XalqXəbər.Az

XalqXeber.Az » Aktual » Dələduzluğa görə həbs olunan xanım direktorun adı ölüm işində (TƏFƏRRÜAT)

Dələduzluğa görə həbs olunan xanım direktorun adı ölüm işində (TƏFƏRRÜAT)

Dələduzluğa görə həbs olunan xanım direktorun adı ölüm işində (TƏFƏRRÜAT)
18-02-2021, 17:20

"Avanqard Travel” MMC-nin direktoru Yeganə Nağıyevanın adı təkcə dələduzluq olayında keçmir.

HİT.Az xəbər verir ki, internet resurslarında araşdırma aparanda Yeganə Nağıyevanın sui-qəsd hadisəsində də ittiham edildiyi bəlli olur.

Qeyd edək ki, dünən Yeganə Nağıyevanın həbsi barədə məlumat yayılıb. Bildirilir ki, Yeganə Nağıyeva "Avanqard Travel” MMC-nin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib. Beləliklə, birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verib və 2 milyondan çox ziyan vuraraq dələduzluq ediblər.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təşkil olunmuş sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) zamanı Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı.

Sui-qəsd olayına gəlincə, söhbət prokurorluq əməkdaşı Emin Hüseynovun ölümündən gedir. Onun atası, keçmiş bələdiyyə sədri Bəybala Hüseynov oğlunun sui-qəsd nəticəsində öldürüldüyünü iddia edir.

O, bu məsələdə Yeganə Nağıyevanı da adını hallandırır. Bəybala Hüseynov bu barədə Criminal.az saytına deyib:

"Səs yazıları da var, onları təqdim edəcəm. Yeganə Tağıyeva da onlar tərəfdəndir. Yeganə xanım bu işin başındadır. Oğluma qarşı edilmiş sui-qəsddə köməkçi rolunda Yeganə xanım gedir. Oğlumu aldadıb dənizə aparan, hadisə baş verəndən hər şeyin təşkilatçısı Yeganə xanımdır. Həmin xanım heç bir əsas olmadan oğlum istirahətdə olduğu zaman, ona mənbəyi və mənşəyi bəlli olmayan yaxtatur gəzintisi hədiyyə edir və oğlumun zəhərlənməsi də həmin anlarda baş verir. Bu günə qədər Yeganə Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğunu və kimlər tərəfindən həyata keçirildiyini heç bir halda açıqlamır.

O, "Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən bu işi məhkəməyə ver, o halda mən adları məhkəmədə açıqlayacağam” deyir. Bunları təsdiq edən səs yazıları da var. Nə qədər çalışsam da, mən bu günə qədər onun ifadəsini aldıra bilmirəm. Yeganə xanım bu gün də açıqlaya bilmir ki, bu hadisə necə baş verdi, kim tərəfindən edildi. Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qaynanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idim və istəmirdim oğlum getsin”.

Yeganə Nağıyeva isə Emin Hüseynovun ölümündə adının hallandırılmasını haqsızlıq sayıb:

"Mərhum Emin Hüseynov heç vaxt mənim şirkətimə gəlməyib. Emini ikinci dəfə idi səfərə göndərirdim. Məlum hadisədən bir il əvvəl bal ayına göndərmişdim. Bal aylarında fərdi taransferlə tur təşkil etmişdim, otaqlarını bəzətdirdim. Heç özü ilə şəxsi tanışlığım olmayıb. Bizdən turu onların sürücüsü Balakişi müəllim alıb. Mən öz işimi görmüşəm. Sadəcə sürücüləri həmişə xahiş edirdi ki, müdirinin oğludur, elə edin narazı qalmasınlar. Antalya səfərində də yaxta turu təşkil etmişəm, atası yapışıb həmin turdan. Bəybala müəlimin özü turist səfərində olmayıb, ona görə də başa düşmür. Bu sahədə adi bilgisi də yoxdur. Heç kim bilmir ki, yaxta turu kim təşkil edib aparacaq. Dönə-dönə dedim ki, sizin bu işdə hansısa şübhəniz varsa, otelin kamera görüntülərinə baxın, kim gəlib aparıb, araşdırın. Həmin adamlar desin ki, Yeganəni tanıyıram. Yay dövrüdür, gündə yüzlərlə müştərim gəzməyə gedir. Absurd bir şeydi. Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək”, - deyə o bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.