SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fermerlərin məhsulu batır, nazirlik isə yatır... - İnam Kərimov NƏ İŞƏ YARAYIR?

Fermerlərin məhsulu batır, nazirlik isə yatır... - İnam Kərimov NƏ İŞƏ YARAYIR?

Tarix:

29-03-2022, 12:49

/ 454 dəfə oxundu.
Fermerlərin məhsulu batır, nazirlik isə yatır... - İnam Kərimov NƏ İŞƏ YARAYIR?

 
Azərbaycandan xurma ixrac edən onlarla kəndli-fermer Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və rublun dəyərdən düşməsi ilə iki əsas bazarını itirib. Məhsulunu sata bilməyən fermerlər min-bir əziyyətlə, xərclə başa gəlmiş xurmanı zibilə tullamağa məcbur qalıblar.

Söhbətləşdiyimiz fermerlər bildiriblər ki, Rusiyaya göndərilmiş xurmaların bir hissəsi yolda xarab olub, məhsulunu bazara çıxara bilənlər isə rublun dəyərini itirməsi ilə qəpik-quruş qazanıblar. Qazandıqları pul soyuducu anbarların xərcini güclə ödəyib.

Göyçaylı fermer Rəhim Salmanov deyib ki, onların əsas bazarı Rusiya və Ukraynadır. Onsuz da son bir-iki ildir məhsullarını satmaqda çətinlik çəkirlər, müharibə də üstəlik vəziyyəti daha da pisləşdirib.

“Daşınma xərci iki dəfədən çox artdı...”

“Ukraynaya məlum səbəbdən məhsul göndərə bilmədik. Rusiyaya isə daşınma xərci iki dəfədən çox artaraq dörd-beş min dollara çatdı. Təsəvvür edin, məhsul göndəriləndən bəri rubl bir neçə dəfə dəyərini itirib. Bu azmış kimi Rusiyadan pul çıxarılması da çətinləşib. O zaman satdığımız malın pulunu necə alacağıq? Hələ bunun gömrük rüsumundan danışmıram”, - fermer bildirib.

R.Salmanov edib ki, soyuducu anbarlarda məhsul saxlamaq kəndli-fermer üçün sərfəli deyil: “Yanvarın 15-dək soyuducu anbarda məhsul saxlamaq hər 9 kiloqramlıq yük üçün 2 manat 50 qəpiyə başa gəlirdi. Yanvarın 15-dən sonra hər kiloqram üçün 4-5 qəpik tələb etməyə başladılar. Çünki soyuducu anbarların tutumu böyükdür, sahibkara da sərf etmir”.

Göyçayda xurmanı çay kənarlarına tökürlər

Fermer qeyd edib ki, ona çəkdiyi zəhmət və zərərlə bağlı danışmaq ağrılıdır. Bütün ilboyu çəkdiyi zəhmətin bəhrəsini görməyib. Bu mövsümdə ən azı 50 min manatdan artıq zərəri olub. Halbuki əvvəllər xurma neçə ailənin dolanışıq mənbəyi olub. Buna görə də xurma bağını daha sərfəli meyvə ağacları ilə əvəz etməyi düşünür.

Digər fermer isə adının çəkilməsinə ehtiyac görməyib, deyir ki, onsuz da xurma istehsalı ilə məşğul olan kəndli-fermerlərin əksəriyyəti onun vəziyyətindədir. Xurma ilə bağlı real vəziyyəti görmək üçün mövsümdə Göyçaya gəlmək kifayətdir. Çünki rayonda zay olmuş məhsullar çayın kənarlarına atılır.

Fermer bildirib ki, xərclər artıb, indi bir hektar xurma bağının becərilməsi təxminən 3 min manata başa gəlir. Xurma istehsalçıları əsasən Rusiya və Ukrayna hesabına dolanır, qazanc götürə bilirdilər: “Tək Göyçay deyil, Şəmkir və şimal rayonlarındakı tanış fermerlərlə də əlaqə saxlayırıq. Fermerlərin çoxu bu vəziyyətə düşüb, məhsul bol olub, sata bilməyiblər, nəticədə tökülüb qalıb”.

10 min tondan artıq məhsul zay oldu

Fermerlərdən biri Orucəli Qəniyev isə bildirib ki, o mövsümdə məhsullarını yerli bazarda 8 kiloqramını 6 manatdan sata bilib. Məhsulu çox olmadığından zərərlə də üzləşməyib. Qəniyev məhsulunu saxlayanlardan fərqli olaraq dərhal satanların zərərə düşmədiyini də qeyd edib.

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə bildirib ki, on min tondan artıq məhsul zay olub, yüzlərlə fermer ziyana düşüb: “Onsuz da ötən ildən Rusiya bazarında alıcılıq qabiliyyəti kəskin azalmışdı, Azərbaycandan bu ölkəyə ixrac olunan xurmanın bazarlarda satışı xeyli zəifləmişdi”.

Q.Yusifov xurma ixracında başqa bazarların olması ilə bağlı təkliflərlə çıxış edib. Çünki yerli bazar o qədər məhsulu qəbul edə bilmir. Fermer isə təkbaşına yeni bazar axtara, məhsulunu çıxara bilmir.

Qeyd edək ki, kəndli-fermerlər xurmanı soyuducu anbarlarda saxlayıb, qış aylarında Rusiya və Ukraynaya ixrac edirlər. Anbarlarda mal qaldıqca maya dəyərinə təsir edir, amma adətən xarici bazarda xurma yerli bazardan bir neçə dəfə baha satıldı. İndi isə əsas iki bazarı itirmək xurma istehsalçılarına ciddi zərbədir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü ərəfəsində Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin qatarlarla daşınmasını nəzərdə tutan “Aqroekspress” layihəsi işə düşmüşdü və bu layihə çərçivəsində Azərbaycandan Rusiyaya o cümlədən xurma yüklü qatarlar yola salınmışdı. Yüklərin qatarlarla daşınması fermerlər üçün xeyli sərfəli olmalı idi, çünki bu həm malın daha tez çatdırılması, həm daşınma xərclərinin azalmasına gətirib çıxaracaqdı. Lakin müharibə vəziyyəti mürəkkəbləşdirib və indi azərbaycanlı fermerlər Rusiya bazarına həm ötən payızdan qalma meyvəni, həm faraş tərəvəzi çatdırmaqda bir sıra çətinliklərlə üzləşiblər.
virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