XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?

Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?

Sərvətlərini satmaq keçmiş məmurları xilas edəcəkmi?
10-02-2021, 18:49

Keçmiş nazir Səlim Müslümovun həbsi sabiq məmurları təşvişə salıb.

Hit.az xəbər verir ki, onun həbsindən sonra “sabiqlər” sərvətlərinə “əl gəzdirməyə” başlayıb.

Səlim Müslümov 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib. Təxminən bir həftə əvvəl Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Keçmiş nazir korrupsiyada ittiham olunur.

Azərbaycanda korrupsiyaya qarşı sərt mübarizə 2019-cu ilin sonlarından başlayıb. Ona görə sərt deyirik ki, bu dəfə həbs edilənlər xırda çinovnikər yox, iriçəkili məmurlar olub. Yerli icra hakimiyyətlərində DTX-nin xüsusi əməliyyatları ilə start götürən anti-korrupsiya aktları mərkəzi icra hakimiyyətlərinə qədər uzanıb. Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumlarda xüsusi əməliyyatlar keçirilib və sözügedən qurumların yüksək vəzifəli şəxsləri həbs edilib.

Səlim Müslümovun həbsilə bu dalğa keçmiş məmurlara çatıb. Müşahidələr göstərir ki, hədəfdə əsasən uzun müddət vəzifədə olan, korrupsiya əməliyyatları nəticəsində varlanaraq oliqarxa çevrilən məmurlardır.

Məlumatlara görə, həmin məmurlar da baş verənlərin fərqindədir və özlərini sığortalamaq üçün müəyyən addımlar atırlar. Onlar ilk olaraq biznes imperiyalarının sərhədlərini kiçiltmək və sərvətlərini azaltmaqla məşğuldurlar.

Artıq keçmiş vergilər naziri Fazil Məmmədovun mülklərini satışa çıxardığı barədə məlumatlar yayılıb. Axar.az yazır ki, hazırda Şəmkirdəki malikanəsində yaşayan və səhhəti normallaşan Fazil Məmmədov bu rayondakı bütün obyektlərini satır. Artıq sabiq nazirin məşhur “Excelsior” otel şəbəkəsini satdığı da iddia olunur.

Böyük ehtimalla Fazil Məmmədov həbslərdən təşvişə düşərək mülklərinin sayının azaltmağa başlayıb.

Başqa keçmiş məmurların da oxşar addımlar atması barədə məlumatlar var. Onların hətta xaricdəki bizneslərində “əl dəyişikliyi” etdiyi iddia olunur. Bu sırada Baş nazirin keçmiş müavini, uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbərlik etmiş Əli Həsənovun, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun, Baş nazirin keçmiş müavini Abid Şərifovun və digərlərinin adları hallanır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.