XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Prezident Aparatından qovulan Avtandil Bayramov ADPU-da “at oynadır” - ARAŞDIRMA

Prezident Aparatından qovulan Avtandil Bayramov ADPU-da “at oynadır” - ARAŞDIRMA

Prezident Aparatından qovulan Avtandil Bayramov ADPU-da “at oynadır” - ARAŞDIRMA
16-02-2017, 17:44

İham Əliyevin işdən qovduğu kadrın universitetdə “meydan sulaması”na kimlər şərait yaradır?
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) etirazlar günbəgün artmaqdadır. Kollektiv yeni təyin olunan rektor Cəfər Cəfərovdan daha çox, universitetin İnsan resursları şöbəsinin müdiri Avtandil Bayramovdan narazıdır. Çünki C.Cəfərovun “sağ əli” hesab olunan A.Bayramov rektorun ona olan inamından istifadə edərək ADPU-da “at oynadır”.
Universitetdə narazılıq ilk olaraq ondan başladı ki, Avtandil Bayramovun göstərişi ilə müəllimlər hər iş günündə, dərs keçmədiyi günlərdə belə, ADPU-nun mərkəzi korpusuna gəlib iş cədvəlinə qol çəkməlidirlər. Bu isə müəllimlər, xüsusən yaşlı müəllimlər üçün problem yaradır. Çünki şəhərin müxtəlif istiqamətlərində universitetin 4 korpusu fəaliyyət göstərir və müəllimlərin gün ərzində həm mərkəzi korpusa getməsi, həm də digər korpuslara gedib dərs tədris etməsi fizki baxımdan çətinlik törədir.
Bu qaydalar tətbiq olunanda haqlı olaraq etiraz olundu ki, xüsusən də Bakıdan kənarda yaşayan yaşlı, təcrübəli müəllim dərs olmayan günlərdə nə səbəbə universitetə gəlib, mərkəzi korpusda “tabel”ə qol çəkməlidir? Səbəb nədir? Bu üstəlik, indiki çətin iqtisadi şəraitdə müəllim üçün əlavə maddi itkidir.
Bu baxımdan ADPU-nin müəllim heyəti vaxtilə türmədə nadzor işləyən Avtandil Bayramova “bu universitet türmə, biz də məhbus deyilik”- deyə etiraz etdilər.
Həmin vaxt Avtandil Bayramov bu etirazlara məhəl qoymadığından 50-dək müəllim işdən getmək üçün ərizə yazdı. Sonradan rektor bu işə müdaxilə etdi və müəllimlərin narazılığının qarşısı müvəqqəti olaraq alındı. Ancaq “babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə işləyən kadrlar şöbəsi müdirinin yaşlı, təcrübəli müəllimlərlə kobud, qaba davranışı və tətbiq etdiyi qaydalar hələ də davam etməkdədir.
Xatırladaq ki, 14 ixtisas üzrə müəllim və tərbiyəçi kadrlar hazırlayan universitetin 10 fakültə, 55 kafedrası var. ADPU-da 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru, professor, 329 nəfəri fəlsəfə doktoru, dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir.
Avtandil Bayramovun tələbinə əsasən, elmi dərəcəsindən və yaşlı-cavan olmasından asılı olmayaraq hansısa müəllim “tabel”ə qol çəkməyə 10-15 dəqiqə geciksə, “qara siyahıya” düşəcək və bu hal davam edərsə “proqul” adı ilə işdən qovulacaq.
Təbii ki, 80 faizə yaxın işçisi qadın olan Azərbaycan Dövlət Pedaqoji Universitetində keçmiş nadzorun tətbiq etdiyi bu qaydalar və professor və akademiklərlə əmr tonunda danışması ADPU-da vəziyyəti getdikcə kritikləşdirməkdədir. İnsanlar belə düşünür ki, kadrla şöbəsinə rəhbərlik edən adam ilk növbədə etik normalara riayət etməyi və kollektivlə normal münasibət qurmağı bacarmalıdır. Təəssüf ki, Avtandil Bayramov haqqında tamamilə fərqli informasiyalar almaqdayıq...
