SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kiçikli kəndinin su PROBLEMİ: Ağdam RİH başçısı vədinə əməl etmir - Sakinlər çarəsiz vəziyyətdədirlər

Kiçikli kəndinin su PROBLEMİ: Ağdam RİH başçısı vədinə əməl etmir - Sakinlər çarəsiz vəziyyətdədirlər

Tarix:

30-08-2022, 16:48

/ 561 dəfə oxundu.
Kiçikli kəndinin su PROBLEMİ: Ağdam RİH başçısı vədinə əməl etmir - Sakinlər çarəsiz vəziyyətdədirlər

 
Ağdam rayon Kiçikli kənd sakinləri susuzluqdan əziyyət çəkirlər.

Kiçikli kəndində 60 il öncə qurulan artezian quyusu 3 il əvvəl quruyub. Bir ildir tamamilə quruyan artezian quyusu kəndin acınacaqlı hala düşməsinə səbəb olub.

3 il əvvəl artezianın suyu azalanda kənd sakinləri aidiyyəti quruma üz tutublar.

Ağdam Mexaniki Suvarma İdarəsinin işçiləri quyunu yenidən bərpa etmək istəsələr də, onların cəhdləri uğursuz alınıb və belə qərara gəlinib ki, yeni quyu qazılmalıdır. Lakin yeni quyu hələ də qazılmayıb. Beləcə kənd sakinləri, ağaclar və heyvanlar susuzluqdan əziyyət çəkirlər.

Kənd sakinlərinin sözlərinə görə, artıq bir neçə ailə su probleminə görə kənddən köçüb. Bir çoxlarının həyətindəki ağaclar quruyub.

Kiçikli kənd sakini, fermer Əhmədli Nazimin sözlərinə görə, Ağdam Rayon İcra Hakimiyyəti məsələyə biganə yanaşır:

“3 il əvvəl artezianın suyu azalmışdı, yazda isə artezianın suyu tamamilə qurudu. Əvvəl yenə içməli suyu götürə bilirdik, indi içməli suyumuz belə yoxdur.

May ayından bu günə kimi həftədə bir dəfə 25-dən çox kənd sakini Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun qəbulunda olub. Görüşlərin hər dəfəsində də söz verilib ki, quyu qazılacaq”.

Kiçikli kənd sakinlərinə, demək olar ki, 3 ildir ancaq söz verirlər, lakin vəziyyətlə yerində tanış olanda əmələ rast gəlmirsən. Yəni söz sadəcə söz olaraq havada qalıb.

Kənd lilər isə pul verib su almağa məcburdurlar. Sakinlərin sözlərinə görə, icra hakimiyyətinə çox get-gəldən sonra icra başçısı “Kamaz”la kəndə su çatdırılması barədə göstəriş verib.

2-3 gündən bir 18 tonluq su çəni gəlib kənd əhalisinə su paylayır. Ailə başına həftədə 1 ton su düşür. Həftədə bir ton su ilə həm çimməlisən, həm əl-üzünü yumalısan, həm toyuq-cücə, həm də mal-qara bu sudan istifadə etməlidir. Aydın məsələdir ki, bir ton su bir ailəyə nəinki bir həftə, heç bir gün belə bəs etməz.

Kiçikli sakinləri bildirir ki, kəndin su götürə biləcəyi digər artezian isə 800 metr uzaqlıqdadır. Dünya Marsla əlləşdiyi bir zamanda Azərbaycanda kənd sakinləri 800 metrdən daha asan necə su gətirməyin yolu üstündə baş sındırır.

Maraqlıdır, bir artezian quyusu qazmaq niyə bu qədər çətin olmalıdır?

Kiçikli kəndi kənardan baxanda digər kəndlərdən rənginə görə seçilir. Digər kəndlər yaşıl rəngdə görünür, Kiçikli isə susuzluqdan bozarıb.

Kiçikli kəndi susuzluqdan adına uyğunlaşır – kiçilir: Əhalisi köçür, ağacları quruyur, heyvanları azalır, qısası, ölür…
www.yenicag.az

Şərhlər

XƏBƏR LENTİ