SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Baş Prokurorluq Baş həkimin həbsindən sonra yaranmış durumla bağlı MƏLUMAT YAYDI

Baş Prokurorluq Baş həkimin həbsindən sonra yaranmış durumla bağlı MƏLUMAT YAYDI

Tarix:

12-02-2021, 00:55

/ 845 dəfə oxundu.
Baş Prokurorluq Baş həkimin həbsindən sonra yaranmış durumla bağlı MƏLUMAT YAYDI

Bəzi kütləvi-informasiya vasitələrində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işinin istintaqı ilə bağlı guya həmin tibb müəssisəsində xəstələrin müayinəsinin məhdudlaşdırıldığı və nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlərin yarandığına dair informasiyalar yayılmışdır.

Bu cür həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır və Baş Prokurorluq tərəfindən tam məsuliyyətlə təkzib olunur.

Belə ki, məlumat verildiyi kimi Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləmiş Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanmaqla, toplanmış sübutlar əsasında Cəlil Nəzərov 23 yanvar 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi ilə bağlı istintaqın aparılması davam etdirilir və iş üzrə prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri Masallı rayon Mərkəzi Xəstəxanasının gündəlik fəaliyyətinə hər hansı bir maneə törətmir və qeyd edilən müayinə prosedurlarına müdaxiləni tam istisna edir.
Cinayət işi üzrə vətəndaşların hüquqlarının bərpa edilməsi istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

***

Məlum olduğu kimi, ötən ay Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda xəstəxanada korrupsiya faktları ilə bağlı araşdırma gedir. Bu səbəbdən də xəstələrin müayinəsi məhdudlaşdırılıb. Nəticədə, rayonda əlilliyə görə təkrar müayinədən keçmək istəyən sakinlər üçün ciddi problemlər yaranıb.

Bu şikayətlə “Qafqazinfo”ya Masallı rayon sakinləri tərəfindən bir neçə müraciət daxil olub. Onlar bildirilər ki, əlilliyə görə pensiya və sosial müavinət alan şəxslər təkrar müayinədən keçmək üçün Masallı Rayon Mərkəzi Xəstəxanasına müraciət etsələr də, onlara hazırda araşdırma aparıldığını və xəstəxanada əlilliklə bağlı müayinələrin dayandırıldığını deyiblər.

Bəs müayinə vaxtı çatan şəxslər hara müraciət etməlidirlər? Müayinələr hansı müddətdən sonra bərpa olunacaq? Vaxtında müraciət etmədiyinə görə vətəndaşlarla bağlı hər hansı cərimə nəzərdə tutulurmu?

Bu barədə məlumat almaq üçün Masallı rayon Mərkəzi Xəstəxanasında baş həkimin səlahiyyətləri həvalə olunan Rasim Əzizovla əlaqə saxladıq. O bildirdi ki, korrupsiya faktları ilə bağlı araşdırma aparıldığından xəstəxana müvəqqəti bağlanıb. Təxminən 10 günə xəstəxana açılacaq və əlilliyə görə müayinə olunmaq istəyən şəxslər də həmin vaxt müraciət edə bilərlər:

“5-10 gün sonra bütün sənədlər aidiyyati üzrə ötürüləcək. Əlillik meyarlarına uyğun olanlar pensiya ala biləcəklər”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən isə bildirilib ki, vətəndaş müəyyən müddət itirəcək və həmin müddət ərzində pensiya və ya sosial müavinət almayacaq.

“Vaxtında səhiyyə müəssisəsinə müraciət edib, həkim komissiyasından keçərək Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilməlidir. Təyinat vaxtında aparılsa, vətəndaş vaxtında sosial müavinət və ya əmək pensiyası ilə təmin olunar. Lakin bu halda müəyyən müddət itəcək və vətəndaşın vaxtında arasıkəsilmədən sosial müavinət almaq şansı azalacaq”.

Agentlikdən həmçinin bildirilib ki, qanunvericiliyə əsasən, “forma 88” Alt Sistemə daxil edildikdən sonra əlillik 10-15 iş günü ərzində qiymətləndirilir.

Şərhlər

XƏBƏR LENTİ