XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC İDDİA

Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC İDDİA

Əli Həsənov şirkətlərini niyə ləğv etdi? - İLGİNC İDDİA
14-01-2021, 09:58

Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovun 7 ailə şirkətinin könüllü ləğv edildiyi açıqlanıb. Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində ləğv edilən şirkətlərin siyahısı dərc olunub. Bunlar “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər və “Kaspi Co” MTK-dır.

Adları çəkilən şirkətlər təhsil, media, reklam, ictimai iaşə, tibb, ticarət və tikinti sahələrində fəaliyyət göstərirdi.

Vəkil Aqil Layıc “Press Klub”a bildirdi ki, şirkət rəhbəri onun ləğvinə qərar verərsə, bu barədə elan verməli, tərəfdaşları varsa, onları xəbərdar etməlidir: “Şirkətin kreditləri varsa, kreditorlar və başqa tərəflər bundan xəbərdar olmalıdır”.

Belə məlumatlar yayılıb ki, Ə.Həsənovun ailəsinə məxsus şirkətlərdə son vaxtlar maliyyə durumu yaxşı deyildi, işçilərin maaşları ödənilmirdi. Vəkil deyir ki, şirkətlər ləğv olunsa belə, oradakı pozuntu hallarıyla bağlı araşdırmalar davam edə bilər:

“Ləğvetmə mülki məsuliyyətdən azad edə bilər, cinayət məsuliyyətindən isə yox. Araşdırma aparılıb, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi hallar üzə çıxarılarsa, bu halda, şirkətin ləğv olunması məsuliyyət daşıyan şəxsləri cəzadan yayındıra bilməz”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Əli Həsənovun ailə şirkətləri ilə bağlı baş verənlər avtoritar, korrupsiyalaşmış sistemlərə xas nümunədir. Ekspert bildirdi ki, şirkətlər Əli Həsənovun vəzifəsinin yaratdığı imkanlar hesabına əldə edilmişdi, o, vəzifəsini itirəndən sonra şirkətlərin də əlindən çıxması təbiidir:

“Korrupsiyanın hökm sürdüyü avtoritar ölkələrdə belə olur. Çünki biznes vəzifəyə bağlıdır. Biz belə nümunələrə görə deyirik ki, hökumət korrupsiyaya bulaşıb. Baş verənlər həm də oliqarxiyanın mövcudluğunun göstəricisidir. Əgər maliyyə resursları və siyasi resurslar eyni əldə cəmlənirsə, bu artıq oliqarxiyadır. Tutduqları siyasi postdan, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, biznes qururlar. Mən hələ büdcə vəsaitlərinin oğurlanması və bunun hesabına biznes qurulmasından danışmıram. Azərbaycanda klassik oliqarxik sistemdir. Yüksək vəzifəli məmurlarımızın hamısı həm də biznesmendir. Əvvəlki məmurlar bu cür işləmək hesabına milyarder oldu. İndi gələnlərin də işi göz qabağındadır. Korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə davam edir”.

Mehman Əliyevin fikrincə, Əli Həsənovun ailə biznesi kənar müdaxilələr hesabına çökdürülüb, şirkətlərin ləğvi də məcburiyyətdən olub:

“Bizneslərini əllərindən alırlar. Xüsusən cəzalandırılmış, daxildəki yazılmamış qaydaları pozanlara qarşı bu üsul tətbiq olunur. Əli Həsənov da bu kateqoriyadandır”.

Xatırladaq ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib. //PRESSKLUB.AZ//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.