“Arayış qeydiyyata düşmək üçün sənəddir, mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında jurnalistlərin 2-ci binasındakı mənzillərə “kupça” verilməsi ətrafında yaranmış qeyri-müəyyən vəziyyətə münasibət bildirən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.
Qulu Xəlilovun sözlərinə görə, “kupça”ların hazırlanması üçün müvafiq protokoldan çıxarış tələb olunur: “Binanın qarşısına gedib, ay jurnalistlər, sənədlərinizi mənə verin, “kupça”nızı verək, desəm, mənə hansı sənəd təqdim edəcəklər? Sənəd yoxdur. Arayış deyirlər… Arayış qeydiyyata düşmək üçün sənəddir, mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil. Biz bilmirik ki, hansı mənzil kimə verilib. Əldə sənəd yoxdur. Bizə protokoldan çıxarış lazımdır. Bunu bizim qurumun boynuna atmaqla deyil ki… Bizə sənəd təqdim edilməlidir ki, biz də çıxarış verək. Təklif etmişdik ki, sənədlər bizə təqdim olunsun, Mətbuat günündə jurnalistlərə sürpriz edib, çıxarış verək. Ancaq bizə bildirdilər ki, sənədlər tam hazır deyil. Vüqar Səfərli deyir ki, Əmlak Komitəsi sənəd verməlidir, ancaq əslində, onlar bizə sənəd verməlidir ki, biz də onun əsasında çıxarış hazırlayaq. Bu məsələdə bizim Komitənin günahı yoxdur”.