SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Qiymətlər BAHALAŞACAQ"

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Qiymətlər BAHALAŞACAQ"

Tarix:

29-12-2023, 14:33

/ 1 060 dəfə oxundu.
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Qiymətlər BAHALAŞACAQ"

Azərbaycanda yanvar ayından 2014 və ondan öncəki illərin istehsalı olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq. Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərara əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı dayandırılıb.

Bəs, istehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmaması avtomobil bazarına və qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev gələn ildən avtomobil qiymətlərinin 13-15 faiz bahalaşacağını deyib:

“Bu, qiymət artımına az da olsa təsir göstərəcək. Qiymət artımının nə qədər olacağını zaman göstərəcək. Amma çox artım gözlənilmir. Çünki eyni avtomobillərə uyğun ondan daha təchizatlı Çin istehsalı olan avtomobilləri bazara gəlib. Əvvəl Çin avtomobili deyəndə bir addım geri dururduq. İndi həmin avtomobillər dünyaya meydan oxuyur.

İnsanlar bu qərarı fərqli qiymətləndirir, amma avtomobil parkımız çox köhnəlib, 80 faiz avtomobillərin istehsal tarixi 20 ildən öncədir. Köhnə avtomobillərin həm texniki təhlükəsizlik baxımından təchizatı zəifdir, həm yanacaq sərfiyyatı çoxdur, həm də ekologiyaya zərərli maddələr tullayır.

Bunların hamısını nəzərə alsaq, doğru qərardır. Nəyə görə inkişaf etmiş ölkələrin avtomobil zibilxanalarına dönməliyik?! Həmin ölkələr avtomobilin üstündə pul verməyə razıdılar ki, təki ölkələrindən çıxsın”.

Ekspert köhnə avtomobillərin utilizasiyasına da çox pul xərcləndiyini bildirib:

“Avtomobillər fərqli materiallardan istehsal olunur. Bunların utilizasiyası üçün müəyyən xərc tələb olunur. Biz o vəsaiti ödəyib, köhnə avtomobili gətiririk, onlar hərtərəfli qazanır, biz isə itiririk. Həm ölkəmizdən valyuta çıxır, həm ekologiyamız korlanır. Bu avtomobillər qəzaların sayına təsir edir, qəzalar olduğu zaman insan tələfatı da çox olur”.

Yasin Mustafayev hazırda ölkədə olan avtomobillərin istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilmədiyini də qeyd edib:

“Belə bir məcburiyyət yoxdur, qədimi avtomobillər də dəbdədir və bahadır. Heç bir avtomobilə ilinə görə məhdudiyyət tətbiq olunmur. Fevralın 1-dən vətəndaşlardan texniki baxış zamanı, ölkəyə avtomobil gətirilən zaman utilizasiya pulu alınacaq və utilizasiya fonduna yığılacaq. Vətəndaş köhnə, yaxud qəzalı avtomobilini könüllülük prinsipi ilə təqdim edəcək və həmin fonddan pul alacaq”.

Şərhlər

XƏBƏR LENTİ