SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xələfovun işində KƏLƏFİN UCU... - Araşdırma zərurəti...

Xələfovun işində KƏLƏFİN UCU... - Araşdırma zərurəti...

Tarix:

12-11-2022, 10:57

/ 378 dəfə oxundu.
Xələfovun işində KƏLƏFİN UCU... - Araşdırma zərurəti...

 
..."Təzadlar" qəzeti və "Tezadlar TV" redaksiyasına daxil olmuş bir məlumat bizi nəinki şoka saldı, həm də ciddi araşdırma apararaq inanılmaz faktların üzə çıxarılmasına sövq etdi. Söhbət hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru olan və 2011-ci ildən Bakı Dövlət Universitetinin Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiri ola-ola, həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutmuş Elçin Abuzər oğlu Xələfovun qanunsuz hərəkətindən, Azərbaycanın mövcud qanunvericiliyinə hörmətsizliyindən gedir.

Beləliklə, redaksiyaya daxil olmuş məlumatın izi ilə araşdırmalara başladıq. Məlumatda qeyd edilirdi ki, Elçin Xələfov 2011-ci ildən BDU-nun Mülki proses və Kommersiya hüququ kafedrasının tam ştatlı müdiridir. Amma o kimlərinsə sayəsində həm də Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının tam ştatlı prorektoru və rektor əvəzi vəzifəsini tutur. Faktın dəqiqliyini və mötəbər sübutlara söykəndiyini öyrənmək üçün əvvəlcə BDU-nun rəsmi saytına daxil olduq. Bəli, Elçin Xələfov yuxarıda qeyd edilən kafedranın müdiridir. O, eyni zamanda Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının 10 ildən çoxdur prorektoru və rektor əvəzi vəzifəsini tutub (Bir müddət əvvəl akademiyaya Şahin Əliyev təyin edilib, Elçin Xələfov yenə də prorektordur). Bəs bu necə mümkün ola bilər??? Axı Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi eyni vaxtda tam ştatlı bir neçə vəzifəni tutmağı qadağan edir. Üstəlik, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru və rektor əvəzi vəzifəsi Dövlət qulluğudur. Elə isə, Prezident yanında Dövlət Qulluğu Komissiyası bu fakta, daha doğrusu, bu inanılmaz qanunsuzluğa necə göz yumub?

Axı iki müxtəlif yüksək statuslu və tam ştatlı vəzifəni tutmaq nəinki qanunveticilikdə qadağandır, həm də fiziki cəhətdən mümkünsüzdür. 8 saatlıq iş saatını BDU-da yerinə yetirən Elçin Xələfov daha 8 saatlıq iş saatını Ədliyyə Nazirliyinin Akademiyasındakı iki məsul vəzifəsində necə icra edib? Bu vəzifələrin biri, məsələn, hansısa mal fermasında gözətçi işləmək olsaydı, bəlkə də bunu bir təhər başa düşmək olardı. Amma iş saatı səhər saat 09-dan axşam saat 18:00-da tamamlanan iki yüksək statuslu iş yerində bu necə baş tuta bilib?

Araşdırmalarımız bir sensasion faktı da üzə çıxardı: Ədliyyə Nazirliyinin Akademiyasının həm prorektoru vəzifəsini tutub, həm də Akademiyanın rektoru vəzifəsini icra edən yazımızın baş qəhrəmanının vəzifə maaşı təxminən 3 min manatdır. Biz hələ bu vəzifəyə görə ayrılan xidməti avtomobilə çəkilən büdcə məsrəflərini, digər imtiyazlardan istifadəni demirik. Beləliklə, Elçin Xələfovun 10 il ərzində Ermənistanla müharibə vəziyyətində olan, 1 milyondan çox qaçqın və məcburi köçkünün problemlərinə çiyin verən Azərbaycanın Dövlət büdcəsindən nə az, nə çox, düz 360 min manat vəzifə maaşını qanunsuz olaraq alması narahatlıq doğurmaya bilməz. Digər məsrəfləri, imtiyazları və s. də üstünə gəlsək, Dövlət büdcəsinə yarım milyondan çox ziyan vurulduğu şübhə doğurmur. Bu həm də büdcə vəsaitini talamadır.


Bu hələ harasıdır, Elçin Xələfov eyni müddətdə BDU-nun kafedra müdiri vəzifəsini tutmaqdan əlavə, öz kafedrasında 0,5 ştat əvəzçiliyi ilə dərs də deyib, həm də dosent kimi çalışıb. Bəs bu iki vəzifə necə icra edilib???

