SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xəstəxanada nəyə görə pul ödəyirik? - Çekdə yer alan MƏLUMATLAR

Xəstəxanada nəyə görə pul ödəyirik? - Çekdə yer alan MƏLUMATLAR

Tarix:

12-06-2024, 14:43

/ 558 dəfə oxundu.
Xəstəxanada nəyə görə pul ödəyirik? - Çekdə yer alan MƏLUMATLAR

Mərkəzi Klinik Xəstəxanasında vətəndaşa ödəniş qarşılığında verilən çekdə hansı xidmətlərin göstərildiyi əks olunmayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb.

Xəstəxanada göstərilən xidmətdən narazı olan vətəndaş, sonda ona nəzarət kassa aparatından çıxarılan çekdə göstərilən xidmətlərin əks olunmamasından şikayət edib.

"Əgər ödəniş qarşılığında təqdim olunan çekdə xəstəyə hansı xidmətlərin göstərilməsi əks olunmayıbsa, yarana biləcək hər hansı problem zamanı vətəndaş hansı xidməti aldığını necə sübut edə bilər?" - deyə vətəndaş sual edir.

Məsələni araşdırmaq üçün müvafiq qurumların hər birinə sorğu ünvanladıq.

Mələsə ilə bağlı Dövlət Vergi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, çekdə əks olunması tələb olunan məlumatlardan biri də malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğdir.

"Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara cavab verən və elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Qeyd etdiyiniz məsələ ilə bağlı, Vergi Məcəlləsinin 50.8-ci maddəsi nəzarət-kassa aparatının çeklərinə müəyyən tələblər qoyur. Belə ki, çekdə əks olunması tələb olunan məlumatlardan biri də malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğdir.

Nəzarət kassa aparatlarından (NKA) istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması zamanı qeyd olunan tələblərə cavab verməyən NKA çeki təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Belə ki, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3 000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bu kimi halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin rəsmi saytına, "195-1" Çağrı Mərkəzinə və ya xidmət mərkəzlərinə müraciət edə bilərlər" - deyə açıqlamada qeyd edilib.

Səhiyyə Nazirliyinin Anlaitik Ekspertiza mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən qiymətlərin tənzimlənməsi ilə bağlı hər hansı bir nəzarət aparılmır.

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə göstərilən xidmət istisna olmaqla özəl müəssisələrdə müayinələr müqavilə əsasında həyata keçirilir.

Bu Qanunun 7-ci və 13-cü maddələrinə əsasən özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanılan müqavilələr, üçüncü şəxsin xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr, icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanılan müqavilələr, xeyriyyə proqramları üzrə bağlanılan müqavilələr əsasında həyata keçirilir. Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla müqavilə çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri (qiymətləri) tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir.

Vətəndaşlar özəl tibb müəssisələrinə müraciət etdikdə bu sənədləri tələb etmək hüququna malikdirlər.

Səhiyyə Nazirliyi tərəfindən qiymətlərin tənzimlənməsi və hər hansı bir nəzarət aparılmır.

Əlavə olaraq bildiririk ki, sahibkarlıq subyekti olan özəl tibb müəssisələrində "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək sahibkarın hüquqlarından biri kimi müəyyən edilib".

Hüquqşünas Sirac Piriyev Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşa təqdim olunmalı sənəd, hər bir halda, nəzarət kassa aparatından çıxan çekdir.

"Vətəndaşa birinci depozit ödənəndə avans çeki təqdim olunur. Yeni nəsil kassa aparatlarında ödənişin avans kimi daxil olduğunu göstərən hissə var və o formada daxil olunur və orada hər hansı xidmətin adı göstərilmir. Nə vaxt ki, artıq vətəndaş hər hansı xidmətləri alır, ona artıq yenidən kassa çeki təqdim olunmalıdır və bu zaman hər bir xidmətin adı ayrılıqda göstərilməlidir. Yəni, tutaq ki, qan analizi verib və ya hər hansı müayinə aparılıb, iynə vurulub və sairə - hər biri tək-tək göstərilməlidir. Vətəndaş da ona uyğun ödəmə etməlidir.

Əgər ödəniş depozit kimi əvvəl olunubsa, artıq ödəniş olunmur, amma depozit qoyulmayıbsa, müvafiq ödəniş olunur və ona çek verilir.

Həmin çekin vurulmaması və ya vurulubsa da məlumatların olmaması, Vergi məcəlləsinin 58.-7-ci maddəsi ilə tənzimlənir", - deyə hüquqşünas vurğulayıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlasaq da, gün ərzində cavab ala bilmədik.

Məsələyə münasibət bildirmək üçün həm də Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın Marketinq və İnformasiya Xidmətləri şöbəsinin məsul şəxsi Elşən Şükürov Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

"Sözügedən vətəndaş lazımi standart prosedurlardan keçib. Adından da məlumdur - Təcili Yardım Xidməti. Orada xidmət operativ həyata keçirilir. Amma qiymətlər yarımbaşlıqlar üzrə formalaşıb və maliyyə fakturasında öz əksini tapıb, vətəndaşın verdiyi məbləğ də fakturada göstərilən məbləğlə üst-üstə düşüb. Yəni hər bir iş qanun çərçivəsində həyata keçirilib.

Fakturada xidmətlərin sıralanmasına gəlincə, tibbi xidmətdə xidmətin növləri var - təcili yardım xidməti, stasionar xidmət, cərrahi əməliyyat xidməti və sairə. Qiymət fakturası da ona uyğun formalaşır. Yəni, bunu biz müəyyənləşdirməmişik. Bu, qanunvericilikdə nəzərdə tutulmuş bir sənəddir. O sənəddə nə tələb olunursa, ona uyğun doldurulur və ona uyğun ödəniş edilir. Hansı xidmətlər göstərilirsə, onlar ümumi başlıq altında yazılır və uyğun məbləğ formalaşdırılır" - deyə E. Şükürov bildirib.

Şərhlər

XƏBƏR LENTİ