SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Danışıqlardakı sükutu ağır silahlar pozur - Cəbhədə gərginlik pik həddə

Danışıqlardakı sükutu ağır silahlar pozur - Cəbhədə gərginlik pik həddə

Tarix:

23-02-2017, 09:26

/ 1 501 dəfə oxundu.
Danışıqlardakı sükutu ağır silahlar pozur - Cəbhədə gərginlik pik həddə

Son günlər təmas xəttində düşmən tərəfin hərbi xarakterli təxribatları artıb. Dünən Azərbaycan ordusunun qüvvələri ermənilərin növbəti diversiyasının qarşısını alıb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Belə görünür ki, işğalçı ölkədə seçki ehtirasları qızışdıqca bu kimi insidentlər də artacaq.

Müəyyən mənada məntiqlidir. Çünki ötən ilin aprelində Azərbaycan ordusundan yaxşı zərbə almış işğalçı Ermənistanın rəhbərliyi seçki təbliğatı üçün həm qorxutmaq, həm də qorxmaq zorundadır. Bütün hallarda Silahlı Qüvvələrimiz düşmənin istənilən növ təxribatını önləmək və onu daha böyük itkiyə məruz qoymaq üçün yetərli vasitə və imkanlara malikdir.
“Azərbaycan həm siyasi, həm diplomatik, həm də hərbi istiqamətlərdə hücuma keçib. Ermənilərin əsas məqsədi də məhz bunu dayandırmaqdır”. Bu sözləri axar.az-a açıqlamasında cəbhə xəttindəki artan gərginliyi şərh edərkən politoloq Fikrət Sadıqov deyib.

Politoloq aparıcı dövlətlərin mövcud duruma seyrçi mövqeyinin narahatlıq doğurduğunu da bildirib: “Əgər sözügedən dövlətlər Ermənistana təzyiq etsəydilər, heç Dağlıq Qarabağda saxta referendum da keçirilməzdi. ”Referendum" adı altında keçirilən səhnə İrəvanın növbəti tamaşası idi. İrəvan faktiki olaraq vəziyyəti qıcıqlandırır və təxribatlarla məşğuldur. Əgər İrəvan həqiqətən müharibə istəyirsə, bunun arxasında dayanmalıdır. Görünür, Ermənistan danışıqlara nöqtə qoymaq istəyir. Çünki başa düşürlər ki, Azərbaycanın mövqeyi qətidir. Azərbaycan həm siyasi, həm diplomatik, həm də hərbi istiqamətlərdə artıq hücuma keçib. Ermənilərin əsas məqsədi məhz bunu dayandırmaqdır. Ermənistan və Dağlıq Qarabağ separatçıları belə davam etsələr, apreldəkindən də qat-qat güclü zərbələrə məruz qalacaqlar. İrəvan artıq siyasi şoulardan vaz keçməli, xalqını və hərbçilərini düşünməlidir. Bir sözlə, Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli reallığa çevrilir".

***

Bu arada Ermənistanın müdafiə naziri Vigen Sərkisyan RİA-Novosti agentliyinə müsahibəsində Rusiyanın bu ölkədə yerləşdirdiyi “İsgəndər” raket kompleksindən danışaraq lovğalanıb və Azərbaycanı hədələməkdən belə çəkinməyib: “Rusiyanın göndərdiyi ”İsgəndər" raket kompleksi Ermənistana məxsusdur və onu xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edir. Onların Ermənistana məxsus olduğunu yüz faiz təsdiqləyə bilərəm. Burada ikinci söhbət, sadəcə, ola bilməz. Bu sistemlərin nə vaxt, hansı pula, hansı müddətə alınması və s. məsələlərə gəlincə, bildiyiniz kimi, bunlar hamısı məxfidir.

Kompleksləri biz idarə edirik. Onlar bizə məxsusdur. Bu silahın təyinatı və parametrləri tətbiq edildiyi ölkənin infrastrukturuna düzəlməz ziyanlar vurmağa imkan verir. O üzdən “İsgəndər”in tətbiqi situasiyanın inkişafından asılı olacaq. İstənilən halda, biz ona zamanı çatanda zəmanətli zərbə silahı kimi baxırıq. Bu, ilk növbədə çəkindirici, qərar vermək planında istənilən qaynar başı soyutmaq imkanında olan silahdır".

Tanış hədələrdir, deyilmi? Əvvəla, erməni müdafiə naziri gərək unutmasın ki, əgər “İsgəndər”lərin uzağı vurma məsafəsi 280 km-disə, Naxçıvanla İrəvan arasında məsafə cəmi 40-45 km təşkil edir. Üstəlik də cırtdan Ermənistanın külünü havaya sovurmaq üçün Metsamor AES-i vurmaq da yetər.

