SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...

Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...

Tarix:

11-09-2021, 11:43

/ 300 dəfə oxundu.
Səhiyyə sistemində RƏSMİ ÖZBAŞINALIQ... - Nə vaxta qdərə ki qanun qəbul edilməyib...


Həkim səhvi üzündən baş verən hadisələr pasiyentlərə bəzən həyatı bahasına başa gəlsə də, belə həkimlər öz fəaliyyətini davam etdirirlər. Bu günlərdə mətbuatda yayılan məlumata görə, daha bir həkim səhvi nəticəsində xəstə ölümlə üz-üzə qalıb. Belə ki, Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub. Səkkiz ay bu səbəbdən ağrı-acı çəkən şəxsə sonradan xərçəng diaqnozu da qoyulub. Ruh düşkünlüyünə uğrayan şəxs evə gələrək vəsiyyət edib. 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub. Həkimin onun qarnında unutduğu tamponun uzunluğu isə 92 santimetrdir:

"Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim. Amma ağrılarımın artdığını görən yaxınlarım mənə başqa xəstəxanada müayinə olunmağı məsləhət gördülər. Bundan sonra Bakıya gəldim. Burada əməliyyat olunan zaman qarnımdan səkkiz ay əvvəl unudulmuş tampon çıxdı".
A.Zülfüqarov deyir ki, həkim səhlənkarlığı təkcə onun səhhətinə zərər vurmayıb. Həm də ailəyə maddi ziyan vurub. Həkim səhvinin fəsadlarının aradan qaldırılması ailəyə 10 min manata başa gəlib. Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, Alim Zülfüqarlı Vətən müharibəsində şəhid olan XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.

Həkim məsuliyyətsizliyi səbəbindən xəstələrin başlarına gələn bu hadisələr yenidən "Pasiyent hüquqları haqqında" qanunun qəbulu məsələsini gündəmə gətirib. İllərdir bu qanunun qəbulu nəzərdə tutulsa da, hələ ki, pasiyentlərin hüququnu qoruyan ayrıca qanun qəbul edilməyib.

"Azad İstehlakçılar Birliyi"nin (AİB) sədri Eyyub Hüseynov da qanunun qəbulunu zəruri hesab edir. Birlik sədri deyir ki, pasiyent hüquqları istehlakçı hüquqlarının bir hissəsi olsa da, ayrıca qanunun qəbuluna ciddi ehtiyac var:

"Azərbaycanda dövlət məmurlarının mütləq əksəriyyəti xaricdə müalicə olunur. Baxmayaraq ki, ölkəmizdəki özəl klinikaların çoxu məmurlarındır. Bizə hər ay özəl xəstəxanalardan şikayətlər daxil olur. 10 ildən çoxdur ki, "Pasiyent hüquqları haqqında" qanunun qəbulu nəzərdə tutulsa da, bu qanunun qəbulu ləngiyir".
AİB sədri deyir ki, Azərbaycanda həkimlər nə maddi, nə də həkim məsuliyyəti daşıyır. Onun sözlərinə görə, həkim peşəsi biznesə çevrilib:

"Həkimlər müvafiq müqaviləyə imza atmırlar. Nəticədə xəstənin hüququnu da qorumaq çətinləşir".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli də pasiyent hüquqlarını qoruyan qanunun qəbulunun vacib olduğunu söyləyir:

"Pasiyent hüquqlarını qoruyan qanunun qəbuluna ehtiyac var. Amma bizdə pasiyentin hüququ “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur. Bundan əlavə tibb müəssisələrində tibbi şuralar var. Həkim səhvi müalicənin keyfiyyəti, müalicə ilə bağlı digər müraciətlər, eləcə də ölüm halları tibbi şuralarda araşdırılır. Əgər həkim səhvi varsa, inzibti tədbir görülür".
Deputat deyir ki, əgər həkim səhvi üzündən xəstənin sağlamlığına zərər dəyirsə, bu zaman pasiyent hüquq mühafizə orqanlarına müraciət edə bilər:

"Bu halda ekspertiza təyin olunur, cinayət tərkibi varsa, həkim məsuliyyətə cəlb olunur. Amma bununla belə hesab edirəm ki, pasiyent hüquqlarını qoruyan ayrıca qanunun daha detallı şəkildə qəbuluna ehtiyac var".
M.Məmmədli "Pasiyent hüquqları haqqında" qanunun nə vaxta qəbul olunacağının səhiyyə komitəsinin iş planının müzakirəsi zamanı müəyyən olunacağını söyləyib.

Şərhlər

XƏBƏR LENTİ