XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Direktora ad günü töhməti və vətəndaşın küçədə cərimələnməsi... Bütün bunlar ədalət prinsipinə nə qədər uyğundur?

Direktora ad günü töhməti və vətəndaşın küçədə cərimələnməsi... Bütün bunlar ədalət prinsipinə nə qədər uyğundur?

Direktora ad günü töhməti və vətəndaşın küçədə cərimələnməsi... Bütün bunlar ədalət prinsipinə nə qədər uyğundur?
24-12-2020, 19:36

İnsanlar küçədə maskasını aşağı endirdiyinə görə 100 manat cərimə olunduğu halda Təhsil Nazirliyinin töhmət qərarını və direktorun qanun qarşısında cavabdehlikdən yayınmasını necə dəyərləndirmək olar?..
Natiq Cəfərli: “Direktora həm vəzifəli şəxs, həm də hüquqi şəxs kimi ciddi şəkildə cərimə tətbiq edilməli idi”.

Elçin Bayramlı: “Təhsil Nazirliyi belə rüsvayçı malalama cəhdinə görə ictimai qınağa məruz qalmalıdır. Üstəlik nazirliyə yuxarı orqanlardan sərt xəbərdarlıq edilməlidir”.

Xəbər verdiyimiz kimi 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.

Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənnilər də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər iki gündür sosial şəbəkələrdə geniş şəkildə yayılır. Videoların birində direktor məclisə dəvət etdiyi müğənni ilə qucaqlaşır, onlardan hədiyyələr qəbul edir, qonaqlar isə bu anı lentə alır. İkinci videoda isə direktor kəsilən tortu bir-bir qonaqlara özü yedirir. Başqa bir videoda isə Nailə xanım çiyinlərinə Azərbaycan bayrağı taxaraq məclis üçün kəsilən qoyun cəmdəyini parçalara ayırır.



Xatırladaq ki, Nailə Məmmədova bir neçə dəfə sosial şəbəkələrdə və ölkə mediasında gündəm olub. Həm də şair olduğunu iddia edən Nailə Məmmədova yazdığı şeirlərlə sosial şəbəkə istifadəçilərini güldürməyi bacarıb.

Bundan başqa N.Məmmədova rəhbəri olduğu məktəbdə özbaşınalıq, rüşvət və korrupsiya halları ilə bağlı yazlan yazılara görə ona zəng edən jurnalisti təhqir etməsi ilə də diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, ad günü ilə bağlı görüntülər yayıldıqdan sonra Təhsil naziri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət elan olunub. Sosial şəbəkələrdə məktəb direktoru Nailə Məmmədovanın sərt karantin rejimini pozaraq özünə ad günü keçirməsi və buna görə Təhsil Nazirliyinin direktora töhmət verməsi ciddi müzakirə obyektinə çevrilib.

Dünən isə Nailə Məmmədova sosial şəbəklərdə və yerli mətbuatda “üzr” vidosu yayıb. Sözü keçən videoda diqqət çəkən əsas məqam isə xanım direktorun yol verdiyi qanun pozuntusunda qətiyyən özünü günahkar hesab etməməsidir. Sitat: “Əgər mənim bu hərəkətim qəbahəhdirsə, onda mən Azərbaycan xalqından, Azərbaycan prezidentindən üzr istəyirəm”. Yəni Təhsil nazirindən şiddətli töhmət alan və Azərbaycanda karantin rejiminin pozulmasına nümunə yaradan məktəb direktoru “Əgər mənim bu hərəkətim qəbahəhdirsə...”, deyərək özü günahını etiraf etməkdən sadəcə qaçır. Əslində isə qanunlara bir daha hörmətsizliyini açıq şəkildə nümayiş etdirir.

