yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

ABŞ-ın ticarət savaşı Azərbaycanı da “vuracaq”

ABŞ-ın ticarət savaşı Azərbaycanı da “vuracaq”
21-09-2018, 09:01 247 dəfə baxılıb

ABŞ-la Çin arasında ticarət müharibəsinin miqyası getdikcə genişlənməkdədir. Belə ki, sentyabrın 24-dən ABŞ Çin istehsalı olan daha 200 milyard dollarlıq malın ölkəyə idxalına 10 faizlik gömrük rüsumu tətbiq edəcək. Rüsumun həcmi gələn il yanvarın 1-dən 25 faizə yüksələcək. Əgər Çin tərəfi buna qarşı hansısa addımlar atarsa, ABŞ bütün Çin mallarını ölkəyə əlavə rüsumla buraxacaq. Analitiklərin fikrincə, bu, hər iki ölkənin üzv olduğu Ümumdünya Ticarət Təşkilatının tarixində ən “bahalı” qarşıdurma olacaq.

Honkonqda yaşayan Çin əsilli strateq Endryu Lyunq (Andrew Leung) hesab edir ki, ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi Azərbaycana da təsir edə bilər.

Bunu “Report”un London bürosuna açıqlama verən ekspert qeyd edib ki, dünyada gedən proseslər bir-birinə çox bağlı olduğu üçün qlobal təchizat və dəyər zənciri bu müharibədən ciddi təsir görəcək: “Çinin ABŞ-a ixrac etdiyi malların əskəriyyətinin komponentləri və materialları ABŞ da daxil olmaqla, digər ölkələrdən alınır. Məsələn, Çindən ixrac edilən ”iPhone"larda Yaponiyadan, Cənubi Koreyadan idxal olunan çiplər və materiallar, həmçinin ABŞ-a məxsus “hardware” və proqram təminatları istifadə olunur. Əlavə dəyərli məhsulların yalnız bir hissəsi Çində var. Odur ki, dünyanın müxtəlif bölgələrində yükdaşıma və digər ticarətlə əlaqəli müəssisələr də bundan təsirlənəcək. Beynəlxalq Valyuta Fondu ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadi artımı 0,5 faiz azaldacağı haqqında da xəbərdarlıq edib".

Ekspertin fikrincə, ticarət müharibəsindən Azərbaycan da daxil olmaqla, bütün neft ölkələri əziyyət çəkə bilər: “Çin dünyanın ən böyük neft alıcısı olduğundan onun ”qara qızıl"a tələbatının azalması dünya bazarında nefti ucuzlaşdıracaq və son nəticədə ticarət müharibəsi Azərbaycan kimi ölkələrin gəlirlərinə, iqtisadi artımına təsir göstərəcək".

Qeyd edək ki, Çin dünyada neft istehlakına görə ABŞ-dan sonra ikinci yerdə gəlir. Bu istehlakın 30 faizə qədəri daxili istehsal hesabına təmin olunur. 2018-ci il üçün Çinin gündəlik neft tələbatının 12 milyon bareli ötəcəyi proqnozlaşdırılır. Beynəlxalq araşdırma mərkəzlərinin hesablamalarına görə, 2020-ci ilədək Çinin neft idxalına sərf edəcəyi illik vəsait 500 milyard dollara çatacaq.

Çində eyni zamanda ABŞ-la ticarət müharibəsi başlamazdan öncə də iqtisadi artım sürəti zəifləyib. Belə böyük bir oyunçunun tələbatının azalması dünya neft bazarına necə təsir göstərəcək? Çində iqtisadi artım sürətlə zəifləyərsə, bunun neft istehlakına təsiri nə qədər güclü ola bilər?

ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirir ki, hazırda Çin ABŞ-a ildə 500 milyard dollardan çox məhsul satır: “Çinin idxal etdiyi ABŞ məhsullarının dəyəri isə 150 milyard dollara yaxındır. Artıq müharibənin ortasındayıq deyə bilərik. Çünki bundan əvvəl ilk addım ABŞ-dan olmaqla, iki mərhələdə qarşılıqlı rüsum artırılmasına gedilib. İndi söhbət 200 milyard dollarlıq Çin məhsuluna ABŞ-a idxal üçün əlavə rüsum tətbiq olunmasından gedir. Çin isə əvvəl 50 milyard dollarlıq ABŞ məhsuluna əlavə rüsum tətbiq edib. Gözlənilir ki, Amerikanın son addımına qarşı bu məhsulların rüsumu 100 milyard dollara qaldırılsın. Yəni müharibə 3-cü mərhələyə qədəm qoyur, hadisələrin inkişafı göstərir ki, bu proses bütün məhsullara əlavə rüsum tətbiq olunması ilə nəticələnəcək”.

Ekspertə görə, dünyanın iki ən güclü iqtisadiyyatı arasındakı gərginlik bütövlükdə dünya iqtisadiyyatına mənfi təsirini göstərəcək: “Həm ABŞ, həm də Çin böyük və çox əhalisi olan ölkələrdir. Buna görə də ilkin mərhələdə hətta qarşılıqlı olaraq məhsul idxalını dayandırsalar belə, satılmayan məhsulları daxili bazarlarında realizə edə bilərlər. Lakin bu, uzun müddət davam edə bilməz. İkinci tərəfdən, dünya dəyər zənciri tamdır, onun bir həlqəsində yaranan gərginlik bütün zəncirə təsir göstərir. Yəni ABŞ-Çin ticarət savaşının bütövlükdə dünya iqtisadiyyatına mənfi təsir edərək, qlobal iqtisadi artımı zəiflətməsi gözləniləndir. Bu isə istər-istəməz dünyada neftə tələbatın azalması və qiymətinin düşməsini şərtləndirəcək. Lakin nəzərə almaq lazımdır ki, ABŞ İrana qarşı da sanksiyalar tətbiq edir. Xüsusilə noyabrdan İranın neft ixracına ciddi əngəl yaranacaq. Yəni İranın dünya neft bazarındakı yeri xeyli dərəcədə boşalacaq. Bu isə ABŞ-Çin ticarət müharibəsi nəticəsində tələbin azalmasının təsirini minimuma endirə bilər”.

E.Soltanov neft bazarına güclü təsir edəcək əsas təhlükə kimi dünya iqtisadi böhranının başlanmasını görür: “Bildiyiniz kimi, Argentinada vəziyyət pisdir, İranda da problemlər baş qaldırır. Bundan əlavə, təəssüflə qeyd edim ki, Türkiyədə də iqtisadi vəziyyət ürəkaçan deyil, digər tərəfdən, ABŞ sanksiyaları Rusiya iqtisadiyyatında da təlatümlər yaradır. Bütün bu proseslərin sonda dünya iqtisadi böhranına keçməsi təhlükəsi var və bu, baş verərsə, əlbəttə ki, neft bazarına da kəskin təsirləri olacaq”.
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