XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Azərbaycanın 2 bankının adı Rza Zərrab işində hallandı

Azərbaycanın 2 bankının adı Rza Zərrab işində hallandı

Azərbaycanın 2 bankının adı Rza Zərrab işində hallandı
8-12-2017, 09:31

Türkiyəli biznesmen Rza Zərrabın İrana qarşı ABŞ sanksiyalarını təsirsizləşdirmək və blokadanı dəlmək ittihamı ilə Nyu-York məhkəməsində verdiyi ifadələr Türkiyəni və Azərbaycanı qarışdırıb. Nyu-York federal məhkəməsinin açıqladığı ittihamnaməyə əsasən, 33 yaşlı Rza Zərrab 2010-2015-ci illər arasında 2 tərəfdaşı – Kameliya Cəmşidi və Hüseyn Nəcəfzadə ilə – İran hökuməti adından fəaliyyət göstərərək öz bank əməliyyatlarının həqiqi mahiyyətini gizlədiblər.
Nyu-Yorkda məhkəmə önünə çıxarılan Rza Zərrabın işində azərbaycanlıların, Azərbaycandakı banklardan bəzilərinin də adları keçir. Mətbuata məlum olan məlumatlara görə, azərbaycanlıların sayı 3 nəfərdən ibarətdir. Belə ki, onlardan biri Vidadi Bədəlovdur ki, adı 2013-cü ilin dekabrında Zərrabın Türkiyədə həbsindən sonra bəlli olmuşdu. Digər 2 nəfərə gəlincə, onların Əhməd Məmmədov və Şamil Məmmədov olduğu iddia edilir. İddialara görə, Əhməd Məmmədov Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun (“Sığorta Mamed”kimi məşhurdur-red.) kiçik oğludur. “Azər Türk Bank”ın Mərkəz filialının müdiri olan Əhməd Məmmədovun adının Rza Zərrab işində hallanması mətbuat səhifələrində qırmızı xətt kimi keçir.
Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu Əhməd Məmmədov özü haqqında yayılan məlumatlarla bağlı yerli mediaya açıqlama verib. Həmin açıqlamanı “Yeni Müsavat” qəzeti və musavat.com saytı da dərc edib. Orada deyilir: “Birincisi, Məmmədov Əhməd Məmməd oğluyam. İkincisi, biznesmen deyiləm. Uzun müddətdir ki, bank sistemində çalışıram. Hər hansı biznes işinə malik deyiləm. Üçüncüsü, Rza Zərrab işində adı keçən Əhməd Məmmədovun mənə heç bir aidiyyəti yoxdur. Rza Zərrabla yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Tanımıram. Dördüncüsü, Azərbaycanda Əhməd Məmmədov ad və soyadı o qədər populyardır ki, hər 3 adamda var. Ümumiyyətlə, nə şəxsi biznesim var, nə də Rza Zərrab tanıyıram”.
Mətbuatda məhz Əhməd Məmmədov adının hallanmasına gəlincə, müsahibimiz belə cavab verib:
“Dəqiq deyə bilmərəm. Ola bilsin ki, internetdə axtarış verəndə ilk mənim adım çıxır. Heç kəslə şəxsi qərəzliyim yoxdur”
Türkiyədə isə Rza Zərraba qarşı “casusluq” ittihamı ilə başlanan cinayət işi çərçivəsində “NAB Holdinq”in icraçı direktoru Omid Orominin aktivlərinə həbs qoyulub. Bu barədə Türkiyənin “Sözçü” qəzeti yazır ki, “NAB Holdinq” Azərbaycanda “Bank of Baku”nun əsas səhmdarıdır.
“Yeni Müsavat”ın əməkdaşı bu iddiaya münasibət öyrənmək üçün “Bank of Baku” ilə əlaqə saxlayıb. Bankdan bildiriblər ki, bankın əsas səhmdarları “Gilan Holdinq” və “Azpetrol” Şirkətlər Qrupudur. İddianın əsassız olduğunu deyiblər. Görünən budur ki, “Sözçü” qəzeti çox köhnə məlumatları tirajlayıb.
Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın İdarə Heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyə rəhbərliyi ilə rüşvət qarşılığında anlaşdığını bildirib. Nəticədə Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi başladaraq onun aktivlərinə həbs qoyub, habelə 17 nəfəri həbs edib. Həmin cinayət işi çərçivəsində Rza Zərrabla bağlılığı olan cəmi 23 nəfərin aktivlərinə həbs qoyulduğu bildirilir. Onlardan biri də “NAB Holdinq”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. Həmin holdinq Rza Zərrabın bacısının əri Bəhram Orominin ailə şirkətidir. Qəzet yazır ki, ötən həftə sonu polisə Oromi ailəsinə məxsus “NAB Holdinq”in İstanbul Sarıyer Kireçburnudakı mərkəzi ofisində sənədlərin yandırıldığı haqda məlumat daxil olub. Bu məlumatla bağlı ofisdə axtarış aparılıb və şirkətin mühasibi tutulub.
Aktivləri dondurulan Omid Oromi isə baş verənlərdən narahatlıq ifadə edir: “Mənim və şirkətimizin Rza Zərrabla heç bir əlaqəsi, münasibəti yoxdur. Onunla ötən on ildə cəmi bir-iki dəfə görüşmüşəm. Bu görüşlər hansısa ziyafətlərdə təsadüfi qarşılaşmalar şəklində olub. Onunla nə münasibətimiz, nə səmimiyyətimiz yoxdur”.
Qəzetə istinadən xəbər veririk ki, “NAB Holdinq”in İdarə Heyətinin rəhbəri Omid Orominin əmisi Bəhram Oromidir. Bəhram Oromi isə Rza Zərrabın bacısı Şeyda ilə evlidir. Omid Oromi holdinqin qurucusu və idarə heyətinin üzvü Nadir Orominin oğludur. Habelə holdinqin kiçik səhmdarıdır, idarə heyətinin üzvüdür. Şirkətin əsas səhmdarı Bəhram Oromidir.
Omid Orominin digər əmisi Şəhram Oromi Rza Zərrabla əlaqələri olduğu haqda məlumatlardan sonra holdinqin idarə heyətini tərk etmişdi. Rza Zərrabın bacısı Şeyda Oromi qardaşı ilə birlikdə bir neçə il əvvəl Türkiyədə turizm və hotel biznesinə başlayıb, “Arkla Hotelçilik və Turizm AŞ” şirkətini qurub. Zərrabın yatırımları ilə kapitalı 135 milyon dollara çatan şirkət daha sonra Şeydanın idarəçiliyinə keçib. Rza Zərrab Amerikaya getməzdən əvvəl şirkəti qardaşı Can Zarraba təhvil verib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.