XalqXəbər.Az

"Bu layiqli seçiminə görə, Prezident İlham Əliyevə təşəkkür edirik" - Bakı meriyasının yeni mətbuat katibi

yüklənir...
19-11-2018, 11:46
yüklənir...

Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun əmri ilə Səbail rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İsrafil Kərimov meriyanın mətbuat xidmətinin rəhbəri təyin olunub.

Məlumat üçün bildirək ki, İsrafil Kərimov Bakı şəhərində anadan olub. O, 190 saylı orta məktəbi və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə Xalça Muzeyində başlayıb.

Sovet ordusunda və Milli orduda xidmət edib. Bakı Məişət Kondisionerləri Zavodunda əvvəlcə fəhlə, sonra isə zavodun komsomol komitəsinin katibi işləyib. O, həmçinin Nərimanov və Səbail rayonlarının İcra hakimiyyətlərində çalışıb.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm” mükafatı laureatıdır.

Yeni mətbuat katibi BŞİH-də görəcəyi işlər barədə Modern.az-a danışıb.

- İsrafil müəllim yeni vəzifənizdə mətbuatla əlaqələrinizi necə quracaqsınız? Xüsusi işgüzar planlarınız nələrdir?

- Ən sıx şəkildə jurnalistlərlə əməkdaşlıq etməyə çalışacağıq. Mən Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsində müdir müavini olduğum müddətdə də mətbuatla əlaqələrə cavabdeh şəxs idim. Elə buna görə, daim jurnalistlərlə sıx əlaqədə olmuşam. Özüm də jurnalist olduğuma görə, mətbuatla, jurnalistlərlə əlaqələri səmərəli şəkildə qurmaq mənim üçün heç də çətin deyil.

- İnformasiyalar yayımlanarkən mətbuat orqanlarına, peşəkar və qeyri-peşəkar media nümayəndələrinə fərq qoyulacaqmı?

- Bakı Şəhər İcra Hakimiyyətinin mətbuata göndəriləcək məlumatları press-reliz formasında hazırlanacaq, aparıcı saytlara və digərlərinə paylanacaq. Bu məsələdə fərq qoyula bilməz.

- Meriyanın mətbuat xidmətində kadr dəyişikliklərini düşünürsünüzmü?

- Bir müddət əvvəl mətbuata açıqlama verilmişdi. Gənc mütəxəssislərdən olan Ayna Əliyeva meriyanın mətbuat xidmətinə yeni işçi kimi götürülüb. Bir nəfər köhnə əməkdaşımız da xidmətdə fəaliyyət göstərir. Beləliklə, həm meriyanın mətbuat xidmətinin keçmiş əməkdaşları, həm də gənc kadrlarla çiyin-çiyinə çalışacağıq.

Xatırlatmaq istəyirəm ki, ötən gün ölkə başçısının sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi. Bu layiqli seçiminə görə, Prezident İlham Əliyevə təşəkkür edirik. Eldar müəllimə isə məni bu vəzifəyə layiq bildiyinə görə minnətdaram. Qeyd etdiyim kimi, həm prezidentin, həm də Bakı merinin qarşımıza qoyduğu tələbləri yerinə yetirməyə çalışacağıq.

- Eldar müəllimin icra hakimiyyətinin əməkdaşlarına təqdimatı keçirilibmi?

- Eldar müəllim, icra başçısının müavini vəzifəsinə təyin olunanda geniş təqdimat baş tutmuşdu. Ona görə, ikinci dəfə əlavə təqdimat keçirilməsinə ehtiyac hiss edilmədi.

- Yaxın zamanlarda yeni icra başçısının Bakının digər rayonlarının başçıları ilə toplantısı gözlənilirmi?

- Müşavirələr öz yerində, mütəmadi olaraq, həm yerlərdə, həm də Bakı Şəhər İcra Hakimiyyətində icra başçıları ilə görüşlər, toplantılar keçirilir. Gündəlik iş prosesində belə yığıncaqlar tez-tez baş tutur.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.