XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi"

Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi"

Ramiz Mehdiyevin kürəkəninə qarşı yeni ittiham - ”şirinlik" təklif edirdi"
17-09-2020, 12:30

Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev həbsxanadan çıxdığı gün verdiyi açıqlamalarla gündəm olmuşdu. Övladına toy edərək karantin rejimini pozan, buna görə də cərimələnən, 15 sutka həbs olunan İlham Əliyev qəzəbini əsasən jurnalistlərdən çıxmağa çalışdı.

Həbs edilmədən əvvəl “kefim yaxşıdır” deyə açıqlama verən kürəkən Əliyev həbsdən çıxan gün bunu yazan saytı cəzalandıracağını dedi. Bildirdi ki, əgər iki gün ərzində onun səs yazısını yaymasalar həmin saytı məhkəməyə verəcək.

Daha sonra Demokrat.az saytının rəhbəri Vasif Həsənli deputatdan aldığı açıqlamanın səs yazısını yaydı.

İlham Əliyev bundan sonra geri addım atmaq məcburiyyətində qaldı. Nə kimisə məhkəməyə verdi, nə də kimisə öz üsulları ilə cəzalandırmağı seçdi.

Vasif Həsənli Musavat.com-a açıqlamasında dedi ki, İlham Əliyevin onu məhkəməyə vermək üçün heç bir əsası yox idi. “Dedi ki, iki günə səs yazısını yayaq, biz də iki saata yaydıq. Yalan bir məlumat yaymamışdıq. Bizi hansı əsasla məhkəməyə verəcəkdi?” - deyə V.Həsənli bildirib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı İlkin Muradov da İlham Əliyevi həbsdən çıxarkən qarşılayanlar arasında idi.

İlkin Muradov İlham Əliyevin jurnalistləri hədələməsi və bu gün geri addım atması barədə danışıb: “Mən əvvəl də demişdim ki, kürəkən İlham Əliyevin indən belə ya hüquqi müstəvidə, ya da öz ağlındakı üsullarla kimisə cəzalandıra biləcəyinə inanmıram.

Ramiz Mehdiyev başda olmaqla, İlham Əliyevin də istəyi məsələnin müzakirə olunmamasıdır. Bundan sonra nəinki açıqlama vermək, kimisə məhkəməyə vermək, cəzalandırmaq fikirləri olmayacaq. Artıq Ramiz Mehdiyev də yazılarını dayandırıb. İlham Əliyevin həmin gün bir qədər qəzəbli çıxışı onun 15 sutkalıq cəza çəkməsi ilə bağlı idi. Məntiq bunu deyirdi ki, ölkə rəhbərliyindən, Azərbaycan xalqından bağışlanmasını istəyən İlham Əliyev hansısa media orqanını məhkəməyə verməyəcək və belə də oldu.

Çünki ictimai rəydə kürəkən İlham Əliyevin nüfuzu çox aşağıdır. O bilir ki, indən belə hətta mətbuata hücum etsə belə, bundan zərərli çıxacaq. Onun ən böyük istəyi odur ki, bu məsələ artıq qapadılsın, məsələ ictimaiyyətin müzakirəsindən düşsün".

İ.Muradov onu da qeyd edib ki, cəmiyyətdə İlham Əliyevin həbsdən çıxdıqdan sonra verdiyi açıqlama zamanı söylədiyi son fikirlər yanlış anlaşılıb:

“İlham Əliyev açıqlamasının sonunda jurnalistlərdən kameraları aşağı salmağı, söndürməyi xahiş etdi. Bundan sonra dedi ki, kim onun çıxışını tam olaraq versə, axşam ona zəng etsin. İlham Əliyev bildirdi ki, o, heç kimə borclu qalan oğlan deyil. Amma bəziləri bu fikirləri jurnalistlərə hədə-qorxu kimi başa düşdü. Ola bilsin ki, canlı yayını izləyərkən diqqətlə dinləməyiblər. Deyilir ki, guya həmin zaman İlham Əliyev onun çıxışını tam verməyənləri hədələyirdi. Amma İlham Əliyev onun fikirlərini, çıxışını tam verən jurnalistlərə ”şirinlik" təklif edirdi".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.