XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » YAP-ın növbədənkənar qurultayında kimlər gedəcək? - GƏLİŞMƏ

YAP-ın növbədənkənar qurultayında kimlər gedəcək? - GƏLİŞMƏ

YAP-ın növbədənkənar qurultayında kimlər gedəcək? - GƏLİŞMƏ
26-08-2020, 09:49

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Siyavuş Novruzovun partiyanın İcra katibinin müavini postundan istefasını qəbul edib. Bu barədə partiyanın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, YAP İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etməsi barədə xahiş etmişdi.

YAP-ın ən tanınmış siması - Novruzov kimdir?

Siyavuş Dünyamalı oğlu Novruzov 1969-cu ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində anadan olub. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış, III çağırış, IV çağırış, V çağırış və VI çağırış deputatı, Milli Məclisin Komitə sədridir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini olub. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.

Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbiçilər arasında keçirilən yarışın qalibi olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini,1999-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Hüquq üzrə fəlsəfə doktorudur. 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləyib. 1994-1999-cu illərdə YAP-ın Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb, 1995-2005-ci illər YAP-ın Gənclər Birliyinin sədri olub.

1987-1990-cı illər SSRİ ordusunda xidmət edib. 1990-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak edib. Qarabağ müharibəsi veteranıdır.

Prezidentin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə Xidmət Ordeni” ilə təltif olunub. 16 fevral 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan, rus və ingilis dillərini bilir.

Bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilə bilər. Bu barədə “Report”a partiyadakı mənbə bildirib. "YAP-ın növbədənkənar qurultayının keçirilməsi istisna edilmir. Hazırda bu məsələ partiyanın müzakirə mövzusudur",- məlumatda qeyd edilib.

“Yeni Müsavat” bildirir ki, bəzi müşahidəçilərə görə, YAP-da İcra Katibliyində və rəhbər strukturlarda, Siyasi Şurada, Mərkəzi Aparatda islahatlar olmalıdır. Gözlənilir ki, Prezidentin apardığı kadr islahatı tezliklə Yeni Azərbaycan Partiyasının rəhbər orqanlarını da əhatə edəcək. Konkret olaraq İdarə Heyətinin, İcra Katibliyinin və Siyasi Şuranın tərkibi əsaslı şəkildə yenilənəcək. Məsələn, məlum toy qalmaqalına görə cəzalandırılan BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov hələ də YAP-ın rəhbər strukturunda təmsil olunurlar.

YAP rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən bəzi deputatların qarşılıqlı ittihamlarla çıxış etməsi partiyada ciddi dəyişikliklər olacağı ehtimalını qüvvətləndirib. Partiyanın üzvü olan bəzi icra başçıları, onların müavinləri olan YAP-ın rayon təşkilatının sədrləri, digər vəzifəli şəxslər həbs ediliblər, barələrində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələrlə cinayət işi açılıb. Pia.az saytı iddia edir ki, islahat tərəfdarları olan YAP-çılar bildirirlər ki, əgər partiya növbədənkənar qurultaya getsə, bəzi yaşlı simaların, korrupsiya və rüşvətə görə həbsə düşənlərin, nöqsanlara görə vəzifədən kənarlaşdırılanların partiyanın rəhbər strukturlarından çıxarılacağı istisna deyil. Məlumdur ki, YAP-ın rəhbər strukturları - İdarə Heyəti, Siyasi Şura, İcra Katibliyi hakim partiyanın qurultaylarında formalaşdırılır. Onda dəyişikliyə gediləcəksə, növbədənkənar qurultay çağırıla bilər. Xatırladaq ki, YAP-ın sonuncu - VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.

Qeyd edək ki, YAP-ın Siyasi Şurası 84 nəfərdən ibarətdir. Siyasi Şura üzvlərinin 20-si həm də İdarə Heyətinin üzvləridir. Qeyd edək ki, ötən ildə YAP-da növbədənkənar qurultayın olacağı ilə bağlı xəbərlər yayılmışdı.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.