XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Səfirlərin “yarpaq tökümü” davam edəcək - TƏFƏRRÜAT

Səfirlərin “yarpaq tökümü” davam edəcək - TƏFƏRRÜAT

Səfirlərin “yarpaq tökümü” davam edəcək - TƏFƏRRÜAT
19-08-2020, 09:53

Prezident İlham Əliyev Dursun Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bundan əvvəl isə Eldar Həsənovun Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Eldar Həsənov avqustun 13-də maliyyə fırıldaqlarına yol verməkdə ittiham olunaraq saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) İstintaq Təcridxanasında saxlanılan Eldar Həsənovun vəkili Adil İsmayılov “Yeni Müsavat”a deyib ki, müvəkkili ittihamları qəbul etmir.

DTX-nin Xarici İşlər Nazirliyində gerçəkləşdirdiyi xüsusi əməliyyatlar zamanı qurumda rüşvət və korrupsiya sxemlərinin işlək olması təsdiqlənib. Eldar Həsənovun həbsindən əvvəl Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov həbs olunublar. Bundan sonra xarici işlər naziri Elmar Məmmədyarov vəzifəsindən çıxarılıb, iki müavini - Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb, saatlarla ifadə veriblər. İstintaq hərəkətləri davam etdirilir və bir neçə səfirin, diplomatik korpus nümayəndəsinin istintaqa cəlb ediləcəyi haqda da məlumatlar var.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, XİN-də baş verənlər illər idi ki, ölkə ictimaiyyətini narahat edirdi və bu məsələlərə nöqtə qoyulması məsələsi uzun zaman idi ki, gündəmdə idi: “Şəxsən tanıdığım şəxs vardı, hansı ki, bir neçə xarici banklardan birindən külli miqdarda kredit alıb qaytarmırdı. Məhkəmə çəkişmələrində bizə deyirdi ki, mən yaxınlarda yüksək vəzifəyə təyin olunacağam. Doğrudan da belə də oldu, onu xarici ölkələrdən birinə konsul təyin etdilər, sonra da daha yüksək vəzifəyə apardılar. Bu adam bu gün Azərbaycanın xarici diplomatik nümayəndəliklərindən birinin rəhbəridir. Əslində isə bu adamın diplomatik fəaliyyətə heç bir aidiyyəti yoxdur, bunun heç təhsili, qabiliyyəti, bacarığı da yol vermirdi. Səfirlik konkret olaraq bu adamlıq deyil, amma oturub vəzifədə.

Başqa bir neçə səfir haqda da məlumatım var. Hansılar ki, dürüst adamlar da deyillər. Pul məsələləri bu adamlar üçün hər şeydən üstündür. Yəni pul müqabilində nə desən edərlər. Bu adamlar gedib xaricdə Azərbaycanın maraqlarını qoruyacaq? Əlbəttə ki, yox. Bu adamların o cür vəzifələrə təyinat almaları həmişə məni təəccübləndirib. Belə fikir formalaşıb ki, Azərbaycanın xaricdəki səfirliklərinin bir çoxu məhz sonradan rüşvət alıb səfir təyin etmək üçün yaradılıb. Bu adamlar heç vaxt Azərbaycanın maraqlarını müdafiə etməyiblər, etməyəcəklər də. Sadəcə Azərbaycanın dövlət büdcəsindən ayrılan pulları özlərinin və ətraflarının güzəranlarına xərcləməklə məşğuldurlar. Bilgisi, səriştəsi olmayan şəxsin səfir olması bizə nə verə bilər? Efiopiya, Vyetnam, Latın Amerikası ölkələrində Azərbaycan kimi balaca bir ölkənin səfirlik saxlaması nəyə xidmət edir? Bizim Ermənistanla problemimiz var və dünya dövlətlərini öz tərəfimizə çəkmək üçün başqa yollar da var. Digər tərəfdən də dünyada maksimum 10 dövlət var ki, Qarabağ məsələsinə təsir edə bilər. Qalanlarının isə təsir imkanları yoxdur, olsa belə bunu etməyəcəklər. Necə ki, Azərbaycan dövlətlərarası münaqişlərə qoşulmur, onlar da qoşulmayacaqlar”.