Bu gün isə Nailə Məmmədovanın qardaşı, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov ifrat şəkildə bacısını müdafiə edərək baş verənlərin yayılmasına görə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə qarşı ittihamlar səsləndirib və və bir sıra məmurlara qarşı da təhqiramiz ifadələrdən istifadə edib. İctimai Nəzarət Koalisiyasının sədri olaraq Rasim Məmmədov həmçinin bacısınn əməlini ordumuzun zəfəri ilə küçələrdə sevinc yaşayan insanlarla əlaqələndirərk bildirib ki, inanmazdı ki, belə bir çəkiliş ola bilər. Həmçinin Rasim Məmmədov bacısının hüquqi şəxs olaraq karantin qaydasını pozduğuna görə 3000 min manat cərimə olunduğunu və Təhsil Nazirliyindən şiddətıi töhmət aldığını qeyd edib. Maraqlıdır ki, həmin məclisdə iştirak edən müğənni Mətanət İsgəndərlinin cərimə olunması ilə bağlı mətbuatda məlumat yer alsa da, Nailə Məmmədovanın cərimə olunması barədə heç bir məlumat yayılmayıb.

Xatırladaq ki, bundan əvvəl ölkədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı böyük qalmaqal yaşanmışdı. Həmin vaxt ictimai qydaları pozduğuna görə toy sahibləri, sabiq deputat İlham Əliyev və onun qudası məhkəmə tərəfindən 15 günlük həbs cəzası ilə cəzalandırılmış, toyda iştirak edən Siyavuş Novruzov isə YAP-dakı vəzifəsindən istefa verməyə məcbur qalmışdı.

Bəs insanlar küçədə maskasını aşağı endirdiyinə görə 100 manat cərimə olunduğu halda Təhsil Nazirliyinin töhmət qərarını və direktorun qanun qarşısında cavabdehlikdən yayınmasını necə dəyərləndirmək olar? Hazırda baş verənləri qanunların aliliyi və cəmiyyətdə ədalət prinsiplərinə nə qədər uyğun hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərliyə və ASAM rəhbəri, sosioloq Elçin Bayramlıya müraciət edib.

Natiq Cəfərli: “Qanuna bu şəkildə yanaşma cəmiyyətdə qıcıq yaradır”.

Buna gprə inzibati həbsə qədər cəza növünün olduğunu xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında bildirib ki, direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər:

“Töhmət inzibati cəza vasitəsi kimi Nazirlik tərəfindən verilib. Dövlətin isə karantin qaydalarının pozulmasına görə öz qayda, qanunları var. Qanuna görə karantin rejimi pozulanda hüquqi, fiziki və vəzifəli şəxslərə tətbiq olunan cərimə və cəza qaydaları var.

Təssüf ki, bu cərimə qaydalarından heç biri məktəb direktorun tətbiq edilmədiyini gördük. Amma inzibati həbsə qədər cəza növü var. Direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər. Amma direktora həm vəzifəli şəxs, həm də hüquqi şəxs kimi ciddi şəkildə cərimə tətbiq edilməli idi.

Bu baş verməyəndə və qanunun tətbiqində ayrı seçkiliyə yol verildiyində təbii ki, insanlarda ədalətə inam hissinin zədələndiyini görmək mümkündür. Çünki hazırda cərimələrlə qarşı insanlarda sərt reaksiya var. Xüsusən kasıb və imkansız insanlarda. Hətta cuzi hüquq pozuntusuna görə cərimələrin olduğunu görürük. Məsələn maska burnundan aşağı olduqda belə ona cərimə yazırlar. Buna görə də qanuna bu şəkildə yanaşma cəmiyyətdə qıcıq yaradır”.

Elçin Bayramlı: “Müharibədə 3 minədək övladımız canını ona görə qurban vermədi ki, onların 40-ı çıxmamış siz, ziyafətlər təşkil edib əylənəsiniz”.

