XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq

Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq

Rayon rəhbərliyi xidmət etməlidir, sahiblik yox! - Sabunçuda qanunsuzluq
Bu gün, 16:44

Bakının qəsəbələrində sakinlərə məxsus ümumi istifadə sahələrinin, yaşıl zonaların və yolların ayrı-ayrı MMC-lər və ya vəzifəli şəxslərin yaxınları tərəfindən zəbt edilməsi problemi hələ də aktuallığını qoruyur. Növbəti belə xoşagəlməz mənzərə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb. Sözügedən ünvanda inşa olunan "Bakıxanov Rezidens" yaşayış kompleksinin qarşısındakı ümumi yol naməlum səbəblərdən zəncirlənib, digər tərəfdən ise daş barikadalarla bağlanıb. Sakinlərin və nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün nəzərdə tutulan bu yolun hansı əsasla qapadılması və şəxsi parkinqə çevrilməsi ciddi suallar doğurur. Əvvəllər bu ərazidə geniş yaşıl zona — qazonlar, ağaclar və sakinlərin istirahəti üçün park mövcud olub. Lakin tikinti işlərindən sonra yaşıl zolaq demək olar ki, tamamilə ləğv edilərək asfaltlanıb. Hətta ərazidəki çoxillik ağacların dibi cəmi bir qarış saxlanılmaqla tamamilə qapadılıb. Sakinlər bildirirlər ki, ağaclara qulluq etmək qeyri-mümkündür və bu yanaşma qəsdən ağacların qurudulmasına və sonradan kəsilməsinə hesablanıb. Açıq mənbələrdə və kompleksin rəsmi platformalarında yer alan məlumatlara görə, "Bakıxanov Rezidens" layihəsi "Əfəndilər Qrup" şirkətinə daxildir. Bu şirkətin rəhbəri isə Ənvər Vəliyevdir.

Mühüm fakt budur ki, iş adamı Ənvər Vəliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğludur. Bu fakt rayondakı icra qurumlarının sakinlərin şikayətlərinə niyə göz yumduğunu və qanunsuz addımlara niyə şərait yaradıldığını açıq şəkildə ortaya qoyur. Sakinlərin haqlı etirazlarına və Sabunçu Rayon İcra Hakimiyyətinə edilən müraciətlərə verilən rəsmi və ya qeyri-rəsmi cavablarda iddia olunur ki, sözügedən sahə MTK-nın şəxsi, yeni tikilinin daxili ərazisidir. Lakin reallıq tamamilə fərqlidir. Bura qəsəbə sakinlərinin illərdir istifadə etdiyi ümumi və açıq yol olub. Tikinti şirkətinin ümumi istifadədə olan dövlət torpağını özəlləşdirməsi və ya mənimsəməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Rayon rəhbərliyi və icra strukturları vətəndaşlara xidmət etməli, onların rahatlığını təmin etməlidir. Lakin Sabunçu rayonunda baş verənlər göstərir ki, bəzi vəzifəli şəxslər rayonu xidmət sahəsi deyil, şəxsi sahibkarlıq obyekti kimi görürlər. Ümid edirik ki, aidiyyəti dövlət qurumları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Şəhərsalma və Arxitektura Komitəsi Bakıxanov qəsəbəsindəki bu ekoloji və infrastruktur mənimsənilməsinə tezliklə reaksiya verəcəkdir.

Mövzu Mediatvaz.com olaraq diqqətimizdədir və ərazidəki digər qanunsuz tikintilərlə bağlı araşdırmalarımız davam edəcək.

Məsələ ilə bağlı aidiyyəti tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.

Mediatvaz.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.