SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » ABŞ-ın sanksiya siyahısında yer alan “Bank Melli İran-Baku” Bakıda fəaliyyətini sürdürə biləcəkmi?

ABŞ-ın sanksiya siyahısında yer alan “Bank Melli İran-Baku” Bakıda fəaliyyətini sürdürə biləcəkmi?

Tarix:

7-11-2018, 15:05

/ 1 682 dəfə oxundu.
ABŞ-ın sanksiya siyahısında yer alan “Bank Melli İran-Baku” Bakıda fəaliyyətini sürdürə biləcəkmi?

ABŞ-ın İrana qarşı sərt cəzaları davam edir; yeni sanksiyalar “Bank Melli İran-Baku”nun fəaliyyətinə necə təsir edəcək?..

Avtosalon rəsmisi: “Açığını deyim ki, “Bank Melli İran-Baku” ilə əməkdaşlıq yerli banklarla çalışmaqdan daha sərfəlidir”.

Natiq Cəfərli: ““Bank Melli İran-Baku”nun Azərbaycanda qalıb fəaliyyət göstərməsi məhz verdikləri keçmiş kreditlərin geri alınması ilə əlaqədar ola bilər”.
İran-ABŞ münasibətləri mövzusu hazırda beynəlxalq sistemin ən mühüm və aktual məsələlərindən birinə çevrilib. Iran-ABŞ münasibətlərindəki böhranın müxtəlif cəbhələri olsa da, diqqət çəkən əsas cəhətlərdən biri iqtisadi sahə ilə bağlıdır. Ötən illərdə İranın iqtisadi ekspertləri ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarının ölkə üçün hələlik təhlükəli olmayacağını bildirirdilər və ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların reallıqda rəsmi Tehrana təhlükə yaratması üçün dünya ictimaiyyətinin razılığının lazım olduğunu qeyd edirdilər.
Tramp administrasiyasının yüksək səviyyəli rəsmiləri isə bildirir ki, sanksiyaların əsas məqsədi İran rejiminin “zərərli fəaliyyətlərinin” qarşısını almaq üçün Tehrana maliyyə sahəsində təzyiqlərinin artırılmasından, eləcə də İranın təhlükələrinə qarşı yeni razılaşmanın əldə edilməsinə çalışmaqdan ibarətdir. Lakin bəzi ekspertlərə görə, ABŞ-ın sanksiyalar rejimi daha sərt olsa belə, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə dəstəklənməyəcəyi fonunda İranın təcridinin az olacağına şərait yaradacaq. Həmçinin Çin və Türkiyə kimi əsas ticarət tərəfdaşları artıq yalnız “qanuni” sanksiyalara riayət edəcəklərini elan etdiklərinə görə, ABŞ-ın İranı sıxışdırması istədiyi planın reallaşmasına mane olur.

Avropa İttifaqı isə Avropa şirkətlərinin ABŞ sanksiyalarına əməl etməsini qadağan edən və onları İranla biznes əlaqələri qurduğu halda müdafiə edən tədbirlər görüb. Məlumdur ki, Tramp administrasiyası may ayında Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxdığını elan etməsindən sonra ölkəyə qarşı sanksiyaların ilk raundunu tətbiq etdi. İranın neft satışlarını əhatə edən sanksiyaların ikinci raundu isə bu ay, yəni noyabr ayında reallaşmağa başladı.
Sanksiyalar barədə danışan ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hazırkı sansksiyaların ən ağır sanksiyalar olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatına dağıdıcı təsir göstərməyə başlayıb. “İranın milli valyutası bir il ərzində 70% amortizasiyaya məruz qalıb, oktyabr ayının göstəricinə görə ölkədə inflyasiya 37% olub”, - o deyib. İran Prezidenti Həsən Ruhani də yeni sanksiyalara dərhal reaksiya verib. O bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu “peşman edəcək”.

ABŞ-ın İrana qarşı yeni sanksiyalarının İslam Respublikasının iqtisadiyyatına mümkün təsirini dəyərləndirən Türkiyə Enerji Strategiyası və Siyasəti Mərkəzinin direktoru Oğuzhan Akyener isə bildirib ki, ABŞ bu sanksiyalara qoşulmayan dövlətlərə qarşı da “iqtisadi müharibə”yə başlayacaq. O, bildirib ki, bu sanskiyalar İranın parçalanması ilə nəticələnə bilər. "ABŞ-ın yeni sanksiyalarının təsiri də əvvəlkilər kimi olacaq. Yəni iqtisadi vəziyyət ağırlaşacaq, milli valyuta ucuzlaşacaq, bahalaşma güclənəcək, əhalinin sosial vəziyyəti pisləşəcək və sair. Ancaq bu sanksiyalar nəticəsində İranı bir dövlət kimi sıradan çıxarmaq mümkün olmayacaq”, deyə Oğuzhan Akyener qeyd edib.
İsrailli jurnalist Aviqdor Eskinə görə isə sanksiyaların mahiyyəti İranın təkcə Amerika bazarından deyil, həm də bütün dünyadan tam təcridindən gedir. Amerika sanksiyaları hətta İranla ticarət münasibətləri aparanlara qarşı da iqtisadi cəza tədbirlərini işə salır. Başqa ölkələrdən də pozanlar cəzalandırılacaq. Və Avropanın, demək olar, bütün iri şirkətləri İranı artıq tərk edib ki, amerikalıları qəzəbləndirməsin. Belə ki, bu sanskiyalar xüsusən də İran ixracatının 80%-i və dövlət büdcəsinin 45%-ni təşkil edən neft və qaza aid edilib və siyahı da əsasən İranın şirkətləri, bankları, eləcə də müxtəlif fiziki şəxslər yer alıb.

