SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Gəncə yollarında acınacaqlı vəziyyət - VIDEO

Gəncə yollarında acınacaqlı vəziyyət - VIDEO

Tarix:

28-05-2022, 13:42

/ 583 dəfə oxundu.
Gəncə yollarında acınacaqlı vəziyyət - VIDEO

Son zamanlar respublikanın digər şəhər və rayonlarından, o cümlədən ikinci böyük şəhər olan Gəncədən Xalqxeber.az qaynar xəttinə bir qrup gəncin avtomobillər ilə yollarda təhlükə yaratması barədə müraciətlər daxil olurdu. Bu sahədə media olaraq biz hər zaman Yol Polisinə dəstək verərək belə halların qarşısını almağa çalışmışıq. Ona görə də, Xalqxeber.az əməkdaşları bu dəfə Gəncə şəhərinə yollandı. Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsinin və Post Patrul Xidmətinin əməkdaşlarının iştirakı ilə reydə qoşulduq. Buyurun, özünüz görüntülərə baxın. Avtomobili nömrəsiz, dörd bir yanı plyonkalı, konstruksiya dəyişikliyi edərək idarə edənlər saymaqla bitmir. Hələ bu görüntülər bir neçə saat ərzində qeydə alınıb. 
Təəssüf ki, qayda pozanların əksəriyyəti də Vətən müharibəsi iştirakçısı, qazi, veteran idi. Elə Yol Polisi əməkdaşları da belə hallara görə müəyyən qədər çıxılmaz vəziyyətdə qalır. Hətta saxlanılan bütün qazilər etiraf edirdilər ki, əməkdaşlar daim onlara hörmətlə, izzətlə yanaşır, hətta müəyyən qayda pozuntularına qarşı humanist davranırlar. Amma təəssüf ki, bundan sui-istifadə edənlər var. Əməkdaşlar qeyd edirlər ki, belə kobud hallara qarşı qanuni tədbir görmək istəyəndə, protokol tərtib edəndə, avtomobili cərimə meydançasına aparanda da həmin bu qazi qardaşlarımız hay-küy salır, polisin onları incitdiyini, onlara hörmət etmədiyini car çəkirlər. Müəyyən şəxslər də bilib-bilmədən bu halları videoçəkiliş edir və "polis qazini incitdi və s" başlığı ilə paylaşırlar. Belə hallara görə polis də qalır çıxılmaz vəziyyətdə. 

Ey bizim qazi qardaşlarımız, çox xahiş edirik, bizi düzgün başa düşün. Bu Vətən uğrunda döyüşən, qazi olan, yaralanan, hətta yalnız hərbi formanı geyinib heç düşməni görməyənlər belə ən gözəl həyatı yaşamalıdır. Maddi korluq çəkməməlidir. Lap ən son model avtomobil sürməlidir. Biz də görürük ki, bir çox hallarda məmurlar, yerli icra orqanları sizi incidir, haqqınızı vermirlər. Sizə qarşı layiq olmadığınız münasibət göstərirlər. İnanırıq ki, onlar da zamanla öz cəzalarını çəkəcəklər. Amma sizə qurban olaq, Vətən yolunda xidmət etmək sizə digərlərinə qarşı təhlükə yaşatmaq, sizə olunan hörmətdən sui istifadə etmək haqqı vermir axı. Bəs başqa vaxt "Vətən bizim anamızdır" deyirik. Kimsə öz anasına qarşı etdiyi yaxşılığı, anasına etdiyi qulluğu sonradan anasına minnət vurub "mən sənin uğrunda fədakarlıq etmişəm" deyirmi?! 


Onsuz da heç bir təhlükəsizlik normativlərinə cavab verməyən "VAZ", "NAZ Lifan" markalı avtomobillərə konstruksiya dəyişikliyi etməyin hansı təhlükələr yarada biləcəyini düşünmürsünüzmü? Siz bu vətəni, bu xalqı düşməndən qorumusunuz. Sizin sayənizdə erməninin öldürə bilmədiyi bir xalqı siz yolda, avtoqəzalarda öldürməyi necə qəbul edə bilərsiniz?! Qətiyyən buna "Hadisədir də, olanda olur" kimi baxmayaq. Bəli, müəyyən hadisələr var ki, ondan qaçmaq olmur. Amma ağıl var, məntiq var axı. Sən bu təhlükəni qəsdən yaradırsan, bu konstruksiya dəyişikliyini özün bilə-bilə edirsən axı. 

Bir daha deyirik, şəxsən biz düşünürük ki, bu ölkədə ən yüksək rifah halında yaşamalı olan sizsiniz, siz VAZ yox, ən son model, ən bahalı avtomobillərə layiqsiniz. Amma nə olar qaydalar səviyyəsində hərəkət edək. Əvvəla özünüzə, sonra başqalarına təhlükə yaşatmayın. İnanırıq ki, bu xəbəri də bir media qurumunun yox, bir dostunuzun, yaxınınızın, sizi həqiqətən sevən həmvətənlərinizin acizanə xahişi olaraq qəbul edər və dəyərləndirərsiniz. İmkan verməyin ki, Qazi sözü pərdə, plyonka, konstruksiya dəyişikliyi, nömrəsiz avtomobil səviyyəsində ucuzlaşsın. Vətən uğrunda atdığınız hər addıma canımız fəda.

Şərhlər

XƏBƏR LENTİ