SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Bakıda rus ordusu üçün SƏFƏRBƏRLİK... - axı bunu KİM(LƏR) ELAN EDİB?

Bakıda rus ordusu üçün SƏFƏRBƏRLİK... - axı bunu KİM(LƏR) ELAN EDİB?

Tarix:

7-04-2023, 11:14

/ 1 132 dəfə oxundu.
Bakıda rus ordusu üçün SƏFƏRBƏRLİK... - axı bunu KİM(LƏR) ELAN EDİB?

Sosial şəbəkələrdə Azərbaycan dilində Ukraynaya qarşı müharibədə Rusiya ordusunda xidmət etməyə çağıran reklam bukletlərinin fotoları yayılıb. Bəzi istifadəçilər fotoların Bakıda, digərləri isə Rusiyada azərbaycanlıların yaşadığı ərazidə çəkildiyini iddia edir. Bukletlərdə yüksək sosial təminat müqabilində Rusiya ordusunun sıralarına qoşulmaq təklif edilir. Sözügedən broşüralarda Azərbaycan vətəndaşlarını iş və evlə təmin edəcəyinə söz verən qurum isə Rusiyanın Yuqra şəhər hərbi dairəsidir. Cari ilin 17 mart tarixində Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində Rusiya Federasiyası Silahlı Qüvvələrində müqaviləli xidmətlə bağlı qaynar xətt fəaliyyətə başlayıb. Çap olunan kütləvi kağızların üzərindəki telefon nömrəsi, eləcə də insanların hərbi xidmətə cəlb olunacağı təqdirdə verilən vədlər qeyd olunan hərbi dairənin yaydığı məlumatlarla eynilik təşkil edir.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının ölkə xaricində digər ordularda hərbi xidmət etməsi qanunla qadağandır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan qanunvericiliyi ilə başqa ölkələrin qanuni, yaxud qanunsuz silahlı birləşmələrində iştirak etmək qadağandır. Ç. Qənizadə sözügedən bukletlərin paylanması ilə bağlı mətbuatda kifayət qədər məlumat dərc olunduğunu qeyd etdi: “Daxili İşlər Nazirliyi də bu elanlarla bağlı açıqlama yaydı. Bu, sırf təxribat xarakterli paylaşımdır, vətənini, dövlətini, xalqını düşünmədən, başqa ölkənin xüsusi xidmət orqanlarına xidmət edən "beşinci kolon" üzvlərinin fəaliyyətidir. Düşünürəm ki, Azərbaycan vətəndaşları bu paylaşımlara əhəmiyyət verməyəcək. Bu, üçüncü qüvvələrin də işi ola bilər. Xüsusilə İran-Azərbaycan münasibətləri, Qarabağda baş verən hadisələrə Avropanın, Rusiyanın yanaşması, Azərbaycana qarşı təhdidlər fonunda sosial şəbəkələrdə bu cür çağırışların edilməsi gözləniləndir. Bu səbəbdən də ayıq-sayıqlığı itirməmək lazımdır. Hər bir Azərbaycan vətəndaşı dövlətin, onun ordusunun, Ali Baş Komandanın yanında olduğunu bəyan etməlidir. Xalqın birliyinə zərər vura biləcək hər hansı təhdidlərə qarşı birgə çıxmağı bacara bilərik. İndiki vəziyyətdə xalqın, siyasi partiyaların birliyi, eyni zamanda dövlət və xalq, dövlət və ordu arasındakı birliyi qoruyub saxlamaq lazımdır. Unutmayaq ki, müharibə hələ bitməyib. Ölkəmizin ərazisində silahlı separatçılar var, xalqımızın birliyini qorumaq lazımdır".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qeyd etdi ki, hüquq-mühafizə orqanları belə təxribatları yayan şəxsləri aşkar etməlidir. Bu cür elanların sosial mediada yayılması iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər: “Bu, Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirə, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilər.

Bu, erməni təxribatı da ola bilər. Buna görə də hüquq-mühafizə orqanları araşdırmalıdır. Düşünürəm ki, müvafiq tədbirlər görüləcək və təxribatla məşğul olan şəxs və ya şəxslər ifşa ediləcəklər. Yeri gəlmişkən, hesab edirəm ki, sosial şəbəkələrə nəzarət ciddiləşməlidir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzunu şərh edərkən bildirdi ki, belə elanların verilməsi qeyri-adi hal deyil. Ekspert “Vaqner”çiləri misal gətirərək qeyd etdi ki, muzdlu döyüşçülər arasında müxtəlif ölkələrin vətəndaşları ola bilər: “Bu cür elanlar vasitəsilə vətəndaşlar muzdlu döyüşçü kimi dəvət olunur. Bu gün informasiyanın sərhədi yoxdur. Görünən odur ki, elanlar başqa ölkədə hazırlanır. Hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görəcəklər. Daha öncə İŞİD-lə bağlı da müəyyən məlumatlar var idi. O zaman bir çox vətəndaşın ölkədən çıxmasının qarşısı alındı, onlar məsuliyyətə cəlb edildi. Ümumiyyətlə, müraciət üçün elanın olması mühüm deyil. Başqa ölkənin ordusunda xidmət etmək istəyən şəxs buna digər yollarla nail ola bilər. Hər halda, bu hər bir insanın qanun, vicdan və s. qarşısında öz seçimidir”.

Ekspert qeyd etdi ki, Rusiya ordusunun muzdlu döyüşçülərə ehtiyacı var. O hesab edir ki, elan “Vaqner”çilər tərəfindən də yayıla bilər: “Rusiya-Ukrayna müharibəsində "Vaqner" çilərin itkisi çoxdur. Bu itkiləri bərpa etmək üçün bu cür addımların atılması ehtimalı yüksəkdir. Onlar bu cür elanları rahat yaya bilərlər, çünki Rusiyada qanuni sayılır. Bu, gizli deyil, qeydiyyatdan keçmiş təşkilatdır. Hətta Afrikada belə elanlar olur. Bir sözlə, bu şəbəkə bütün dünyaya yayılıb. Bu səbəbdən elanı ciddi hesab etmək olar".

Qeyd edək ki, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, hadisədən xəbərdardırlar. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