SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xocasən Sağlamlıq Mərkəzində Loğman Əliyev kimi necə “tora salıb?”

Xocasən Sağlamlıq Mərkəzində Loğman Əliyev kimi necə “tora salıb?”

Tarix:

1-05-2018, 10:47

/ 8 079 dəfə oxundu.
Xocasən Sağlamlıq Mərkəzində Loğman Əliyev kimi necə “tora salıb?”

Lalə Məmmədova: “Bu minvalla qohum-əqrəbamdan borc alıb 1200 manat pulu ona çatdırdım”

Yəqin ki, məqalənin başlanğıcını oxuyan hər kəs mövzunun hansı səbəbdən belə bir başlıq adı altında yazılmasına xüsusi diqqət yetirəcək və gündəlik gözü önündə baş verənləri bir daha yada salacaq. Diqqət ayırılası məqam o olacaq ki, bu gün yaşadığımız ictimai həyatın müxtəlif sahələrində saysız-hesabsız problemlər, bənzəri olmayan olaylar, olmazın həngamələr, çoxsaylı qanunsuzluqlar və s. yaşanmaqdadır. Onu da vurğulamaq yerinə düşər ki, bu gün səhiyyəmizin bir çox sahələrində yaşanan problemlərin, analoqu olmayan həngamələrin, bəlkə də digər ölkələrdə yaşanan problemlərlə heç bir oxşarlığı yoxdur.
Bilib eşitdiyimiz bir həqiqət var ki, o da, hələ bir neçə il bundan əvvəl Azərbaycan səhiyyəsində yaşanan olayların daha çox ictimai müzakirələrə səbəb olması idi. Əksəriyyət o məqamı ittiham edirdi ki, nədən qəbul olunmuş qanunlar kağız üzərində qalır, vətəndaşlara verilmiş imtiyazlar, əksər ixtiyarlar, bir çox təminolunmalar boş-boş vədlərdən başqa bir şey olmur. Məslən, vətəndaşların üz tutduqları dövlət səhiyyə müəssislərində birbirindən gözəl, yaraşıqlı, gözəgəlimli elanlar divarlardan asılır və o da qeyd olunur ki, siyahıdakı dərmanlar vətəndaşlara pulsuz verilir. O halda ortaya belə bir sual çıxır ki, görəsən qeyd olunanlar həqiqətdir, yoxsa kimlərinsə gözünə kül üfürməkdən başqa bir şey deyil? Açıq-aşkar etiraf edək ki, çoxsaylı qanunsuzluqlar təkcə dövlət səhiyyə müəssisələrində deyil, bir çox özəl səhiyyə müəssisələrində də tüğyan etməkdədir.
Bir neçə gün bundan əvvəl isə redaksiyamıza Xocasən Sağlamlıq Mərkəzində yaşanan ağlagəlməz olayla bağlı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi küç-8, mən-5 ünvanda yaşayan Məmmədova Lalə Çərkəz qızı tərəfindən ünvanlanan şikayət ərizəsinin daxil olması, sanki redaksiya əməkdaşlarını şoka saldı. Çünki, şikayətçi xanım yazmış olduğu ərizəsində vaxtilə adı çəkilən mərkəzdə direktor vəzifəsini daşımış Loğman Əliyevi “topa tutur” və olmazın oyun qaydası ilə üz-üzə qalmasından bəhs edir.
O, qeyd edir ki, “mən 2013-cü ildə işə girmək məqsədilə Xocasən Sağlamlıq Mərkəzinin rəhbərliyinə müraciət etdim. Həmin vaxt adı çəkilən mərkəzdə direktor vəzifəsini daşıyan Loğman Əliyev məni qəbul etdikdən sonra “səni qeydiyyatçı ştatına işə götürə bilərəm və ayda 125 manat əmək haqqı alacaqsan, amma bu işin bir azca xərci var” deməyi də unutmadı. Ümumi söz-söhbətdən sonra o, “sən bu işə görə 1200 manat pul verəcəksən və dörd ay əmək