XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Lotu Qulini Kərəm Həsənovun otelində kim və niyə öldürtdürüb? – İzlər bir ünvana aparır...

Lotu Qulini Kərəm Həsənovun otelində kim və niyə öldürtdürüb? – İzlər bir ünvana aparır...

Lotu Qulini Kərəm Həsənovun otelində kim və niyə öldürtdürüb? – İzlər bir ünvana aparır...
20-05-2022, 02:30

 
Tanınmış iş adamı Mübariz Mənsimovun jurnalist Əvəz Zeynallıya müsahibəsi geniş rezonans doğurmaqla yanaşı, bir sıra yeni məqamları üzə çıxarıb.


AFN.az xatırladır ki, bir neçə gün öncə verdiyi müsahibəsində M.Mənsimov ötən il qətlə yetirilən Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovla bağlı açıqlama verib. İş adamının sözlərinə görə, avtoritet onu öldürmək üçün görəvləndirilib, lakin tapşırığı yerinə yetirə bilməyib. Daha sonra İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun ərizəsi ilə N.Səlifovu Türkiyədən deportasiya edib. Bütün bunlar 2018-ci ildə baş verib. Sonra isə N.Səlifov yenidən Türkiyəyə gedib və bir həftə sonra orada qətlə yetirilib.

Anar Əliyev

Qətlin təfərrüatları haqda isə çox yazılıb. Bir daha xatırladaq ki, avtoritet keçmiş Dövlət Əmlak Komitəsinin sədri, hazırda isə Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri olan Kərəm Həsənova məxsus olduğu bildirilən “Alva Donna Exclusive Hotel & Spa” adlı turistik mərkəzdə qətlə yetirilib. Müsahibənin müəllifi jurnalist Əvəz Zeynallının sözlərinə görə, Nadir Səlifov qətlindən bir müddət öncə “Alva Donna” oteli, orada işçilərin hüquqlarının tapdanması, azərbaycanlıların otelə girişinin yasaqlanması və otelin K.Həsənova məxsus olması ilə bağlı sosial şəbəkələrdə yazdığı statusa görə ona zəng edib. Jurnalist bildirib ki, avtoritetlə əvvəldən münasibəti olduğu üçün onun xahişi ilə həmin statusu silib. Bundan bir qədər sonra isə Lotu Quli elə həmin oteldə qətlə yetirilib. Bununla bağlı aşağıda təqdim etdiyimiz videoda geniş işləyə bilərsiniz.

Qeyd etdiyimiz kimi, M.Mənsimovun və Ə.Zeynallının açıqlaması bəzi qaranlıq məqamların aydınlaşmasına səbəb olub. Görünən odur ki, Lotu Quli işini bacarmadığı üçün qətlə yetirilib. Hətta onu öldürən Xan Əhmədlinski adlı avtoritetə 4 milyon dollar verildiyi barədə də söz-söhbət bir müddət aktual oldu. Lakin bu “mükafat”ın ona kim tərəfindən verildiyi haqda dəqiq informasiyalar yoxdur. M.Mənsimovun açıqlamasından isə ortaya ciddi suallar çıxır: Xan Əhmədlinskiyə Lotu Qulini öldürmək üçün pulu Anar Əliyev verə bilərmi? Bu, həmin Anar Əliyevdir ki, 2018-ci ildə onun tapşırığı ilə N.Səlifov M.Mənsimova zəng edərək, onun haqqında pis danışmamağı tapşırıb. Bu haqda da iş adamı özü sözügedən müsahibəsində açıqlama verib: “2018-ci ilin yay aylarında mənə İtaliya nömrəsindən zəng gəldi. Açdım telefonu, dedilər ki, mən Lotu Quluyam. Dedim mən də Mübarizəm. Dedi ki, bizim qardaşımız haqqında çox pis şeylər danışırsan, danışmamaq lazımdır. Soruşdum kimdi sizin qardaşınız? Cavab verdi ki, Anar Əliyev. Mən söydüm və o məndən üzr istəyib telefonu qapatdı. Heç bir zaman heç bir mafiya bizə diş keçirə bilməz”.

Kərəm Həsənov

Onu da xatırlatmaq yerinə düşər ki, Anar Əliyev SOCAR-ın sabiq prezidenti, iqtisadi inkişaf nazirinin müavini Rövnəq Abdullayevin dayısı oğludur. Eyni zamanda onun bir sıra işlərinin icraçısıdır, həmçinin də onun media siyasətini idarə edən şəxsdir.

Maraqlıdır ki, Lotu Quli kifayət qədər tanınmış kriminal avtoritet idi. Onun qətli kriminal aləmdə ciddi çaxnaşmalara səbəb olmalı idi. Təbii ki, əgər qətlin səbəbi kriminal aləmdəki intriqalar olsaydı. Lakin bunlar müşahidə edilmədi. Məsələn, Lotu Qulinin dəfninə Rövşən Lənkəranski kimi dünya avtoritetləri axışmadı. Heç o aləmdə hüzrü də tutulmadı. Bunlar bəlkə ilk baxışdan xırda məsələ təsiri bağışlaya bilər, amma əslində kifayət qədər ciddi təfərrüatlardır. Bir kriminal avtoritet üzərinə götürdüyü işi bacarmadığı üçün qətlə yetirilirsə o aləmdə ardınca sadəcə susqunluq yaşanar. Lotu Qulinin qardaşı 2013-cü ilin avqustunda qanuni oğru statusu almış Namiq Bakinski kimi tanınan Namiq Səlifov özünü onun varisi elan etsə də, hələlik kriminal aləmdə bunun qəbul olunması haqda ciddi məlumatlar yoxdur. Əskinə, bir müddət əvvəl Namiq Səlifovun oğru adından məhrum edilməsinə “proqon” verilməsilə bağlı məlumat yer alıb. Namiq Səlifovun “oğru” titulundan məhrum edilməsi barədə qərarın Rusiya yeraltı dünyasının lideri, “qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) rəhbərlik etdiyi 20 tanınmış kriminal avtoritet tərəfindən verildiyi bildirilib. Müvafiq “proqon” üçün bütün cinayət dünyasına müraciət olunduğu iddia edilib. Düzdür, bu məlumat sonradan təkzib edildi, amma əksi də sübut olunmayıb. Sual yaranır: Lotu Quli Kərəm Həsənovun otelinin təəssübünü çəkirsə, necə olur elə orada da qətlə yetirilir? Hər bir halda, bu proseslər idarə olunub desək, yanılmarıq. Kim tərəfindən idarə olunub? Cavabın axtarışları isə izi məhz Anar Əliyevə doğru istiqamətləndirir. Avtoritetin qətlinin üstündən “su içilməsi” də bunu deməyə əsas verir.
Mövzunu diqqətdə saxlayacağıq.

AFN.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.