XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Bazarda AZAL-ın hegemonluğu var - PROBLEM

Bazarda AZAL-ın hegemonluğu var - PROBLEM

Bazarda AZAL-ın hegemonluğu var - PROBLEM
12-03-2021, 10:20

Müəyyən ölkələrdə, o cümlədən Azərbaycanda bu ilin ikinci yarısı üçün turizmlə bağlı pozitiv gözləntilər var. Yay turizmi ilə bağlı ümidlərimiz olsa da, bu, ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq, vəziyyətə uyğun qərarlar veriləcək. Bunu Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, pandemiya ilə əlaqədar dünyada, eləcə də Azərbaycanda əsas diqqət daxili turizmin inkişafına yönəldilib. Ümumilikdə bütün dünyada, eləcə də Azərbaycanda bu il prioritet istiqamət daxili turizm olacaq. Qeyd edək ki, artıq Türkiyə və Gürcüstanda turizm sektorunun yenidən inkişafı üçün müəyyən tədbirlər planı həyata keçirilməkdədir.


Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, turizm sektoru bir çox ölkələr üçün ana sektorlardan biridir:

"Yəni turizm ümumdaxili məhsulun, iş yerlərinin yaradılmasında mühüm rol oynayan əsas sektordur. Çünki arxasınca digər sektorları da aparır. İctimai, iaşə, xidmət sahəsi və s. İlk olaraq qeyd edim ki, Gürcüstan və Türkiyə turizm sahəsində turizmdən daha çox asılı olan ölkələrdən biridir. Ona görə də öncədən tədbirlər planının açıqlanması ilə bağlı qərarlar verir. Sanki bununla da bazarı hazırlayırlar, yəni insanları bir növ açılmağa alışdırırlar. Amma bu, tək Türkiyə, Gürcüstan, Azərbaycanla əlaqəli deyil. Gərək, heç olmasa, dünyada sərhədlərin açılması ilə bağlı ümumi bir trend yaransın ki, xarici turizm yavaş-yavaş inkişaf etməyə başlasın".

Ekspert hesab edir ki, sərhədlər açılsa belə insanların davranış qaydasında baş vermiş dəyişikliklər bir müddət onların səyahət alışqanlıqlarını da dəyişəcək:

"Təbii ki, bunu da nəzərə almaq lazımdır. Azərbaycanda turizm sahəsindəki problemlərə gəldikdə isə təbii ki, bu, pandemiyadan öncəki problemlərdir, yəni dəyişməyib. Misal olaraq, biz də qiymətlər, xüsusilə də aviadaşımacılıq çox bahadır. Yəni bazarda AZAL-ın hegemonluğu var. Başqa şirkətlərin bazarda fəaliyyəti isə məhduddur. Bütün bunlar pandemiyadan öncə də var idi. Pandemiyadan sonrakı dövrdə isə təbii ki, ilk növbədə rəqabətli mühitin artırılması, bilet və otel qiymətlərinin ucuzlaşması ilə bağlı müəyyən aksiyalara ehtiyac var".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.