Bundan əlavə, bəllidir ki, “İsgəndər”lərə qarşı İsrailin müasir “Dəmir günbəz” raketdən müdafiə sistemini almaq yönündə Azərbaycanla İsrail arasında danışıqla faktiki, yekunlaşmaq üzrədir. Həmçinin ən yüksək hərbi texnologiyalar əsasında hazırlanan kamikadze-dronların - hansıların dağıdıcı gücünü ki, ötən ilin aprelində düşmən öz üzərində ilk dəfə görmüşdü - Azərbaycanda kütləvi istehsalı artıq relsə salınıb.

Bundan əlavə, ölkəmiz nüvə müttəfiqimiz Pakistanla da hərbi-texniki əməkdaşlığı genişləndirir və prezident İlham Əliyevin təxminən 10 gün sonra başlanacaq Pakistan səfəri bu əməkdaşlığı heç şübhəsiz, daha yüksək səviyyəyə qaldıracaq. Dost ölkə qarşılıqlı əməkdaşlıq çərçivəsində o sırada Azərbaycana müasir döyüş təyyarələri verməyə də hazırdır.

***

İndi hansı tərəf daha güclü çəkindirici hərbi vasitələrə malikdir - Azərbaycan, yoxsa Ermənistan? Sualın cavabı öz-özlüyündə yəqin ki aydındır.

Yeri gəlmişkən, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sərkisyan seçki kampaniyası çərçivəsində hərbçilər qarşısında çıxış edərkən müharibə xofunu gizlətməmiş, Azərbaycanla silahlanma yarışında davam gətirməyə Ermənistanın potensialının olmadığını etiraf eləmişdi. Onun dediyinə görə, erməni tərəfi əsas diqqəti müdafiə məsələlərinə yönəltməlidir.

Hərbi analitiklər də bu xüsusda təmas xəttindəki durumu yetərincə partlayış xarakterli hesab edirlər. Məsələn, rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer 1 in.am erməni nəşrinə müsahibəsində münaqişə zonasında yeni hərbi qarşıdurmaların mümkünlüyünə şübhə etmədiyini söyləyib.

“Fikrimcə, eskalasiya praktik olaraq qaçılmazdır. Nəinki Dağlıq Qarabağda, hətta birbaşa Azərbaycan-Ermənistan sərhədində də yeni kəskinləşmələr gözləniləndir. Nədən ki, tərəflər arasında ciddi danışıqlar getmir və onların mövqeləri bir-biri ilə tam uyuşmazlıq təşkil edir. Hərbi anlamda hər iki tərəf hazırlaşır. İş ondadır ki, iki silahlı qüvvə üzbəüz durublar və daim bir-birinə güllə atırlar. Arada faktiki surətdə müşahidəçi, neytral zonalar yoxdur, səngər səngər qarşısındadır. Gec-tez qarşıdurma baş verəcək, çünki siyasi proses yoxdur” - hərbi ekspert qeyd edib.

Lakin o, qarşıdurmanın hansı masştabda olacağını söyləməkdə çətinlik çəkdiyini deyib: “Bu, keçən ilin aprelindəki 4 günlük müharibə kimi qısamüddətli də ola bilər, genişmiqyaslı da - hərçənd çətin ki, o, dərhal başlasın. Ümid edək ki, yeni qarşıdurma ötən ilin aprelindəki kimi uzunmüddətli olmayacaq. Məsələ ondadır ki, hər iki tərəf dördgünlük müharibədən qane olmayıb. Azərbaycan cəmiyyətində daha böyük ərazi azad etmək, erməni cəmiyyətində isə heç olmasa, apreldəki mövqeləri qaytarmaqla bağlı sifariş var”.

Maraqlıdır ki, bu yerdə erməni jurnalist ekspertə “Erməni cəmiyyətində yüz faiz müharibəyə sifariş yoxdur” iradını bildirib (bu da erməni toplumunda müharibə xofunu göstərir). Felqenqauer isə irada belə reaksiya verib: “Hər halda, baxaq”.

Analitikə görə, müharibə qızışacağı təqdirdə Rusiya yenə onu dayandırmağa çalışacaq. “Bunun üçün o, tərəflərə təzyiq də göstərə bilər. Çünki Rusiya üçün hazırda daha vacib problemlər var - Suriya, Ukrayna məsələsi. Üstəlik, Tramp administrasiyasının qeyri-müəyyən davranışı da Kreml üçün problemə çevrilib”.

***

Beləliklə, cəbhə xəttində hərbi insidentlər kimi, müharibə xəbərdarlıqları da artmaqdadır. Kritik aprelə isə 40 gündən də az qalır...

Şərhlər

XƏBƏR LENTİ