XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki...” - Qazilərə yaşadılan CƏHƏNNƏM

“Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki...” - Qazilərə yaşadılan CƏHƏNNƏM

“Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki...” - Qazilərə yaşadılan CƏHƏNNƏM
2-06-2022, 17:46

 
“Biz deyəndə ki, filankəs bizim millətdən, bizim dindən deyil, başlayırlar, üstümüzə gəlməyə”. 


Xalqxeber.az xəbər verir ki, bu fikirləri mayın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Qarabağ qaziləri ilə bağlı baş verən insidentə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, dövlət bu məsələ barəsində ciddi düşünməli və ölçü götürməlidir:

“Sahil Babayevin nazirliyində bu kimi halların baş verməsi çox müəammalı məsələdir. Həmin nazirliyin o qədər idarələri, şöbələri var… Necə ola bilər ki, onlar bu məsələyə belə laqeyd yanaşsınlar? Doğrudur, biz bu barədə deyirik, danışırıq, amma sonra da müxtəlif yerlərdən təzyiqlərlə üzləşirik, top atəşinə tutuluruq…

Bu, həqiqətən, dövlətə utanc gətirən bir məsələdir. Qazilərimiz Vətən müharibəsində canlarını qoyublar, prezidentimiz İlham Əliyev hər zaman onlara dəstək olub, Mehriban xanım onların qayğısını çəkib. Görünür, cənab prezidentə və Mehriban xanıma çatdırılmır ki, qazilərimizi bu cür incidirlər.

Açıq deyim ki, bu çox qorxulu haldır. Mən olduqca narahatam ki, görəsən, o nazirliyin şöbələri, idarələrinin bütün bunlardan xəbəri yoxdur? Əgər varsa, niyə tədbir görmürlər? Dövlət bu məsələ barəsində ciddi düşünməli, ölçü götürməlidir. Bir gün eşidirik ki, bir qazi özünü asdı, başqa gün digər qazimiz canına qıydı… Belə olmaz axı. Biz maksimum çalışmalıyıq ki, qazilərimiz stresdən çıxsınlar. Ancaq nazirliyin onlara münasibətdə bu qədər səhvə yol verməsi məni düşündürür.

Kiminsə kimdənsə hayıf aldığını deyəndə təzyiqlə üzləşirik ki, niyə belə danışırsız? Yaxşı, biz danışmırıq, buyurun, tədbir görün. Belə vəziyyətlərdə düşmənin əlinə fakt verirlər, erməni saytları toy-bayram edirlər ki, bizi məhv eləyən Azərbaycan qazilərinə orada qiymət qoymurlar. Biz deyəndə ki, filankəs bizim millətdən, bizim dindən deyil, başlayırlar, üstümüzə gəlməyə… Ancaq qazilərimizə göstərilən o münasibətə görə bizim vicdanımız ağrıyır. İnanıram ki, bu məsələ cənab prezidentə çatdırılsa, o bunu çox tez və qəti şəkildə həll edəcək.

Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki, bu dərəcədə ərköyünlük olmaz… Qazilərin müavinətlərini artırmaq, müalicələrini təşkil etmək həllolunmaz məsələ deyil axı… Mən özüm də bu barədə müəyyən dairələrə çatdırım ki, bu, Azərbaycana qarşı çox böyük provokasiyadır. Bunu da törədənlər öz içimizdəkilərdir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.