Əkrəm Həsənov deyir ki, səfirliklər ənənəvi mahiyyətini itirib: “Müasir dünyada səfirliklər əvvəlki mahiyyətini itirib. Səfirlik yerləşdiyi ölkə haqda informasiya toplayıb ötürürdü. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, ora barəsində internetdə məlumat olmasın. Bu gün Azərbaycanın 60-dan çox ölkədə səfirlik saxlamağı mənasızdır. Səfirliklərdə ştat sayı da o qədər böyükdür ki, əvəzində həmin ölkədə fabrik, zavod açıb işçiləri orada işlətmək olar. Təsəvvür edin ki, ABŞ-ın Azərbaycandakı səfirliyi sürücü və xidmətçi vəzifəsinə işçi götürərkən Azərbaycan vətəndaşlarına üstünlük verir. Yəni Amerikadan bura sürücü gətirmirlər ki, buradakı səfirlik işçilərini ora-bura aparsın. Azərbaycanının xarici səfirliklərində isə belə deyil. Səfirliklərə sürücüləri, xidmətçiləri belə özləri ilə aparırlar. Təbii ki, sürücü ilə yanaşı onun ailə üzvləri də səfirliyi olduğu ölkəyə gedir. Sürücünün, onun ailəsinin xarici ölkədə qalması üçün kirayə evdən tutmuş ailə üzvlərinin işlə təminatı, uşaqlarının məktəb xərcləri də səfirlik xətti ilə Azərbaycan büdcəsindən ödənilir. Səfirliklərdə olan işçilərin böyük əksəriyyəti sadəcə əl-qolunu sallayıb oturmaqla məşğuldur, çünki məşğul olmaları üçün iş də yoxdur. Əsas məsələ - bütün səfirliklərdə ən varlı 2 vəzifəli var - səfir və mühasib. Vəssalam. Halbuki mühasibatlıq işini onlayn etmək və Xarici İşlər Nazirliyi üzərindən idarə etmək olar. Pullar bu adamların əlindədir və istədikləri kimi də saga-sola xərcləyirlər. Bundan Azərbaycan dövlətinə nə xeyir gələ bilər? Anqolada, Efiopiyada, Banqladeşdə, Bosniyada Qarabağla bağlı tədbir keçirib nəyə nail ola bilərik? Əslində isə o pulları dünyada nüfuz sahibi olan ölkələrdə daha ağıllı şəkildə xərcləyib nəyəsə nail ola bilərik. Bu gün Diasporla İş üzrə Komitə var. Qarabağ məsələsində bu komitə üzərindən haqq səsimizi dünyaya çatdıra bilərik. Elmar Məmmədyarov səfirliklər üzərindən Azərbaycanının maraqları baxımından hansı addım atıb? Azərbaycanca danışa bilməməsi bir kənara, fəaliyyəti də yox idi. Son zamanlar isə XİN-dəki rüşvət və korrupsiya haqda mətbuatda elə yazılar oxuyurduq ki, bu məsələlər mütləq şəkildə araşdırılmalı, cinayət təqibləri aparılmalıdır. Kimdir Elmira Axundova? Bu adam necə oldu gedib Ukraynada səfir oldu? O, Ukraynada Azərbaycanı necə təmsil edə bilər? Bu adamın adı Azərbaycanda qalmayan cinayətlərdə hallanıb. Onun səfir təyinatı üçün 1 milyon dollar rüşvət ödəməsini mətbuat səfir təyinatından öncə yazıb. Əlbəttə bu məsələlər araşdırılmalıdır. Azərbaycanda ali təhsil müəssisələrindən hər il onlarla, yüzlərlə diplomat təhsilli məzun buraxılır. Diplomatiya Akademiyası, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universitetindən buraxılan bu qədər diplomata XİN-də iş vermirik, əvəzində gedib adı cinayət işlərinə qarışan, banklardan pul alıb qaytarmayan, azərbaycanca düz-əməlli danışa bilməyən şəxsləri səfir göndəririk. Sonra da deyirik ki, güclü erməni diasporu var, xaricdə bizi üstələyir. Əslində isə Azərbaycanın səfiliklərə ayırdığı pulun müqabilində görülən iş olduqca azdır. Bunun başlaca səbəbi də rüşvət və korrupsiyadır ki, XİN-də tüğyan edirdi”.

Əkrəm Həsənov deyir ki, istintaq rüşvət müqabilində, yuxarı vəzifələrdəki qohum-qardaşlarının vəzifələrindən sui-istifadə edərək səfir, konsul göndərilən şəxslərlə bağlı xüsusi araşdırma aparmalı, belə şəxslər XİN-dən uzaqlaşdırılmalıdır.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.