haqqını mən alacağam” deyə, ürəyindən keçən belə bir tələbini mənə çatdırdı. Bir qədər fikirləşdikdən və çox götür-qoy etdikdən sonra ona bildirdim ki, bir-iki günə “haqq-hesab”ı çatdıraram. Bu minvalla qohum-əqrəbadan borc alıb 1200 manat pulu ona çatdırdım. Həmin vaxtlarda o, məndən lazımi sənədləri də aldı. Öz-özlüyümdə fikirləşdim ki, yəqin bu şəxs məni qanuni əsaslarla işə götürür. Elə ki, həmin vaxtdan beş il keçdi, Loğman Əliyev daşıdığı vəzifəsindən uzaqlaşdırıldı və o, çalışdığı mərkəzdə sıravi həkimlik fəaliyyəti ilə məşğul olmağa başladı, o zaman bəlli oldu ki, mən Xocasən Sağlamlıq Mərkəzinin ştat cədvəlində qeydiyyatçı deyil, lazımi sənədləşmə işləri aparılmadan adım gözətçi deyə qeyd olunub. Və ötən beş il ərzində iş stajım da yazılmayıb. Bu gün mən Loğman Əliyevdən ona verdiyim 1200 manat pulu və ələ keçirdiyi dörd aylıq əmək haqqımı tələb edirəm. Həmçinin istərdim ki, bu şəxsin atdığı addımlarla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən lazımi araşdırmalar da aparılsın. Bəlkə o halda o, hansı əməllərə qol qoyduğunu dərk edə bildi”.
Bəli, baş verən belə bir olayın varlığına diqqət yetirdikdə o da bəlli olur ki, atılan addım nə rəhbər vəzifəni daşıyan bir şəxsə, nə də ki, “Hippokrat andı”na “sadiq qalacağam” deyə and içən şəxsə heç cür yaraşmır. Bu cür addımların nəticəsidir ki, Azərbaycanın səhiyyə sahəsində çalışan bəzi həkimlərə qarşı əksəriyyət tərəfindən inamsızlıq hissi formalaşıb. Əslində Loğman Əliyevin beş il bundan öncə atdığı addım usandırıcı addım olmaqla bərabər, həm də cinayət tərkibli bir əməldir. Belə bir addımın atılması Lalə Məmmədovanın ötən beş il ərzində aldadılmasına səbəb olmaqla bərabər, eyni zamanda Xocasən Sağlamlıq Mərkəzinin adı ətrafında şübhəli ictimai fikirin fomalaşmasına da səbəb olmaqdadır. Məqalənin dərcindən sonra o hala da inanırıq ki, adı çəkilən mərkəzə rəhbərlik edən şəxs bu cür biabırçı olayın aradan qaldırılması yöndə lazımi addımlarını atıb, problemin həlli yöndə müvafiq tapşırıqlarını da verəcək.
Düşündürücü hal odur ki, Lalə Məmmədovanın ünvanladığı şikayət ərizəsi əsasında Loğman Əliyevdən sadalanan ittihamlara münasibət bildirməsini istədikdə o, “mənim qardaşımın biri prokurorluqda, digəri isə Dövlət Təhlükəsizlik Xidməti strukturunda çalışır. Siz mənə nə edə bilərsiniz” deməkdən də çəkinmədi. O halda ortaya belə bir sual çıxır ki, deməli bu şəxs öz-özlüyündə düşünür ki, mən hər cür qanunsuzluğa qol qoya və bütün məsuliyyətlərdən də kənarda qala bilərəm. Bəlkə də... Amma, Loğman Əliyev o məqamı da unutmamalıdır ki, Ulu Öndər Heydər Əliyevin qurub formalaşdırdığı və bugünkü şan-şöhrətli adı ilə dünyaya işıq saçan müstəqil Azərbaycan Respublikasının təkmil qanunları, işlək dövlət strukturları var.

Bir daha qarşı tərəfin mövqeyini dinləyə bilərik.

(sizinxeber)

Şərhlər

XƏBƏR LENTİ