XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Nazirin sirli anonsu: Penitensiarda istefalar və generalın gedişi gözlənir

Nazirin sirli anonsu: Penitensiarda istefalar və generalın gedişi gözlənir

Nazirin sirli anonsu: Penitensiarda istefalar və generalın gedişi gözlənir
27-11-2017, 09:27

“Ötən ay iki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərib”, ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində çap etdirdiyi məqaləsində yazıb
Keçən həftə çap olunan nazirin məqaləsi Penitensiar Xidmətdə ciddi dəyişikliklərin olacağının anonsudur.
PX rəhbərliyində əsaslı və köklü dəyişikliklər nəzərdə tutulur. Nazir vurğulayıb ki, penitensiar və tibb xidmətlərində "mənəvi saf və hazırlıqlı kadrların" işə götürülməsinə çalışılır.
Oktyabrın 23-də Bakı- Astara -Bakı qatarında xüsusi qaravul vaqonunda aparılan Etibar Məmmədov və digər məhbus Əli Ağami müşayiət altından qaçmışdılar.
Onlardan biri sonradan tutulub, digəri isə polisin keçirdiyi əməliyyat zamanı öldürülüb. Bu fakt PX-də xeyli sayda məsul şəxsin həbsi və istefası ilə nəticələndi.
Lakin görünür ki, F.Məmmədov vəziyyətdən razı qalmayıb və hazırkı heyət onu qane etmir.
Xüsusən də PX-də general Hüseynağa Əlixanovun bacısı oğlunun həbsi göstərdi ki, hər iki şəxsin məhbusların qaçmasında ciddi nöqsanları olub.
Yaxın vaxtlarda nazirin generalı işdən azad edəcəyi gözləniləndir. Belə məlum olur ki, nazir PX rəhbəri Ceyhun Həsənovun fəaliyyətindən də narazıdır.
Ötən il iyunun 6-da general-mayor Ceyhun Həsənov Penitensiar Xidmətə yeni rəis təyin olunub. O, bu postda hazırda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olan Mədət Quliyevi əvəzləyib.
Penitensiar Xidmət, bu sahədə aparılan islahatlar, cəzaşəkmə müəssisələrində vəziyyət, bu sahədəki problemlər hər zaman ictimaiyyətin diqqət mərkəzində olub.
Bu səbəbdən də hər yeni rəis təyinatından sonra penitensiar sistemin işinə ictimai diqqət bir qədər də artır.
Xatırladaq ki, son 11 ildə Penitensiar Xidmətdə 3 rəis dəyişib: 2005-2011-ci illərdə Nazim Ələkbərov, 2011-2015-ci illərdə Mədət Quliyev quruma rəhbərlik edib, ötən il iyunun 6-dan isə Ceyhun Həsənov bu postdadır.
Son 11 ildə penitensiar sistemin özündə də ciddi dəyişikliklər baş verib. 1993-cü ildə tarixi ənənə və dünya təcrübəsi əsas götürülərək, penitensiar sistem, istintaq təcridxanaları istisna olmaqla, Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq, Ədliyyə Nazirliyinə verilib.
Pentensiar sistemin fəaliyyəti ilə bağlı normativ bazanın təkmilləşdirilməsində dünya ölkələrinin bu sahədəki qanunvericilik təcrübəsi, Avropa ölkələrində həbs yerlərində saxlama şəraiti ilə bağlı yeniliklər, penitensiar qaydalar nəzərə alınıb.
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi hazırlanarkən, ATƏT-in ekspertləri də rəy verib.
2006-cı ildən Penitensiar Xidmətə ictimai nəzarətin təmini məqsədiylə Azərbaycan Respublikası Ədliyyə nazirinin yanında İctimai Komitə fəaliyyət göstərməyə başlayıb.
Ədliyyə Nazirliyi ilə Avropa İttifaqı arasında 2011-ci ildə icrasına başlanılmış layihə çərçivəsində ədliyyə sahəsindəki islahatlara 14,5 milyon avro məbləğində vəsait ayrılıb.
Bu vəsaitdən 6 milyon manat məhz Penitensiar Xidmətdə aparılan islahatların payına düşüb.
Hazırda isə yeni rəisin – general Ceyhun Həsənovun qarşısında çox mühüm vəzifələr durur ki, bu da ilk növbədə, indiyə qədər əldə olunan nəticələrə söykənərək, mövcud problemlərin həllindən və daha çox praktik müstəvidə naliyyətlərin əldə edilməsindən ibarətdir.
Çünki indiyə qədər normativ bazanın təkmilləşdirilməsi, demək olar ki, əsasən başa çatıb. Hazırda daha çox intizamın möhkəmləndirilməsi, korrupsiya hallarının azaldılması, məhkumlara münasibətdə ayrı-seçkiliyə son qoyulması, qidalanma, məşğulluğun təmin edilməsi, rekonstruksiya işlərinin davam etdirilməsi, narkotik maddələrin yayılmasının qarşısının alınması, sanitar-gigiyena, asudə vaxtın səmərəli təşkili və təhsil məsələlərinə, personalın peşəkarlığının artırılmasına diqqət yetirilməsinə ehtiyac var.
Yəni, söhbət o məsələlərdən gedir ki, Penitensiar Xidmətdə daha yaxşı idarəçilik, yüksək intizam, effektiv nəzarət mexanizmi tətbiq etməklə, mövcud resurslarla daxili imkanlardan daha dolğun istifadə olunmasıyla müsbət nəticələr qazanmaq olar.
Bütün bunlar isə xeyli dərəcədə məhz Penitensiar Xidmət rəisinin yanaşmasından, işləmək tərzindən, liderlik keyfiyyətlərindən asılıdır.
Hər halda C.Həsənovun vəzifədən çıxarılacağı gözlənməsə də, müavinlərindən. əsasən də H.Əlixanovun işindən uzaqlaşdırılacağı ehtimalı var.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.