Yanvardan etibarən hökumətdə və digər dövlət orqanlarda ciddi yeniləmələrin olacağına əmin olan sosioloq Elçin Bayramlı isə PİA.az-a bildirib ki, harın, bacarıqsız şəxslər işdən uzaqlaşdırılacaq, onların yerinə vicdanlı, peşəkar, savadlı yeni kadrlar gətiriləcək:

“Belə hallar cəmiyyətə çox pis nümunədir. Xüsusən də, bunu özlərini ziyalı hesab edənlər etdikdə. Ümumiyyətlə, məmurlara, ictimai şəxslərə cəzalar daha ağır olmalıdır, çünki onlar neqativ halara yol vedikdə cəmiyyətə və qanunun aliliyinə daha çox zərər vurmuş olurlar.

Bəli, polis yoxsul vətəndaşa maskanı taxdığı, lakin burnunu nəfəs almaq üçün açıq qoyduğuna görə tam qanunsuz və məntiqsiz olaraq (heç bir qanun, heç bir qüvvə insanı oksigen almaq hüququndan məhrum edə bilməz, ondan karbon qazı ilə nəfəs alaraq ölməsini tələb edə bilməz) maaşının yarısı qədər ağır cərimə yaza bilir, amma cəmiyyətin gözü qarşısında saymazyana, lotuyana, başqalarına acıq verirmişcəsinə kütləvi əyləncə mərasimləri təşkil edən varlılar çox yüngül “cəzalandırılır”.

Bu yanaşma dəyişməlidir. Qanun alidirsə, hamıya aid olmalıdır, cənab Prezidentin sözləri ilə desək, heç kimin xüsusi statusu yoxdur, heç kim toxunulmaz deyil, heç kim qanundan üstün deyil. Təhsil Nazirliyi belə rüsvayçı malalama cəhdinə görə ictimai qınağa məruz qalmalıdır. Üstəlik nazirliyə yuxarı orqanlardan sərt xəbərdarlıq edilməlidir.

Elçin Bayramlı: “Bu hərəkətklərinizlə, dövlətə, xalqa, prezidentə xəyanət edirsiniz. Sosila narazılıq yaradır, milli birliyə zərbə vurursunuz”.

Bu direktor və onun kimilərə isə demək istəyirəm ki, bir abrınız, həyanız olsun. Bəzi vətəndaşlarımız uşağına çörək ala bilmir, yoxsulluqdan, pandemiyadan zərər çəkir, adi məişət qayğılarını həll edə bilmir. Siz belə harın məclislərlə nə demək istəyirsiniz ki? Müharibədə 3 minədək övladımız canını ona görə qurban vermədi ki, onların 40-ı çıxmamış siz ziyafətlər təşkil edib əylərnəsiniz. Bir vicdanınız olsun.

Ümumiyyətlə vəzifələrdə belə adamlar nə gəzir? Filankəsin qohumudur, filankəsin kəndçisidir, deyə bunları kim qoyub ora? Qurtarın bu komediyanı. Bu hərəkətklərinizlə, dövlətə, xalqa, prezidentə xəyanət edirsiniz. Sosila narazılıq yaradır, milli birliyə zərbə vurursunuz. O nazir kreslonuz sizi xalqın, dövlətin cəzasından xilas etməyəcək.

Təklif edirəm ki, belə hallar olanda həmin məmuru ora təyin edən daha ciddi cəzalandırılsın.

Dəqiq əminəm ki, yanvardan etibarən hökumətdə və sair orqanlarda ciddi yeniləmələr olacaq, belə bivec, müftəxor, harın, bacarıqsız şəxslər işdən uzaqlaşdırılacaq, onların yerinə vicdanlı, peşəkar, savadlı yeni kadrlar gətiriləcək. Biz müharibədən sonra yeni ölkə qurmalıyıq, burada daha belələrinə yer yoxdur və olmayacaq da. Şələ-külələrini hazırlasınlar”.

pia.az

Direktora ad günü töhməti və vətəndaşın küçədə cərimələnməsi... Bütün bunlar ədalət prinsipinə nə qədər uyğundur?

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.