SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » ABŞ-la Rusiyanın Qərargah rəisləri niyə Bakıda görüşür?

ABŞ-la Rusiyanın Qərargah rəisləri niyə Bakıda görüşür?

Tarix:

16-02-2017, 17:04

/ 1 493 dəfə oxundu.
ABŞ-la Rusiyanın Qərargah rəisləri niyə Bakıda görüşür?

Xəbər verdiyimiz kimi, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Bakıda səfərdədirlər. Bu gün prezident İlham Əliyev hər iki ölkənin Qərargah rəislərini qəbul edib. Detalları hələ ki, mətbuata açıqlanmasa da, belə bir görüş üçün məhz Bakının seçilməsi dünya, eləcə də yerli medianın diqqət mərkəzindədir. Maraq üçün onu da qeyd edək ki, bu, Danfordla və Gerasimov arasındakı ilk görüş olacaq. İlk dəfə Bakıda üz-üzə gələcək lider dövlətlərin Qərargah rəislərinin nəyi müzakirə edəcəkləri ilə bağlı ekspert rəyləri isə birmənalı deyil.

Lakin əksər ekspertlər bu görüşü Azərbaycanın həm ABŞ, həm də Rusiya ilə yaxın, balanslı münasibətlər qurması, strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməsi ilə əlaqələndiriblər. Onlar hesab edirlər ki, bu görüş İlham Əliyevin həm ABŞ prezidenti Donald Trampla, həm də Rusiya prezidenti Vladimir Putinlə yüksək səviyyəli əlaqələr qurmasının, hər iki liderin İlham Əliyevi etibarlı tərəfdaş kimi görməsiylə bağlıdır.

Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, ABŞ, Rusiya və Azərbaycanın Bakı görüşündə əsas müzakirə mövzusu İranla bağlı olacaq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Bakı artıq istər geosiyasətdə, istər regional siyasətdə vacib faktordur, hər iki fövqəldövlətin Azərbaycanın roluna verdiyi dəyərdir:

“Lakin mən elə başa düşürəm ki, görüşün əsas məğzinin Bakı ilə çox əlaqəsi yoxdur. Burada İranla bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Bildiyiniz kimi, Tramp İrana qarşı sərt mövqedədir, müharibəyə hazırlaşır. Amma Rusiya ABŞ-ın İrana qarşı müharibə elan etməsinin əleyhinədir. Səbəbi isə Azərbaycanla əlaqəlidir. Belə izah edir ki, əgər ABŞ İrana qarşı müharibə edərsə, İrandakı azərbaycanlılar miqrasiya edə bilərlər. Bu zaman onlar Azərbaycana gələcəklər. Azərbaycan isə MDB üzvü olduğundan cənubi azərbaycanlılar rahatlıqla Rusiya ərazisinə keçə biləcəklər. Bu isə Rusiyada sosial-iqtisadi gərginliyin yaranmasına gətirib çıxara bilər.

Yəqin ki, Cozef Danford Bakı səfərində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə izah etməyə çalışacaq ki, İrana qarşı müharibə miqrasiyaya səbəb olmayacaq. ABŞ İranda nüvə istehsal edən zavodları vuracaq. Lakin belə başa düşürəm ki, bu məsələdə İranda olan bəzi qüvvələr çalışacaqlar ki, Azərbaycanın adını neqativ planda hallandırsınlar. Azərbaycanın İrandakı müharibəyə münasibəti bəllidir. ABŞ-a imkan verməyəcəyik ki, ərazimizdən İrana qarşı istifadə edilsin. Azərbaycan ərazi bütövlüyü pozulmuş dövlətdir. Ona görə də ərazi bütövlüyü prinsipi bizim üçün vazkeçilməz dəyərdir. Biz bütün dövlətlərin o cümlədən İranın ərazi bütövlüyünün pozulmamasının tərəfdarıyıq.

Trampın İrana qarşı aqressiyası hakimiyyətə gəldiyi gündən bəri başlayıb. Tramp administrasiyası İsraillə birgə antiiran koalisiyası yaradıb. Yaranmış vəziyyəti İran, eləcə də region üçün təhlükəli olaraq qiymətləndirirəm. Çünki nüvə obyektləri dağıdılarsa bu Azərbaycana da təsirsiz ötüşməyəcək. Yəqin ki, Danford masaya xəritə qoyacaq və göstərməyə çalışacaq ki, İranın vurulacaq obyektləri şimal sərhədlərindən, yəni Azərbaycandan çox uzaqdadır”.

Politoloq Elxan Şahinoğlu isə müzakirə obyektində Suriyanın olduğunu deyir:

“Bu lap İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş üçün məhz Bakını seçmələri bizim üçün önəmlidir, Moskva ilə Vaşinqtonun Bakıya verdikləri dəyəri göstərir. Ancaq, məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir”.

ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

Bunu isə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Azərbaycan hər zaman sülhü, humanizmi dəstəkləyir, multikultural dəyərlərin qorunub saxlanması, o cümlədən dinlərarası münasibətlərin inkişafı üçün mütəmadi addımlar atır:

"Azərbaycanda buna qədər dəfələrlə forumlar, ən yüksək tədbirlər keçirilib. Azərbaycanda olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi, azadlıq, demokratiya yüksək inkişafın təzahürüdür. Bundan öncə Rusiya və İranın dövlət başçıları Azərbaycanda görüşüblər. Belə tədbirlərin Azərbaycanda keçirilməsinə hər bir ölkə razılıq verib. Məsələn, səsvermə ilə Avropa Oyunları Azərbaycana təyin olunub, Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edib. Yəni bu, Azərbaycanın dünyada, beynəlxalq aləmdə nüfuzunun artması, Azərbaycanın daxilində yaradılan ictimai-siyasi sabitlik və Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir. Bilirlər ki, Azərbaycanda belə toplantıların keçirilməsi çox böyük fayda verəcək".

Şərhlər

XƏBƏR LENTİ