SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “AzMDF” zavodu niyə işləmir?

“AzMDF” zavodu niyə işləmir?

Tarix:

5-12-2018, 13:03

/ 3 541 dəfə oxundu.
“AzMDF” zavodu niyə işləmir?

Bəs İqtisadiyyat Nazirliyində tikintisinə milyonlar xərclənmiş zavodun taleyinə münasibət necədir?

“AzMDF” zavodu Bakı - Şamaxı şosse yolunun 15-ci km-də yerləşir. Özəl sərmayədarlar tərəfindən 2006-ci ildə təsis edilmiş şirkət tərəfindən tikilib istifadəyə verilib. 2011-ci il fevral ayından fəaliyyətə başlayıb. Müasir texnologiyaların quraşdırıldığı zavodun açılışında ölkə Prezidenti də iştirak edib. MDB məkanında və qonşu dövlətlərdə anoloqu olmayan bu müəssisənin açılışında ölkə rəhbərini inandırmağa çalışıblar ki, burda hazırlanan məhsullar respublikamızda ən yüksək keyfiyyətli mebel istehsalına təkan verəcək və həmin məhsulun 50%-i xarici ölkələrə ixrac olunacaq. Bu barədə rəsmi agentliklərin məlumatları indii də elektron media saytlarında durur.

Çoxsahəli istehsalat üçün nəzərdə tutulmuş bu zavodda Almaniya və Yaponiyadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bütün istehsal prosesi bu qurğuların köməyilə avtomatik idarə olunur. Dəqiq idarəetmə proqramının vasitəsilə hazırlanan məhsullar isə yüksək keyfiyyət göstəricilərinə malik olur. Amma...
***
...Zavod üçün Abşeron rayonu ərazisində 10 ha torpaq sahəsi ayrılıb. Ərazidə ağac deposu, daşınma və qəbuletmə məntəqəsi, əsas istehsal qurğuları, nümayiş zalı və inzibati korpus inşa olunub. İstehsal prosesi doğrama, lifləmə, presləmə, cilalama, üzləmə sexləri və digər avadanlıqlardan ibarətdir. Böyük istehsal gücünə malik olan zavodda mebel sahəsində istifadə edilən MDF-in hazırlanmasında lazım olan xam malların Rusiyadan gətirilməsi nəzərdə tutulub. Rusiyadan vaqonlarla daşınan materiallar buradakı ağac deposuna boşaldılır. Sonra növlərinə görə çeşidlənir və ağac gövdələri qalıqlardan təmizlənir.
Zavodun illik istehsal gücü 85 min m2 pilitədir. Bu pilitələr təbii olaraq ağac liflərindən isti presləmə üsulu ilə alınır. Müəssisədə 500 işçinin çalışması nəzərdə tutulmuşdu. Zavoddakı istehsalın davamı olaraq, AzMDF şirkətinin vəsaiti və 55% həcmində güzəştli kredit hesabına Hökməli qəsəbəsində də “M - Line” mebel fabriki tikilib. Fabrikdə təbii ağacdan, MDF-dən, təbii və süni şpondan rəngli və lak çəkilmiş mebellərin istehsalı nəzərdə tutulub. Təəssüf ki, zavodda istehsalın dayanması fabrikin də fəaliyyətinə təsir göstərmişdir. Dünya standartlarına uyğun pilitələrin Floorella laminat parketlərin, PERFECTA qapılarının istehsalı xəyallarda qalmışdır. Gələcəkdə hazır məhsulların nümayişi üçün Əhməd Rəcəbli küçəsində “Elit” ticarət mərkəzi ilə üzbəüz açılmış sərgi salonu da boş qalıb.
Bəs, görəsən, zavodda istehsalın dayanmasına səbəb nədir? Redaksiyaya verilmiş məlumatların izi ilə yolumuzu zavoda saldıq. Ancaq zavodun rəhbərliyindən heç kimi tapa bilmədik. Həyət qapısının girişindəki gözətçi dedi ki, rəhbərlik çoxdandır buralarda görünmür. Milyonlar xərcləyib başa gətirdikləri zavodun sexləri indi anbar kimi istifadə üçün icarədarlara paylanıb.
Abşeron rayon İH başçısının Aşağı Güzdək kəndi üzrə nümayəndəsi Akif Şükürov isə bizə bildirdi ki, zavodun dayanmasının əsas səbəbi istehsalı yönəldə biləcək mütəxəssislərin olmamasıdır. İstehsalın dayanması əraziyə yaxınlıqda yaşayan sakinlərin də orada işləmək ümidlərini puça çıxarıb.
***
Fəaliyyəti dayanmış zavodla əlaqədar bizi daha çox İqtisadiyyat Nazirliyinin münasibəti maraqlandırdı. Görəsən, onlar nə fikirləşirlər? Zavod tikiləndə, məgər, onun layihəsi bu nazirliyin ekspertləri tərəfindən qiymətləndirilməyib? Əlbəttə, fəaliyyətə başlayan hər yeni zavod və ya fabrik ölkəmizin iqtisadiyyatına yeni güc qata, onu bir az da inkişaf etdirə bilər. Qeyri-neft sektorunun inkişaf etdirilməsinə Respublika Prezidentinin xüsusi diqqət ayırdığını nəzərə alsaq, AzMDF zavodunda işlərin dayanması çox ciddi bir hadisədir. Yəqin ki, bu sahəyə rəhbərlik edənlər bunun fərqinə varacaqlar.
Problemə aydınlıq gətirmək üçün aidiyyəti dövlət qurumlarının münasibətini öyrənməyə çalışırıq...

“Təzadlar”

Şərhlər

XƏBƏR LENTİ