SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » "Meyit tapılmır, amma 2 nəfər həbsdədir"- Masallıdakı hadisənin SENSASİON TƏFƏRRÜATI

"Meyit tapılmır, amma 2 nəfər həbsdədir"- Masallıdakı hadisənin SENSASİON TƏFƏRRÜATI

Tarix:

23-08-2021, 14:11

/ 775 dəfə oxundu.
"Meyit tapılmır, amma 2 nəfər həbsdədir"- Masallıdakı hadisənin SENSASİON TƏFƏRRÜATI

İtkin düşən şəxsin xüsusi amansızlıqla öldürülməsinə görə həbs edilən şəxslərə ağır cəza verilib. Onlardan biri 19 il, digəri isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hər iki şəxs özünü təqsirli bilmir. Məhkəmə istintaqı zamanı vəkil ittihamı şübhə altına qoyan çoxsaylı sübutlar ortaya qoyub. Lakin bu sübutlar qiymətləndirilməyib.
Musavat.com xəbər verir ki, müəmmalı hadisə 2019-cu ildə baş verib. Sahib Mahmudov adlı şəxs itkin düşüb. Daha sonra isə onun iki tanışı həbs edilib. Həbs edilən şəxslər Sahib Mahmudovu xüsusi amansızlıqla öldürməkdə, meyidi hissələrə bölərək ayrı-ayrı yerlərdə gizlətməkdə ittiham olunurlar.
Bu dəhşətli və olduqca da müəmmalı hadisə barədə əvvəlcə istintaqın, müstəntiqlərin gəldiyi qənaətə baxaq.
İttihamda yazılır...
İtkin Sahib Mahmudov və hazırda qətli törətməkdə ittiham olunan Əli Ələkbərli 2018-ci il dekabrın 12-də Cəlilabad rayonunda Ramil Kazımovun evindən oğurluq ediblər. Bu hadisəyə görə saxlanılan Ə.Ələkbərli cinayəti Sahib Mahmudovla birgə törətdiyini etiraf edib. Bundan sonra onlar cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara elektron qolbaq taxılıb və polis nəzarətinə veriliblər.
Daha sonra Sahib Mahmudov polisə onun adını verən şəxsi təhqir etməyə, rayonda ictimai yerlərdə həmin şəxsin ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb. Bu hadisə bir neçə dəfə təkrarlandığı üçün Əli Sahibi öldürmək qərarına gəlib.
Əli 2019-cu il yanvarın 25-də Sahibə zəng edərək onu “patı” çəkməyə çağırıb.
Əli taksi sürücüsü işləyən Altay Ağamalızadənin maşını ilə Sahibi evlərindən götürərək Masallı rayonu Qəriblər kəndində yerləşən “ADU pramida” adlı istirahət mərkəzinə gediblər. Orada 6 nömrəli kabinetdə narkotik qəbul etdikdən sonra yenidən həmin oğurluq haqda danışıblar.
Sahib bu dəfə də onu polisə “satan” şəxsin ailə üzvlərini təhqir edib. Əli isə ona deyib ki, onları tanışları Samir Ağayev adlı şəxs “satıb”. Sahib Samirə zəng edərək söyüb və onu görüşə çağırıb.
Rəsmi ittihama görə, elə həmin gecə, saat 23 radələrində onlar kabinetdən çıxarkən Əli bıçaqla Sahibin sinəsindən bir zərbə vurub. Sonra Sahibi tualetə apararaq orada çoxsaylı bıçaq xəsarətləri yetirib.
Daha sonra o, meyidi büküb, tualeti təmizlədikdən sonra suyu açıq qoyaraq, cəsədi taksi sürücüsü Altayın maşınına aparıb. Onlar əvvəlcə Lənkəran rayonuna gəlsələr də, orada uyğun yer tapmayıb Neftçalada yerləşən “Lapatin” adlı yerə gediblər., orada çala qazıblar, meyidi çuxura atıb, benzinlə yandırıblar. Lakin meyidin tam yanmadığını gördükdən sonra onu söndürüb yenidən bükərək maşına qoyublar. Orada yanmış meyidi altı yerə bölüb torbalara yığıblar. Dörd torbanı Bəhrəmtəpə yolunda kanalın kənarında ayrı-ayrı yerlərdə basdırıblar.
İkisini isə Cəlilabad rayonuna gətiriblər. Əli sürücü Altaya Maşlıq kəndinə sürməyi tapşırıb, amma yolda maşın palçığa batdığı üçün tanışı Samir Ağayevi köməyə çağırıb. Onun maşını ilə meyidi olan avtomobili palçıqdan çıxarıblar. Daha sonra Cəlilabadın Kazımabad kəndinə gələrək örüş sahəsində yer qazıb meyidin qalan iki parçasını da orada basdırıblar. Yanvarın 27-də Əli Ələkbərli Cəlilabadda basdırdığı hissələri çıxartmaq üçün Elşən Nağıyev və Elvin Şəfiyevlə birgə həmin əraziyə gedib. Bunun üçün isə yoldan sellofan, kəndir, əlcək və bel alıb. Əli meyitin hissələrini sellofana qoyanda Elşən də bunu görüb. Daha sonra həmin hissələri “ADU Piramida” istirahət mərkəzinə gətirib orada saxlayıblar. Səhəri gün isə meyidin hissələrini aparıb Yardımlı rayonu ərazisində dərəyə atıblar.
