SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Astarada uzanan yol problemi... - sakinlərlə aidiyyatı qurumlar bir-birini günahlandırır

Astarada uzanan yol problemi... - sakinlərlə aidiyyatı qurumlar bir-birini günahlandırır

Tarix:

28-05-2024, 10:17

/ 722 dəfə oxundu.
Astarada uzanan yol problemi... - sakinlərlə aidiyyatı qurumlar bir-birini günahlandırır

Astara rayonundan bir qrup sakin redaksiyamıza müraciət edərək rayonun Ərçivan və Çayoba kəndləri ərazisində aparılan yol tikinti işlərinin gedişindən narazılıqlarını bildiriblər.

“Report”un Cənub bürosunun əməkdaşı Astara sakinlərinin şikayətini araşdırmaq üçün həmin kəndlərdə olub və həm narazılıq edən vətəndaşların, həm də rəsmi qurumların mövqeyini öyrənib.

Qeyd edək ki, Ərçivan-Çayoba yolu deyəndə, Ələt-Astara magistralının (köhnə yol) rayonun bir neçə yaşayış məntəqəsini əhatə edən yol nəzərdə tutulur. Yeni Ələt-Astara-İran Dövlət sərhəd yolu istifadəyə verildikdən sonra bu yol hazırda ikinci dərəcəli hesab edilsə də, sakinlərin Astara rayon mərkəzinə gediş-gəlişi üçün daha münasib sayılır.

Haqqında danışılan yol ölkə Prezidentinin sərəncamı ilə tam əsaslı şəkildə yenidən qurulur. Yolun təmir-bərpa işləri iki podratçı təşkilata həvalə edilib. Ötən ilin noyabr ayından Astara rayonunun inzibati sərhədindən - Çayoba kəndindən təmir işlərinə başlanıb və əsas işlərin çoxu artıq yekunlaşdırılıb.

Sakinlər aylardır, yolda aparılan qazma-torpaqlama işləri səbəbindən tozun-palçığın içində qalsalar da, yeni yolun istifadəyə veriləcəyi günü intizarla gözləyirlər. Bununla belə, sakinlər işin gedişində ciddi nöqsanlara yol verildiyini iddia edərək, narazılıqlarını bildiriblər. Pensər kənd sakinləri adından danışan Tosif Səfərov deyir ki, bu yolun əsaslı təmiri üçün dövlət xeyli vəsait ayırıb. Deməli, təmir işləri də tam və nöqsansız olmalıdır:






“Yolun hər iki tərəfində yağıntı sularının axması üçün kanallar qazılıb. Amma beton kuveytlər yalnız yolun bir hissəsində qoyulub. Bunun səbəbini soruşanda isə iş icraçıları bildirirlər ki, layihədə bu formada nəzərdə tutulub. Bu necə ola bilər? Nə qədər zəhmət çəkilir, vəsait sərf olunur... Axı torpaq kanallara dolan su qısa müddətdə yolun asfalt qatını sıradan çıxaracaq. Bundan başqa, yol kənarında səkilərə yer saxlanmaması piyadaların, xüsusilə də uşaq və yaşlıların təhlükəsiz hərəkətinə mane olacaq”.

Kəndin digər sakini Elşad Şükürov da əhalinin yolda aparılan işlərlə bağlı daha bir neçə məqama diqqət yetirilməli olduğunu deyir:

“Görülən işlər təqdirəlayiqdir. Çox zəhmət çəkilir, hətta yağışlı günlərdə belə işlər davam etdirilir. Amma çox təəssüf ki, işlər digər qurumlarla əlaqəli şəkildə aparılmır. Bu kəndlərin lap əvvəldən suötürücü kanalları olub. Ərazidə heç vaxt subasma baş verməyib. Lakin yeni layihənin icrası zamanı suötürücü arxların yeri və suyun axın istiqaməti dəyişdirilib. Bunun da nəticəsində yeni quraşdırılan suötürücü kuveytlər dağ massivlərindən gələn yağıntı sularını çəkə bilmir. Ona görə də arxlardan daşan sular yolu basır, oradan da həyətlərə, bağlara dolur. Son yağıntılar zamanı təsərrüfatlarımıza xeyli ziyan dəyib. Daşqın səbəbindən elektrik və rabitə infrastrukturu da ziyan görüb”.

