İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır