“2013-cü ildə mənzil almışam. 6 ildir həmin mənzilə çıxarış ala bilmirəm. İDF MMC illərdir bizdən kommunal xidmət haqqı və s. kimi əlavə xərclər tələb edir. İndi də heç bir borcu olmayan mənzilimə kupça (mülk sənədi) almaq üçün məndən 250 manat rüşvət istəyir. Mənim isə bu pulu ödəməyə imkanım yoxdur”.
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Yeni Bakı” Yaşayış Kompleksinin sakini Ramin Hüseynov belə deyir. O, aidiyyatı qurumlardan xahiş edir ki, onların problemlərinin həllinə yardımçı olsunlar.
Həmin şəhərciyin daha bir sakini Füzuli Yusifov isə deyir ki, tikinti şirkəti onlara çıxarışların alınması ilə əlaqədar lazım olan sənədlərin verilməsində problem yaradır:
“Əmlak Komitəsinə təqdim edilmək üçün lazım olan maliyyə arayışı, protokoldan çıxarış və eskiz layihə İDF tərəfindən müəyyən haqq ödənildikdən sonra verilir (otaq sayından asılı olaraq 150-350 manat arası). Bununla yanaşı, kommunal xidmətlərə görə də “borc” tam ödənilməlidir. Sakinlə razılaşdırılmamış kommunal xidmət haqqını onlar sakinin borcu kimi qiymətləndirirlər. Hər m2-ə görə 40 qəpik vəsait istəyirlər ki, həmin vəsait qarşılığında heç 20 qəpilik xidmət göstərmirlər. Qeyd olunan problemlərə görə İDF sakinlərə onların haqqı olan sənədləri verməkdən imtina edir”.
Sakinlərdən Dilarə Əsgərova isə “Yeni Bakı”dakı evini 2011-ci ildə alıb. 2014-cü ildən isə burada yaşayır. Deyir, nəinki yaşadığı vaxt ondan tələb edilən kommunal haqqını çox sayır, hətta yaşamadığı illərdə də ona kommunal borc yazılıb:
“Bundan əlavə, qaz sayğacına 250 manat vermişəm. 350 isə əlavə istəyirlər. İndi də kupça almaq zamanı yetişib. Deyirlər, 250 manat da buna verməlisən. Hardan alım o qədər pulu?”
D. Əsgərova deyir ki, 2013-cü ildən bu yana kommunal haqqı ödəməyib. Onlar və sayğaca verəcəyi pulların üstünə də 250 manatı gələndə o, kupça almaq üçün azı 3 min manat ödəməli olacaq. Buna isə imkanı çatmır:
“Bunların hamısını ödəməmiş isə kupça vermirlər. İndi mən nə etməliyəm? Evimə sənəd almamalıyam? Halbuki bütün bunlara görə vətəndaşdan bir qəpik tələb edilməməlidir. Ən azından qanunlar bunu deyir”.
Sakinlərdən Natiq Məmmədov da deyir ki, ondan tələb edilən pul qanunsuzdur və ödəmək fikrində deyil:
“Prezidentin fevralda çoxmənzilli binaların kupça təmin olunması əmrinə baxmayaraq, İDF MMC-rəhbəri Elnur Hüseynov bizdən buna görə qanunsuz pul tələb edir. O, verilən əmr və sərəncamlara məhəl qoymur. Belə ki, Əmlak Komitəsindən qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər – maliyyə arayışı, evin eskiz layihəsi, ümümi toplantının protokolu kimi sənədlərin verilməsi üçün İDF MMC-nin rəhbəri Elnur Hüseyov sakinlərdən 1 otaqlı mənzil üçün 150, 2 otaqlı üçün 250 3 otaqlı üçün 350, 4 otaq üçünsə 500 manat rüşvət tələb edir. Və bildirir ki, yığılan vəsaitin 102 min manatını Əmlak Komitəsinə verəcək”.
Sakinlər problemləri ilə bağlı bugünədək Prezident Administrasiyasına, Abşeron Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məktub yazıblar. Hər birindən “bu məsələlər bizlik deyil” – cavabını alıblar. Son çarəni problemlərini ictimailəşdirməkdə görüblər.
Prezident İlham Əliyev fevralın 19-da “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Fərman imzalayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov bu fərmanın 400-dək yaşayış kompleksinə şamil olunacağını, 50 minədək mənzili əhatə edəcəyini söyləyib.
Q.Xəlilov bildirib ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı on minlərlə ailənin sevincinə səbəb olub: “2019-cu il yanvarın 1-dən etibarən hazır çoxmənzilli yaşayış binalarının qeydiyyat proseduru sadələşdirilib. Əvvəl bəzi belə binalarda yaşayan vətəndaşlar bir çox problemlə üzləşirdi. Lakin bundan sonra qeydiyyatla bağlı problemlər öz həllini tapacaq. Əmlak Məsələləri Dövlət Komitəsi qısa müddət ərzində müəyyən olunmuş qaydada bu binalarda mənzillərin dövlət qeydiyyatına alınmasının təmin edəcək, sakinlərə çıxarışlar təqdim olunacaq. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri birbaşa vətəndaşların ünvanına gətirilir. Səyyar xidmət göstərən ƏMDK-nin əməkdaşları tərəfindən vətəndaşlara çıxarışlar yaşayış ünvanında yerindəcə təqdim olunacaq”.