SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Rəfail Mirzəyevlə bağlı yeni iddialar - İTTİHAM VAR

Rəfail Mirzəyevlə bağlı yeni iddialar - İTTİHAM VAR

Tarix:

31-01-2017, 08:56

/ 5 055 dəfə oxundu.
Rəfail Mirzəyevlə bağlı yeni iddialar - İTTİHAM VAR

Bir müddət öncə Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin "Mercedes E-Klass” markalı xidməti avtomobilləri yeniləri ilə əvəzlənib.

Bu, ilk baxışdan sıradan bir xəbər hesab oluna bilər.

Lakin məsələ ilə bağlı daxil olan məlumat durumun heç də sıradan olmadığını deməyə əsas verir.

Dövlətə qaytarılmalı olan əmlak, yəni nazir müavinlərinin köhnə xidməti avtomobilləri istifadəyə yararsız adı ilə silinib:

"Əslində isə istifadəyə yararlı olan "Mersedec E-Klass” avtomobilləri fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu və kürəkəninə aid olan avtomobil icarə şirkətinə verilib. Məsələnin daha ilginc tərəfi isə odur ki, nazirliyin qonaqları olanda, yaxud hər hansı məqsədlə lyuks avtomobillər lazım olduqda həmin şirkətdən həmin avtomobillər FHN-in balansından pul ödənməklə icarəyə götürülür.

Bundan əlavə, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər".

Məlumatda o da iddia olunub ki, nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: "Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”.

Maraqlıdır ki, indiyədək qanunların az-çox düzgün işlədiyi qurum kimi tanınan FHN-də rüşvətlə işə düzəltmə halları da olub: "Bundan xəbər tutan K.Heydərov Kadr Siyasəti Baş İdarəsinin Hərbi xidmətə qəbul şöbəsinin rəisi Habil Cəbrayılovu işdən qovub. Bu fakta görə hətta onun FHN-də yüksək vəzifə tutan qardaşı da nazirlikdən çıxarılıb. Bu hadisələrin hamısının baş vermə səbəbi nazirin daha mühüm dövlət işlərinə diqqət ayırması olub".

Mənbə onu da bildirib ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir:

"Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Təsəvvür edin, digər müavinlər, baş idarə və idarə rəisləri nazirin qəbuluna R.Mirzəyevin razılığı olmadan girə bilmirlər. Nazirin köməkçiləri belə, ona məruzə etmədən qəbula gələnləri nazirlə görüşdürmürlər. FHN-də mühüm sayıla bilən baş idarə və idarə rəisləri hər detalı ilk olaraq birinci müavinlə razılaşdırırlar, nazirin diqqətinə ələnmiş informasiya çatdırılır. Nazirin daha mühüm məlumatlardan, baş verə biləcək hallardan çox vaxt xəbəri olmur”.

Məlumatda o da bildirilir ki, R.Mirzəyev nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb:

"Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq Etibar Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi Etibar Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir.

Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində "biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini verməyə hazırıq.

R. Mirzəyevin oğlu və kürəkəninə aid şirkətlər və onların qazandıqları tenderlərlə bağlı araşdırmamız davam edir...

Şərhlər

XƏBƏR LENTİ