Bəllidir ki, son illər indi elm sahəsinə gələnlər azdır. Bunu akademiyanın prezidenti də, təhsil naziri də dəfələrlə etiraf ediblər. Azərbaycanda fəlsəfə doktorlarını-elmlər namizədlərini nəzərə almasaq, 1800 nəfər elmlər doktorları var. Onların 1200-ü ali məktəblərdə, qalan 600-ü isə Milli Elmlər Akademiyasında və digər elmi-tədqiqat institutlarında çalışırlar. Hazırda universitetlərdə, o cümlədən də Pedaqoji Universitetdə elmlər doktoru, professorlar yaşlı, təcrübəli müəllimlərdir. Onların təcrübəsindən yararlanmaq, qayğılarına qalmaq əvəzinə, qapını göstərib, “get səhhətini qaydaya sal, sala bilmirsən, gəlib yer tutma” kimi ifadələrlə hörmətsizlik edilməməlidir.
Bütün bunlar öz yerində. Lakin son vaxtlar Avtandil Bayramov haqqında tamamilə fərqli informasiyalar mövcuddur. Belə ki, ADPU-ya rektor təyin edilən Cəfər Cəfərovun qarşısında qoyulan əsas tələblərdən biri rüşvətin kökünü kəsmək olsa da, onun “sağ əli” olan A.Bayramovun universitetdə yeni rüşvət ocağı yaratdığı bildirilir. Bu haqda redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, son vaxtlar ADPU-nun ümumilikdə 1616 nəfər işçisindən 150 ixtisara düşüb. Doğrudur, onların arasında müəllimlər yoxdur. Lakin mənbə iddia edir ki, adları “qara siyahı”da olan müəllimlər Avtandil Bayramovla “anlaşdıqdan” sonra öz işlərini qoruya biliblər. Təxminən 20-dək müəllimin rektorun özü ilə gətirdiyi “islahatçı” kadrı yaxından “gördüyü” və bu görüşün onların hər birinə ən azı 10 min manata başa gəldiyi vurğulanır.
Bundan əlavə belə bir iddia var ki, yeni rəhbərlik gələndən sonra universitetə laboranat vəzifəsində işləyənlər müəllim vəzifəsinə keçirlib, dosentlər isə kənarda qalıb. Əvvəllər Avtandil Bayramov bildirib ki, müəllimlərin işə qəbulu imtahanla olacaq. Lakin sonrdan onun öz “testindən” keçənlər nəinki öz işlərində qalıb, üstəlik irəli çəkilib.
Hazırda “sağ əli”nin əməllərindən rektorun xəbərdar olub-olmadığı sual doğurur. Amma artıq ADPU-da rüşvətin “taskı”sının da qalxdığı bildirilir və bu baxımdan istisna olunmur ki, Cəfər Cəfərov bütün bunlardan xəbərdar olmamış deyil...
Maraqlıdır, rektorun “islahatçı” kadrı Avtandil Bayramov kimdir və onun universitetdə “meydan sulaması”na kim imkan tanıyır?
Bu suala cavab verən mənbə vurğulayır ki, A.Bayramov eks-prezident Ayaz Mütəllibovun prezidentliyi dönəmində Prezident Aparatında çalışıb. Özü isə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin kadrı hesab olunur. Azərbaycan dilində doğru-dürüst danışa bilməyən A.Bayramovu mərhum dövlət başçısı Heydər Əliyevin hakimiyyəti dönəmində maskalanaraq çalışsa da, onun 2004-cü ildə Rusiyaya xidmət etdiyinə və çoxsaylı qanunsuz əməllərinə görə prezident İlham Əliyev tərəfindən işdən qovulduğu bildirilir. Hətta onun Prezident Aparatından əliqandallı çıxarıldığı deyilir. Sonradan isə məlum olmayan səbəblərdən “bəraət” aldığı haqda informasiyalar var.
Bütün bunlardan sonra ADPU-nun rektoru Cəfər Cəfərovun Avtandil Bayramova “meydan verməsi” heç cür başadüşülən deyil. Axı bu adamda hansı müsbət keyfiyyət var ki, universitetdə ağsaqqal müəllimləri, professor və akademikləri dəfələrlə təhqir etməsinə rəğmən, ona “gözün üstündə qaşın var” deyən yoxdur?!
Hər halda, yaxın günlərdə bu və digər suallara cavab taparıq. Bizi izləyin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.