Bura qədər yazılanlar rəsmi ittihamdır. Bu ittihama görə, Əli Ələkbərli 19 il, Altay Ağamalızadə isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
Onlara Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə və narkotik maddə ilə bağlı ittiham irəli sürülüb.
Qətldən sonrakı təfərrüat...
Əli və Altay həbs ediləndən sonra, istintaq zamanı aylarla axtarış və qazıntı işləri aparılsa da, meyidə aid heç bir hissə tapılmayıb.
Sadəcə, Neftçalada “Lapatin” adlı yerdən insana aid qan tapılıb və onun da neçənci qrup olması, tərkibi haqda ekspertiza tərəfindən rəy vermək mümkün olmayıb.
Axtarış zamanı həmin çaladan tapıldığı bildirilən paltar hissəsinin Sahib Mahmudova aid olduğunu da ekspertiza təyin edə bilməyib. Sadəcə, mərhum Sahibin atası Sahibəli və anası Zülfiyyə həmin hissənin övladlarına aid köynəyin manjetinə oxşadığını bildiriblər.
Həbs edilən şəxslərin ifadələri...
Əli Ələkbərli məhkəmədəki ifadəsində deyib:
"Sahib Mahmudovun itkin düşməsi və ya ölümü, öldürülməsi barədə heç bir məlumatım olmayıb. Guya Sahibi öldürərək cəsədini parçalayıb müxtəlif ərazilərdə basdırmışam. Bu barədə etirafedici ifadələrimi ibtidai istintaqda fiziki və psixi təzyiqlər altında vermişəm. Törətdiyim yeganə əməl oğurluq cinayətidir. Narkotikin mənə heç bir aidiyyatı yoxdur. Məni Cəlilabad polisinə dəvət etdilər və getdim. Mən polis şöbəsinə gedəndə narkotiki niyə ayaqqabımda gizlədim?”
Altay Ağamalızadənin ifadəsi:
"Sahib Mahmudovun itkin düşməsi haqda heç bir məlumatım yoxdur. Etirafedici ifadəni fiziki təzyiqlər və şirnikləndirici vədlərə aldanaraq vermişəm".
Əli Ələkbərlinin vəkili Faiq Nağıyev hökmdən apelyasiya şikayətiə verib. Vəkil şikayətdə ittihamın gəldiyi qənaətin doğru olmadığını sübut edən faktları ortaya qoyub.
Vəkil qeyd edib ki, istintaq kobud pozuntular və fərziyyə əsasında həyata keçirilib, məhkəmə də araşdırma aparmayıb.
"Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri diğərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Lakin bu işdə hakim məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərmədi.
Mərhum Sahib Mahmudovun anası Z. Mahmudova ifadəsində bildirib ki, oğlunun polis əməkdaşı Əvəz Məhərrəmovla münasibətləri çox pis olub. Ana deyir ki, Əvəz Məhərrəmov oğluna “səni yox edərəm” deyərək dəfələrlə hədələyib. Bununla bağlı o 102 xidmətinə də şikayət edibmiş.
Sahib Mahmudovun atası Sahibəli Mahmudov isə bildirir ki, qohumu Nadir Məmmədov da 2019-cu ilin mart ayından itkin düşüb və hələ də ondan bir xəbər yoxdur. Nadir Məmmədov Sahibin itkin düşməsi ilə bağlı telekanalların birində gedən verilişə qonaq olub, orada arvadının başqa kişi ilə qaçması müzakirə olunandan bir müddət sonra itkin düşüb"- deyə vəkil apelyasiya şikayətində göstərib.
Vəkil həmçinin istintaqın qətlin üstünü necə açması ilə bağlı məqama da diqqət çəkib:
"Ortada meyit olmasa da, ehtimal edilən qətlin üstü narkotik aludəçisi Nazənim Piriyevanın polisə məlumatı və ifadəsi əsasında açılıb. Nazənim Piriyeva deyib ki, Əli Ələkbərli ilə birgə narkotik qəbul etdikdən sonra Əli adam öldürdüyünü deyib, amma ətraflı məlumat verməyib.
Bu məlumatdan sonra əməliyyatçılar Nazənim Piriyevanı təlimatlandıraraq bir neçə dəfə Əli ilə görüşə göndəriblər. Əlinin Sahibin ölümü ilə hər hansı bir əlaqəsi var idisə, görüş zamanı niyə danışıq qeydə alınmayıb, video çəkiliş aparılmayıb? Axı şahid Nazənim Piriyeva deyir ki, Əli narkotik qəbulundan sonra çox pis vəziyyətdə olurdu. Bu vəziyyətdə isə Əli Ələkbərlini danışdırmaq və ondan hansısa etmiş olduğu cinayət barədə söz almaq çox asan idi. Lakin bunun baş vermədiyini görürük. Səbəb isə ondan ibarətdir ki, Əli Ələkbərlinin bu hadisə ilə heç bir əlaqəsi olmayıb. Sadəcə polis əməliyyatçıları narkotik aludəçisi olan Nazənim Piriyevadan istifadə etməklə guya Əlinin Sahibi öldürməsinə dair ifadə alıb, “qətlin” Əli Ələkbərli tərəfindən törədilməsi görüntüsü yaradıblar. Halbuki məhkəmədə Əli Ələkbərli Nazənim Piriyevanı tanımadığını, onunla heç zaman görüşmədiyini deyib”.



