SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Daha bir “mahmudovçu” generalın işi Ali Məhkəmədə - GƏLİŞMƏ

Daha bir “mahmudovçu” generalın işi Ali Məhkəmədə - GƏLİŞMƏ

Tarix:

1-08-2019, 14:03

/ 918 dəfə oxundu.
Daha bir “mahmudovçu” generalın işi Ali Məhkəmədə - GƏLİŞMƏ

Bu gün, avqustun 1-də Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə MTN general-mayoru Elçin Quliyev və polkovnik Azər Mehdiyevin kasasiya şikayətinə baxılacaq. Elçin Quliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisidir, Azər Mehdiyev həmin mərkəzin işçisi olub.

Azər Mehdiyev və digər MTN əməkdaşları 2015-ci ilin oktyabrında, Elçin Quliyev isə həmin ilin dekabrında həbs edilib. MTN-dəki məlum yoxlamalardan sonra Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilib.

Həmin günlərdə uzun illər Elçin Quliyevin müavini vəzifəsində olmuş İlqar Əliyev və digər “mahmudovçu”lar həbslərinin ilk günlərini yaşayırdılar. Elçin Quliyevin yeni təyinatını bir çoxları onun həbs edilməyəcəyinin təminatı hesab edirdi. Lakin 2015-ci il dekabrın 20-də İlqar Əliyevi Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada asılmış vəziyyətdə aşkar etdilər. O günlərdə Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov sonradan vəkili vasitəsilə ictimaiyyətə İlqar Əliyevin döyülərək öldürüldüyünü, sonradan isə asıldığını çatdırdı.

İlqar Əliyevin müəmmalı ölümündən sonra onun qardaşı İsmayıl Əliyev “Yeni Müsavat”a olduqca ilginc açıqlamalar vermişdi. Demişdi ki, Elçin Quliyev qardaşının yasına qatıldığına görə həbs olunub.

Ali Məhkəməyə üz tutan Elçin Quliyev Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Məhkəmə hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. Hökmdən narazı qalan hər iki şəxs apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi isə apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.

Elçin Quliyevdən əvvəl Ali Məhkəməyə MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Natiq Alıyev və iş üzrə zərərçəkmiş İlqar Nəriman oğlu Əliyevin kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilmişdi.

Hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər kasasiya şikayətini geri götürdükləri elan etmişdilər.

Bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsində MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası qərar çıxarmışdı. Qərara əsasən, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılılıb.

Maraqlıdır ki, bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barələrindəki məhkəmə qərarından verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi gözlənilmədən baş tutmamışdı. Belə ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə Akif Çovdarov və digər şikayət edən şəxslər şikayətlərini geri götürmələri barədə ərizə veriblər və bu ərizə təmin olunub. Bu səbəbdən kasasiya şikayətləri baxılmamış saxlanılıb.

Sabiq MTN-çilərin ard-arda Ali Məhkəməyə şikayətlərindən vaz keçmələri bu məsələyə diqqəti artırır. “MTN işi” üzrə gözlənilməz gəlişmə müşahidə edilməkdədir. 2015-ci ilin oktyabrında Eldar Mahmudovun həbsə alınan komandasının üzvlərinə məhkəmələrində loyal münasibət müşahidə olunur. Məsələn, MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası 1 il azaldılaraq, 4 ilə endirilib. Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib.

A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunmuşdu. 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə meyiti saxlandığı istintaq təcridxanasındakı kamerasında aşkar olunmuşdu. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. “Mahmudovçu” generalların Ali Məhkəməyə qədər uzanan yoldan qəfil geri çəkilmələri təsadüfi hesab oluna bilməz. Belə görünür ki, hər birinin gözləntiləri var. Bu gözləntinin nəyə əsaslandığı isə uzun müddət sirr kimi qalmaya da bilər.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