yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İşğalçının Lələtəpə xiffəti, müharibə xofu – İrəvan həm qorxur, həm də...

İşğalçının Lələtəpə xiffəti, müharibə xofu – İrəvan həm qorxur, həm də...
22-12-2017, 09:46 93 dəfə baxılıb

Ermənistanın siyasi-hərbi rəhbərliyi ötən ilin aprelində “4 günlük müharibə” zamanı məruz qaldığı uğursuzluğu hələ də unuda, həzm edə bilmir. Öncəliklə də o səbəbə ki, söhbət azad edilən 2 min hektarlıq bir kiçik ərazidən qat-qat çox, Azərbaycan əsgərinin döyüş ruhundan, onun işğalçı ordunun məğlubedilməzlik mifini dağıtmasından və Azərbaycan xalqına verilən güclü stimul və qələbəyə inam hissindən, adekvat olaraq erməni toplumunda yaranan ruh düşkünlüyü və məyusluqdan gedir.

İşğalçı tərəf atəşkəs dövründə bununla ilk dəfə anladı ki, onun Qarabağ müharibəsindəki hərbi “qələbəsi” əslində qələbə deyil, fiksiyadır, “Pirr qələbəsi”dir və istənilən an Azərbaycan hərbi revanş götürə bilər. İrəvan rəsmilərini və generalitetini ən çox narahat edən də bu qənaətin erməni ictimai şüurunda möhkəm oturuşmasıdır. Odur ki, bu ovqatı dəyişmək, erməni xalqını 2016-cı ilin aprelinədək olan duruma qaytarmaq üçün dəridən-qabıqdan çıxır, bundan ötrü ən müxtəlif yalanlar uydurur, aprel hadisələrinin əhəmiyyətini kiçiltməyə, erməni ordusunun gücünü isə şişirtməyə çalışırlar.

“Ötən ilin aprelindəki döyüş əməliyyatları zamanı Dağlıq Qarabağda itirdiyimiz mövqeləri istənilən an geri qaytara bilərik”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan “Joxovurd” qəzetinə müsahibəsində deyib. Ancaq bununla belə, erməni general ardınca buna zərurət olmadığını da söyləyib.

“Bu gün xırda məsələləri əsgərlərin həyatı və situasiyanı kəskinləşdirmək bahasına həll eləmək məqsədəuyğun deyil. Əmin olun ki, erməni silahlı qüvvələri qoyulmuş vəzifələrin öhdəsindən gələ bilər. Qoy sizə elə gəlməsin ki, Azərbaycan Qarabağı tutmaq istəmir. Onlar Qarabağı və Zəngəzuru da, arada bir İrəvana da göz dikiblər”, - deyə işğalçı ölkənin baş qərargah rəisi bildirib.

*****

Göründüyü kimi, erməni general həm Azərbaycanı hədələmək istəyib, həm də müharibə xofunu gizlətməyə çalışıb. Çünki kim bilməsə də, yeni müharibədə işğalçı ordunun qat-qat böyük, yeri heç vaxt dolmayacaq canlı itkilər verəcəyini bilir. Onu da bilir ki, təkcə Lələtəpənin azad olunması əməliyyatı zamanı erməni tərəfi 400 hərbçisini itirib - yəni Azərbaycan tərəfindən 3-4 qat çox itki verib.

Erməni ordusu isə xüsusən də son illər ciddi çağırışçı problemi yaşayır. Çünki “aprel sindromu”ndan sonra iş qabiliyyətli adamların, o sırada gənc kişilərin ölkədən köçü daha kütləvi xarakter alıb. Daha heç kim, xüsusən də 18-21 yaşlı gənclər kriminal Sərksiyan rejimi üçün “top əti” olmaq istəmir. Bu yaxınlarda parlamentdə tələbələrin hərbi möhlət hüququnun ləğv edilməsi haqda qanunun qəbul olunması da bilavasitə çağırışçı problemi ilə bağlı idi.