Vəkil ona da diqqət çəkib ki, qətlin baş verdiyi iddia edilən “ADU Piramida” istirahət mərkəzinin icarədarı Elşən Nağıyev məhkəmədə deyib ki, Əlinin qətllə bağlı ona danışması haqda ifadəyə ona günlərlə verilən işgəncə və narkotiklə həbs edəcəkləri barədə hədə-qorxulardan sonra qol çəkib.
"Əli Ələkbərlinin polis şöbəsində olan zaman narkotik qəbulundan çox pis vəziyyətdə olduğunu deyirlər. Narkotik istifadəçisinin iradəsinin möhkəmliyi şübhəli olmaqla gülüncdür və növbəti doza zamanı gələndə ağrılarının kəsilməsi üçün ağrıkəsici almaq müqabilində belə şəxslər istər-istəməz etmiş olduqları hər şeyi ən xırda təfsilatı ilə etiraf etmək məcburiyyətində qalırlar. Bu, reallıq olmaqla əməliyyat-axtarış fəaliyyətində çoxdan məlum olan bir praktikadır. Yəni, Əli Ələkbərli doğrudan da Sahib Mahmudovu öldürüb meyidini bir neçə yerə bölməklə müxtəlif ərazilərdə gizlətmişdisə, elə saxlandığı gün maksimum bir neçə saat ərzində həmin yerlərdən ən azı bir neçəsini göstərməli idi və o bunu qeyri-ixtiyari edəcəkdi"- apelyasiya şikayətinə əlavədə bildirilir.
Vəkil Faiq Nağıyev istintaq zamanı yol verilən daha bir nöqsana diqqət çəkib və qeyd edib:
"Taksi sürücüsü Altay Ağamalızadə digər bir hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edildiyi üçün 2018-ci il dekabrından 2019-cu il mart ayınadək elektron qolbaqda olub. Sahib Mahmudovun iddia edilən qətli də həmin müddət ərzində, 2019-cu ilin yanvarın 25-də baş verdiyi bildirilir. İttihama görə, meyidi Lənkəran, Neftçala, Cəlilabada aparanda Altay Ağamalızadə də orada olub.
Ədliyyə Nazirliyi 2020-ci il sentyabrın 3-də məhkəməyə məktub göndərərək qeyd edib ki, elektron qolbaq taxan şəxsin izləmə məlumatları, hərəkət trayektoriyası arxivləşdirilir və 6 ay bazada saxlanıldıqdan sonra ləğv edilir. Bu məlumat Altay Ağamalızadənin hansı tarixdə harada olmasına aydınlıq gətirəcəkdi. Sadəcə, istintaq özünə əziyyət verməyərək bu mühüm sübutu görməzliyə vurub, bu barədə heç bir sorğu verməyib. Çünki həmin sübut əldə ediləcəyi təqdirdə istintaqın nağılı bitmiş olacaqdı.
Bundan başqa, Əli Ələkbərlinin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi düzgün tövsif edilməyib.
Çünki xəsarətin dərəcəsini və xarakterini, xüsusi amansızlıqla törədilib-törədilməməsini müəyyən etmək məhkəmə tibb ekspertinin rəyi əsasında məlum olur. Lakin ortada meyit olmadığı üçün hər hansı ekspert rəyi də yoxdur. Ən azından ortada meyitin və onun üzərindəki xəsarətlərin sayı, yetirilmə dərəcəsi, xarakterini özündə ehtiva edən ekspert rəyinin olması zəruri deyildimi? Görəsən, məhkəmə bu xüsusi amansızlığı hansı rəy, şahid ifadəsi və maddi sübutlarla müəyyən etdi?”.
Faiq Nağıyev vəsatətində hüquqlarını müdafiə etdiyi Əli Ələkbərliyə adam öldürmə və narkotik daşıma maddələri üzrə bəraət verilməsini tələb edib.
Həbsdə olan Əli Ələkbərlinin anası işin ədalətli araşdırılması üçün ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciətlər ünvanlayıb. Ə.Ələkbərlinin anası qeyd edir ki, oğlu işin ədalətli araşdırlmadığına, günahsız yerə həbs edilməsinə etiraz olaraq həbsxanada özünə xəsarətlər yetirib, intihara cəhd edib.
İlkin Muradov
Musavat.com

Şərhlər

XƏBƏR LENTİ