SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cahangir Hacıyevin işində yeni gəlişmə - Cəzası azaldılacaqmı?

Cahangir Hacıyevin işində yeni gəlişmə - Cəzası azaldılacaqmı?

Tarix:

14-01-2020, 12:16

/ 1 164 dəfə oxundu.
Cahangir Hacıyevin işində yeni gəlişmə - Cəzası azaldılacaqmı?

Yanvarın 14-də Sabunçu Rayon Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərilərinin müraciətinə baxılacaq. Cahangir Hacıyev və digəriləri barələrindəki hökmə qanunvericilikdə olan dəyişikliklərə istinadən yenidən baxılmasını istəyirlər.

Cahangir Hacıyevin bu müraciəti onun şərti azadlığa çıxa biləcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudovun şərti cəza ilə azadlığa buraxılmasından sonra qudası Cahangir Hacıyevin də azad oluna biləcəyinə dair iddialar səslənir.

Bildirilir ki, Cahangir Hacıyevin yaxın 1 il ərzində əfv, şərti cəza, xəstəliyi ilə əlaqədar cəzadan azad etmə və bu kimi tədbirlərlə azad olunma ehtimalı böyükdür. Hazırda Cahangir Hacıyev, onun dostu Dünyamin Xəlilov və digərləri Bakı Apelyasiya Məhkəməsinə şikayət verərək cəzaların azaldılmasını, onlara bəraət verilməsini istəyirlər. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Cahangir Hacıyevin bacanağı, cinayət işində təqsirləndirilən şəxs olan İsmayıl Hidayətzadə də apelyasiya şikayəti verib. Hakimlər onun şikayətinə C.Hacıyevin şikayəti ilə eyni icraatda baxılması ilə bağlı qərar qəbul ediblər.

Cahangir Hacıyevin vəkilləri apelyasiya şikayəti ilə yanaşı, Sabunçu Məhkəməsinə də müraciət edərək onun barəsində olan birinci hökmlə bağlı qanunvercilikdə olan dəyişikliklərə əsasən baxılmasını istəyiblər. Sabunçu Rayon Məhkəməsinə təqdim olunan ərizədə qeyd olunub ki, dəyişikliklərə əsasən Cinayət Məcəlləsini 179-cu maddəsinin sanksiyasının yuxarı həddə olan cəzası aşağı salınıb. Buna görə də vəkillər Cahangir Hacıyevin cəzasının azaldılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət ediblər.

Yada salaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayətzadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayətzadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayətzadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib. Eyni cəzanın Cahangir Hacıyevin barəsində də veriləcəyi istisna olunmur.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