Prezident Serj Sərkisyanın özü isə bu yaxınlarda xarici KİV-ə verdiyi açıqlamada maliyyə problemləri səbəbi ilə Ermənistanın Azərbaycanla silahlanma yarışında rəqabət aparmaq, onunla ayaqlaşmaq imkanında olmadığını etiraf eləmişdi. Azərbaycan xüsusən də yeni silahlarla təchizat və havada böyük hərbi üstünlüyə malik olması baxımından düşmən ölkəni üstələyir ki, bunu rusiyalı hərbi ekspertlər də təsdiqləyir.

Müharibə riskinə gəlincə, gələn il belə bir risk arta bilər, nəinki azala - baxmayaraq ki, həm Azərbaycanda (oktyabr), həm də Ermənistanda (aprel) və Rusiyada (mart) prezident seçkiləridir. Hər necə olmasa, müharibə gələndə soruşmur. Əgər düşmən tərəf sülh danışıqlarında indiki maksimalist və pozucu mövqeyini saxlayarsa, müharibənin qarşısını seçkilər kəsməyə də bilər.

*****

Bu xüsusda Beynəlxalq İşlərə dair Rusiya Şurasının “Rusiyanın xarici siyasəti: 2018-ci ilə baxış” adlı hesabatında yer almış bəzi fikirlər diqqət çəkir. Musavat.com-un məlumatına görə, hesabatda deyilir ki, Azərbaycan və Ermənistanda 2018-ci ilə gözlənilən prezident seçkiləri Dağlıq Qarabağa dair ziddiyyətləri də aktuallaşdıracaq.

“2018-ci ilin martında Ermənistanda prezident seçkiləri olacaq və ilk dəfə prezident ümumxalq səsverməsi ilə deyil, Milli Məclisdə seçiləcək. Serj Sərkisyanın üçüncü dəfə seçkilərə qatılmaq hüququ yoxdur. İstisna deyil ki, seçki fonunda İrəvanın Moskva ilə əməkdaşlığının tənqidi güclənsin. Problemi məsələlərdən biri də energetik əməkdaşlıqla bağlı ola bilər”, - deyə ekspertlər qeyd edir.

Azərbaycana gəlincə, rusiyalı analitiklərin qənaətincə, Rusiya ilə münasibətlər burada çətin ki, seçkilərin əsas mövzusu olsun. Onların ehtimalına görə, Azərbaycandakı seçkilərin nəticələri Moskva ilə qarşılıqlı münasibətlərin paradiqmasını dəyişməyəcək: “Prezident İlham Əliyev böyük ehtimalla, öz postunu saxlayacaq. İlin ən böyük hadisəsi isə Rusiya, Azərbaycan və İran prezidentlərinin Moskva sammiti olacaq. Güney Qafqazın hər iki respublikasındakı seçki kampaniyası Qarabağ ziddiyyətlərini aktuallaşdıracaq. Təmas xəttində epizodik kəskinləşmələr istisna deyil. Tərəflərin müdafiə xərcləri artacaq”.

*****

Məsələ də ondadır ki, Azərbaycanın maliyyə və iqtisadi potensialı, zəngin karbohidrogen resursları öz müdafiə xərclərinin öhdəsindən tamamilə gəlməyə imkan verir. Məhz bu imkanlar hesabına Azərbaycan qardaş Türkiyə, Pakistan və İsraillə strateji əməkdaşlıq hesabına öz hərbi sənaye kompleksini də uğurla qurmaqdadır. Bakı artıq bir sıra silahların, düşmənin “qorxulu yuxusu” olan yüksək dəqiqlikli PUA-ların istehsalına başlayıb. Gələn il isə daha bir neçə hərbi zavodun açılması nəzərdə tutulub.

Bütün bunlar müharibə variantında Azərbaycanın hərbi qələbəsini yaxınlaşdıran amillər, işğalçı tərəfə isə ağlını başına yığmaq üçün yeni və aydın mesajlardır...
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: hem, hem, xofu, shgalchinin, de, Leletepe, muharibe, xiffeti, qorxur, revan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