli fermerlər bir çox hallarda məhsulların qablaşdırılma və çeşidlənməsində çətinlik çəkirlər. Misal üçün, kiloqramı 45 qəpiyə olan kartofu əkinçi də satır, Pakistandan, Türkiyədən, İrandan və Gürcüstandan da idxal olunur. Yerli istehsalı artırmaq üçün aqrar sektor üzrə idxala tətbiq olunan rüsumlar artırılmalıdır. Məhz bütün bunların nəticəsidir ki, mövsüm bitdikdən sonra 1 manata kartof istehlak edə bilmirik.

- “Smart” tipli soyuducu anbar barədə danışdınız. Bu soyutma anbarlarının əsas üstünlükləri nədir?

- Məlumdur ki, mövsümi dövrlərdə bir çox meyvələr daha ucuz qiymətə bazara təklif olunur. Fermerlər böyük çətinliklə bu məhsulları ərsəyə gətirsələr də, satışı zamanı ciddi problemlərlə üzləşirlər. Məsələn, nar, xurma və digər meyvələr - hansı ki, onların istehlak olunması orqanizm üçün çox faydalıdır, bu məhsulları mövsüm dövründə 50 qəpiyə də əldə edə bilirik. Bəzən də elə olur ki, satış nöqtələrindən bu məhsullar zibilliklərə atılır. Fermerlərin müvafiq saxlama şəraiti yoxdur və bu səbəbdən istehlakçılar olaraq bizlər bu məhuslları qış aylarında olduqca baha qiymətə əldə edirik. Bəzən bu məhsulların qiyməti 5 manata qədər yüksəlir. “Smart” tiplu soyuducu anbarlar isə aqrar məhsulları qoruyub saxlamağa şərait yaradır. Nəticədə həm vitaminlərlə zəngin məhsulları əldə edirik, həm fermerləri zərərə uğramaqdan xilas edirik, həm də bazarda bolluğun yaranmasına şərait yaratmış oluruq. Müqayisə aparsaq, görərik ki, məhsulların xarab olması və qış aylarında artan qiymətlər fonunda “Smart” tipli soyuducu anbarları ilə təchizat daha ucuz başa gəlir.

- Fermerlərin maariflənmə səviyyəsi ilə bağlı da müxtəlif fikirlərə rast gəlirik. Bunun üçün hansı addımlar atılmalıdır?

- Fermerin aqrar-texniki bacarıqları və vəsaitləri olsa da, satış prosesində iştirak etməməsi bir çox problemlərə meydan açır. Qədimdən bəri toxumu yerə səpərkən “Allah bazar versin” deyimi də məhz bundan qaynaqlanır. Bir daha söyləmək istəyirəm ki, aqrar sektoru inkişaf etdirmək üçün fermerlərin satış imkanları artırılmalıdır. Təbii ki, əkinçilərin maariflənmə səviyyəsini yüksəldilməsi, onlara təlimlərin keçirilməsi də vacib məqamlardandır.

Digər yandan kənd təsərrüfatı məhsullarının istehsalını təşviq etmək üçün müəyyən addımlar atılmaldıır. Bu əsnada regionların fərdiləşdirilməsi xüsusi yer tutur. Misal üçün, Tovuzda kartof əkilirsə, Cəlilabadda, Lənkəranda, Saatlıda bu, əlverişli olmayacaq. Saatlı və Sabirabad pambıqçılığın əsas vətənidir və bu baxımdan orada əsas diqqət bu sahələrə yönəldilməlidir. Yəni, biz durub Şəmkirdə və Qubada pambıq əkəsi deyilik ki?! Sitrus meyvələri üzrə Lənkəran, pomidor və xiyar məhsulları üzrə Bakı və Şəmkir, xurma Göyçay və Zaqatala - bölgülər buna uyğun aparılmalıdır. Bu, həm regionlarda məşğulluğun artırılmasına, həm də keyfiyyətli məhsulların ərsəyə gəlməsinə gətirib çıxaracaq. Bu xüsuda həmin bölgələri idarə etmək üçün aqrar mərkəzlər təsis olunmalı, həmin mərkəzlər saxlanma, qablaşdırma və çeşidlənmə avadanlıqları ilə təmin edilməlidir. Ərzaq təminatı yaratmağı, ixracı artırmağı və kədlilərin məşğulluğunun artırılmasını hədəfləyiriksə, bu addımların atılması mütləqdir. AYNA

Şərhlər

XƏBƏR LENTİ