
Artıq o möhtəşəm, vüqarlı, eyni zamanda həyəcanlı anlar yaşadığımız 44 gündən iki il ötsə də bizlər hələ də o qürurlu 44 günün sehrindən ayrıla bilmirik. Axı bu sehr bizim qəlbimizindən necə silinə bilər?!
Cənab Prezidentin həyəcanla gözlədiyimiz çıxışları, əlini yumruqtək havaya qaldırıb, gözlərində sevincin atəşi ilə qəhrəman ordumuzun işğalçılardan azad etdiyi rayonların adlarını çəkməsi, millətimizin həsrətin sona yetdiyinin işarəsi olan göz yaşlarını necə unutmaq olar.
Ordusunun hər bir ehtiyacını təmin edən dövlətimizlə bərabər millətimizin orduya yardım üçün bir-biri ilə sanki "mübarizə aparmasını", hamının qəlbinin ordunun addımları ilə döyünməsini unutmaq mümkün deyil. Biz ordusu olan xalq deyilik. Biz milləti ordu olan xalqıq! Cənab Prezident 44 günlük müharibədə uğurlu olmağımızın səbəblərinə də toxundu. O Azərbaycan gəncliyində yüksək vətənpərvərliyin olduğunu, ölkəmizin güclü iqtisadiyyatının, ordumuzun maddi-texniki və fiziki hazırlıq cəhətdən yüksək formada olduğunu, xalqımızın birliyinin, dövlətin düzgün siyasəti nəticəsində yaranmış daxili sabitliyin müharibədəki uğurumuzun açarı olduğunu nitqində aydın şəkildə bəyan etdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir".
Müharibədən çıxmış ölkə olmağımıza rəğmən Azərbaycan iqtisadiyyatı günü-gündən inkişaf edir, çiçəklənir. "Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Müharibədən ötən iki il ərzində işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri aparılır. İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün Azərbaycanın təşəbbüsü ilə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib"-deyə dövlət baçşısı çıxışı zamanı qeyd edib. Zəfər günündəki çıxışında Müzəffər Ali Baş Komandan ölkəmizin Avropa ölkələri, beynəlxalq təşkilatlarla etdiyimiz əməkdaşlıqlar haqqında da xalqımıza geniş informasiya verib: "Beynəlxalq müstəvidə çox fəal işlər aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür. Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq- həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu və digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdə-bir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq."-deyə vurğulayıb.
Kapitulyasiya aktını imzalayan Ermənistanın üzərinə götürdüyü öhdəliklərə laqeyd yanaşmasını, Zəngəzur dəhlizini açmamasına da dövlət başçısı münasibət bildirib. O, ordumuzun Laçın dəhlizi boyunca hərəkət edən maşınlara toxunmadığını, Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, lakin qarşı tərəfin heç bir addım atmadığını, bu işə məsuliyyətsiz yanaşdığını bildirib.
Məscidləri dağıdan Ermənistanın müsəlman dövlətləri ilə dostluq etmək arzusunun da mümkünsüzlüyünü vurğulayıb. Çünki məscidləri dağıtmaq təkcə Azərbaycana qarşı atılmış səhv addım deyil. Bu bütün müsəlman ölkələrinə qarşı Ermənistanın apardığı təcavüzkar siyasətidir. Ermənistanın 13-14 senyabr tarixlərində hərbi təxribatı isə yenə də Ermənistan hökumətinin növbəti səhv addımı idi ki, bunun nəticəsində Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşdi.
Ölkə başçısı çıxışında erməni xalqına da səsləndi: " Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq".
44 günlük müharibənin memarı, Ali Baş Komandan İlham Əliyev bir daha mədəniyyət beşiyimiz, xarıbülbülün vətənindən bütün dünyaya səsləndi və söylədi: "Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzuda bərpa etdik!"
Murad Vəlizadə ,
Salyan rayon Qaraçala qəsəbə inzibati
ərazi dariəsi üzrə nümayəndəsinin müavini , YAP fəalı