SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentin Yeni il mesajları - sabitlik, iqtisadi inkişaf və güclü ordu...

Prezidentin Yeni il mesajları - sabitlik, iqtisadi inkişaf və güclü ordu...

Tarix:

4-01-2019, 10:06

/ 1 424 dəfə oxundu.
Prezidentin Yeni il mesajları - sabitlik, iqtisadi inkişaf və güclü ordu...

Dövlət başçısı İlham Əliyev çıxışında ölkənin tarixdə heç vaxt bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmadığını vurğulayıb
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə xalqa mühüm mesajlar var.

Dövlət başçısı başa çatan 2018-ci ili bütünlükdə Azərbaycan üçün uğurlu adlandırıb, ölkənin bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini bildirib.

Prezident Azərbaycanın beynəlxalq mövqelərinin də möhkəmləndiyini bildirib: “Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.

Qonşu ölkələrlə əlaqələrin daha da yüksək səviyyəyə qalxdığını deyən dövlət başçısı bu sahədə aparılan işlərin bölgədə sabitliyi möhkəmləndirdiyini bildirib: “Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.

Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da möhkəmləndirilməsindən danışan dövlət başçısı 2018-ci ildə Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasını münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.

Uzun illər idi ki, danışıqlar müzakirəsi olan Xəzər dənizinin hüquqi statusunun 2018-ci ildə həllini tapmasını İ.Əliyev tarixi nailiyyət hesab etdiyini və bu məsələyə Azərbaycanın öz töhfəsini verdiyini söyləyib.

Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın prinsipial mövqeyində qaldığını, bu mövqeyin haqq və ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu bəyan edib: “Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”.

Dövlət başçısı 2019-cu ildə bu sahədə irəliləyiş ola biləcəyini deyərək ölkənin güclü hərbi potensialını münaqişənin həlli üçün əsas amil sayıb: “Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad gücümüzü, güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik”.

Dövlət başçısı 2018-ci ildə məcburi köçkünlərin sosial problemlərinin həllinə toxunaraq bildirib ki, 5800 köçkün ailəsinə yeni ev və mənzillər təqdim edilib və bu son illərin rekord göstəricidir.

Ölkənin iqtisadi inkişafı barədə danışan İ.Əliyev deyib ki, ölkənin güclü iqtisadiyyatı var və bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil: “Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur”.

Dövlət başçısı 2018-ci ildə Azərbaycanın üçüncü peykinin orbitə çıxarılmasını, “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın rəsmi açılışını, Ələt Ticarət Limanının açılışını tarixi nailiyyət adlandırıb, bundan sonrakı 10 illiklərdə bu layihələrin faydasını görəcəyini söyləyib.

İ.Əliyev Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsini ölkənin tranzit imkanlarından çox böyük səmərə ilə istifadə edə biləcəyinin göstəricisi adlandırıb.

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin həm ölkədə, həm də bir çox xarici ölkələrdə qeyd olunduğunu deyən dövlət başçısı bugünkü Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırıb və ölkənin heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmadığını vurğulayıb.

2018-ci ilin aprelində ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrini dövlət başçısı xalqın yüksək etimadı kimi dəyərləndirib: “Mən son 15 il ərzində prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Şərhlər

XƏBƏR LENTİ