Sakinlərin sözlərinə görə, ərazidəki yol kənarlarında çoxillik, bəzilərinin hündürlüyü 30 metrə çatan küknar ağacları var. Həmin ağacların kök hissəsi bir metrədək qazılıb. Bir dəfə güclü külək əssə, o ağaclar mütləq aşacaq. Bu isə real təhlükə deməkdir.

Astara rayon icra hakimiyyəti başçısının Pensər kənd ərazi inzibati dairəsi üzrə nümayəndəsi Zeynulla Şükürov da sakinlərin məlum narahatlığının heç də əsassız olmadığını bildirib:

“Rayon ərazisində əsaslı şəkildə yenidən qurulacaq yolun uzunluğu 27 kilometr olacaq. Daxil olan müraciətlər əsasında həmin əraziyə baxış keçirilib. Vətəndaşlar bəzi məqamlarda haqlı görünür. Belə ki, yolun bəzi hissələrində yol yatağı 1,5-2 metr ya yuxarı qaldırılıb, ya da qazılıb. Nəticədə sakinlər üçün yeni qayğılar yaranıb. Çökəkdə qalan həyətlərə su yığılır. Yolun Pensər kəndindən başqa Təngərüd, Maşğan kəndindən və Ərçivan qəsəbəsindən keçən hissələrində də oxşar problemlər yaşanır. Ümumilikdə isə 27 kilometrlik bu yoldan 100 min nəfərə qədər insan istifadə edir. Ümid edirik ki, yaxın zamanlarda aidiyyatı qurumlar öz işlərini qüsursuz şəkildə başa vuracaq və yeni çəkilən yol əhalinin rahatlığına xidmət edəcək”.

Yolun təmir işlərinə təhkim olunan 7 saylı Magistral Yolların istismarı MMC-nin sahə rəisi Raqib Mirzəyev isə sadalanan problemlərə görə elə sakinlərin özlərini günahlandırır.

“Yolda orta oxdan sağa və sola doğru ümumi uzunluğu 25 metr olan təhkim zolağı nəzərdə tutulub. Həmçinin yolun çiyin hissələrində suötürücü və piyadalar üçün hərəkət zolağı da olmalıdır. Lakin vətəndaşlar illərdən bəri həyətyanı çəpərlərini irəli çəkərək yol təsərrüfatına aid olan torpaq əraziləri zəbt ediblər. Nəticədə belə bir vəziyyət yaranıb. İşıq və rabitə dirəkləri, qaz xətti və yaşıllıqlar bir çox yerlərdə birbaşa yolun üstündə quraşdırılıb. Ona görə də bizi qınamaq üçün əsas yoxdur. Bəli, təmir prosesində yol verilən kiçik xətalar var, ancaq onlar da işlər tamamlananda aradan qalxacaq. Təsərrüfatların subasmaya məruz qalması isə yeni kuveytlərin suötürücülük qabiliyyətinin az olması ilə əlaqəli deyil. Güclü yağıntı nəticəsində dağ massivindən gələn ağac qırıntıları və müxtəlif tullantılar kuveytlərin ağzını qapayıb. Nəticədə yağıntı suları ətrafa axıb. Belə hallarda Yol-istismar idarəsinin növbətçiləri vəziyyətə nəzarət etməlidirlər”.

Sahə rəisi R.Mirzəyev yolda davam etdirilən işlər barədə də məlumat verdi.

“Sözügedən ərazi köhnə Ələt-Astara magistralının 207-217-ci kilometrini əhatə edir. Bu ərazi yolun relyef baxımından çox çətin hissəsidir. Buna baxmayaraq, ərazidə yol-tikinti normativləri gözlənilməklə, asfalt qatı götürülüb. Görüntünün məhdudlaşdığı yerlərdə qazma-dolğu işləri həyata keçirilib. 25 yerdə daha geniş suötürücü borular quraşdırılıb. Yol kənarlarında 3 min paqometrdən yuxarı kuveytlər çəkilib. O cümlədən, aşağı və yuxarı istinad divarları, dağ yamaclarında beton baryerlər qurulub. 3 min metrə yaxın istinad divarları çəkilib. Hazırda alt layda işlər bitmək üzrədir, 5 kilometrlik hissədə isə üst qat artıq hazırlanıb. Plana uyğun olaraq, işlərin iyun ayının ortalarına qədər yekunlaşdırılması nəzərdə tutulub”.

Şərhlər

XƏBƏR LENTİ