Tarif Şurası tərəfindən ölkəyə daxil olan yeni dərmanların qiymətlərinin tənzimlənməsindən sonra bəzi dərman vasitələrinin qiymətində artım müşahidə olunur.
Məsələn, depresiya müalicəsində istifadə olunan Türkiyə istehsalı prozac dərmanının qiyməti 24 manat (artıq bir çox apteklərdə 27 manata da satılır, Naxçıvanda isə bu dərman vasitəsinin qiyməti 13 manatdır) epilepsiyanın müalicəsində istifadə edilən dərman vasitəsi "epinex 500mq"-in qiyməti isə 37 manatdır. Çox güman ki, bu dərmanın da qiyməti yaxın günlərdə bir neçə manat artacaq. Aylıq gəliri 450-500 manat məbləğində olan vətəndaşlar var ki, onların ailə tərkibində bu dərmanlardan istifadə edilir və hətta bu dərmanlar zəruri hesab edilir. Ancaq gəlirləri kifayət etmədiyindən, ay sonunda ya dərmanları ala bilmirlər, ya da həkimlə məsləhətləşmədən dərmanların miqdar və dozalarında özbaşına dəyişiklik edirlər. Bu da sonunda bəzi fəsadlara səbəb olur. Təbii ki, həkimə müraciət etməmələri də gəlirləri ilə əlaqədardır. Çünki əksər xəstələr özəl klinikalara müraciət edirlər və burada həkim qəbulu üçün də əlavə xərc çəkməli olurlar. Həmin şəxslər bu dərman vasitələrini asan və ucuz bir şəkildə əldə etmələri üçün İcbari Tibbi Sığortaya hansı şəkildə müraciət etməlidirlər? Bu insanlar üçün ümumi səhiyyə sistemində hansı asanlıqlar yaradılıb? Dərman qiymətlərinin artması ilə bir neçə qurum arasında qalıb, get-gələ düşən xəstə vətəndaşlar var ki, onlar öz dərmanlarını az gəlir səbəbindən vaxtlı-vaxtında alıb, qəbul edə bilmirlər. Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfində belə bahalı dərmanların nisbətən ucuz əldə oluna bilməsi üçün hansı tətbiqlərdən istifadə edilir? İcbari Tibbi Sığorta belə bahalı dərman vasitələrinin xəstələr üçün əlçatan, sərfəli olmasında hansısa zəruri addımlar atıbmı?
Xalqxeber.az-ın məlumatına görə, suallarla əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizimyol.info-ya bildirilib ki, İcbari tibbi sığorta çərçivəsində epilepsiya xəstəliyinin aşağıdakı tibbi xidmətlər üzrə stasionar terapevtik yatışı Xidmətlər Zərfi ilə təminata alınır:
“Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar;
Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar;
Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar;
Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar;
Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri;
Xüsusi epileptik sindromlar;
Diskinetik serebral iflic;
Epilepsiyanın digər formaları;
Epileptik status grand mal (generalizə olunmuş);
Epileptik status [petit mal> (kiçik tutmalar);
Mürəkkəb parsial epileptik status;
Digər dəqiqləşdirilmiş epileptik status.
Məlumat üçün bildirək ki, stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində təmin edilir. Habelə, tibb müəssisəsində ambulator tibbi yardım çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi ilə təminata alınır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur. Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur. Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.
Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir.
Eyni zamanda Agentliyə müharibə iştirakçısı, şəhid ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman preparatları ödənişsiz təqdim olunur. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən təchiz edilən dərman preparatlarını regional psixoloji yardım mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə etmək olar.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil. Gələcəkdə resept əsasında təyin olunan dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təminata alınması həyata keçirilərsə, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.