XXX

İndi bu suallarımıza cavab istərdik:

1. Çox hörmətli ədliyyə naziri Fikrət Məmmədov 10 il ərzində Azərbaycanın Dövlət büdcə vəsaitinin bu talama cinayətinə necə icazə verib??? Doörudanmı nazirə bu barədə məlumat verən olmayıb??.

2. Bəs Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU kimi nüfuzlu elm və təhsil ocağında baş verən bu ciddi qanunsuzluğa nə deyərdi?

3. Bəs hər il büdcədən maliyyələşən dövlət qurumlarında audit aparan Auditorlar Palatasında bu maliyyə dolaşıqlığını doğrudanmı görüb bilən olmayıb? Amma redaksiyamıza bu sualla bağlı maraqlı açıqlamalar verilib...

4. Bəs BDU-nun hüquq fakültəsinin dekanı vəzifəsinə təzə təyin edilmiş Zaur Əliyev bu qanunsuz əməldən həqiqətənmi xəbərsizdir??? BDU-dan şifahi sorğumuzu cavablandıran etibarlı mənbəmiz qeyd etdi ki, Zaur Əliyev gözlənilən ümidləri doğrulda bilmir, o, bu qanunsuzluqdan məlumatlı olmaya bilməz. Çünki dekanın vəzifəsi həm də professor və müəllimlərin işdə iştirakına nəzarət etmək, qeyd jurnalında imzalarını yoxlamaq, kafedralardakı davamiyyətə nəzarət etməkdir. Zaur Əliyev kafedra müdiri Elçin Xələfovun hansı auditoriyada dərs dediyindən xəbərdar deyil ki?! Guya Zaur Əliyev bilmir ki, Elçin Xələfovun dərslərini onun əvəzindən kim deyir?! Bilmirsə, biz apardığımız müşahidələrin nəticəsini açıqlaya bilərik(Əlimizdə fakt var ki, Elçin Xələfov fərqli məkanda tədbirlərdə olub, amma həmin vaxtlarda onun auditoriyada dərs saatı var idi).

5. Yaxşı, ədliyyə naziri Fikrət Məmmədov kimlərəsə görə Elçin Xələfovun qanunsuz əməllərinə və büdcə vəsaitlərini talama cinayətlinə susub, bəs təhsil Naziri Emin Əmrullayev doğrudanmı bu qanunsuzluqlardan, təhsilimizə baş ucalığı gətirməyən əməllərdən xəbərsizdir? Xəbərsizdirsə, artıq biz xəbərdar etdik.

6. Sonda: bəs Prezident yanında Dövlət Qulluğu Komissiyasının üzvləri necə, onlar da Elçin Xələfovun Büdcə vəsaitini talama əməllərindən xəbərdar deyillər? Niyə belə bir vəzifə qanunsuzluğuna göz yumublar???

XXX

...Biz daxil olan şikayətləri araşdırdıq, "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq şikayətin əsaslılığını yoxladıq. Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq. Əslində, Elçin Xələfovun elektron poçtuna sorğu da göndərdik. Hələki cavab yoxdur. Bir tərəfdən də, burada nə mövqe ola bilər ki?! Elçin Xələfov BDU-dakı, Ədliyyə Nazirliyindəki vəzifələrini danacaq ki?! Bəlkə dərs deməli olduğu auditoriyalarda tələbələr qarşısına çıxardığı əvəzçisini də danacaq? Əlimizdə kifayət qədər sübutlar var, növbəti yazılarda təqdim olunacaq.

Lap sonda isə sözümüz Auditorlar Palatasının və Baş Prokurorluğun rəhbərliyinədir. İnanırıq ki, rəsmi qaydada təqdim göndərəcəyimiz sübutlar dəqiqliklə araşdırılacaq və redaksiyaya qanunvericiliyin tələbləri səviyyəsində rəsmi cavabın verilməsi təmin ediləcək. Məsələ isə ciddidir. 10 il ərzində talanan yarım milyonluq vəsaitə indi bərpa edilən Şuşada, Ağdamda, Füzulidə... böyük ehtiyac var...

Mövzuya qayıdılacaq.

"Təzadlar"ın Araşdırma Qrupu

Şərhlər

XƏBƏR LENTİ