Siyahıda yer alan banklardan biri də “Bank Melli İran”dır. Qeyd edək ki, 2010-cu ildə də ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyaları çərçivəsində “Bank Melli İran” siyahıya əlavə edilmişdi. Hətta ABŞ hökuməti təkcə bu bankın özünə qarşı deyil, onun xarici ölkələrdə, o cümlədən Bakıda fəaliyyət göstərən filiallarına qarşı da sanksiyalar tətbiq edilib. Bununla yanaşı, ABŞ tərəfindən sanksiya tətbiq edilən bu bankla Amerika vətəndaşlarına və şirkətlərinə əməkdaşlıq qadağan edilib.

Qeyd edək ki, bu İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Onun Bakı filialının nizamnamə kapitalı 76 611 171 manatdır. Avtomobil kreditini xarici valyutada minimum faiz dərəcəsi ilə verən banklar sırasında xüsusi yer tutan “Bank Melli İran” Bakı filialıdır. (18-25%). Bu baxımdan ən sərfəli avtomobil krediti verən banklardan biri kimi əksər avtosalonlar “Bank Melli İran” Bakı filialı ilə əməkdaşlığa üstünlük verirlər. Yeni sanksiyalar fonunda isə bankın fəaliyyəti və bundan sonrakı dönəm üçün avtokreditlər verəcəyi sual doğuran məsələlərdən birinə çevrilib. Belə ki, yaranan böhrandan dolayı bankın xidmətində zəifləmənin olacağı gözlənilən nüanslardan biridir. Bu isə ölkədə verilən sərfəli avtokreditlərinin az olması fonunda “Bank Melli İran” Bakı filialının fəaliyyətində ləngimənin olması və müştərilərin narahatlığına səbəb olacağı ehtimal olunur.
Əldə etdiyimiz məlumatlara görə, bir sıra avtosalonlar artıq “Bank Melli İran-Baku” ilə əməkdaşlığı durdurmaq haqqında düşünür. Lakin elə avtosalonlar da var ki, sanksiya tətbiq olunan İran bankı ilə çalışmaqda davam etməyi düşünür. “Açığını deyim ki, “Bank Melli İran-Baku” ilə əməkdaşlıq yerli banklarla çalışmaqdan daha sərfəlidir. Bu bank həm faizi aşağı verir, həm də problemlər yaratmır. Ona görə də biz “Bank Melli İran-Baku” ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, deyə özünün və təmsil etdiyi avtosalonun adının hallanmamasını istəyən bir avtosalon rəsmisi bildirib. Həmsöhbətimiz onu da qeyd elədi ki, onlar əsasən Koreya və Avropada istehsal olunan maşınları satırlar və buna görə də “Bank Melli İran-Baku” ilə əməkdaşlığın onların işlərinə zərərli olacağını da hesab etmirlər.

Müraciət etdiyimiz başqa bir avtosalondan isə bildirdilər ki, onlar bu məsələdə hələ heç bir qərar verməyiblər və zamanla bu məsələ barədə problem ortaya çıxarsa, ona görə qərar verəcəklər.

“Bank Melli İran-Baku”nun əməkdaşı: “Bizim filialın mətbuat xidməti yoxdur. Bu məsələ ilə bağlı mətbuata açıqlama verməmək kimi təlimatımız var. Əldə etmək istədiyiniz məlumat üçün İranın Azərbaycandakı səfirliyinə müraciət edin”.

Yeni iqtisadi sanksiyanın təsirləri ilə bağlı “Bank Melli İran-Baku” ilə əlaqə saxlasaq da, bu məsələ ilə bağlı mətbuata açıqlama verməmək kimi təlimatlarının olduğunu və məlumat üçün İranın Azərbaycandakı səfirliyinə müraciət etməyimizi bildirdilər. Məsələ ilə bağlı səfirliyə bir neçə dəfə zəng etsək də telefonu açmadılar.
Bir gün öncə, yəni dünən isə Bankdan yerli KİV-ə verilən məlumata görə, sanksiyalarla bağlı məlumatlar yayılandan sonra bəzi müştərilər və bankın partnyorları əlaqə saxlayıb bankın işi ilə maraqlanıblar. “Onsuz da bizə neçə illərdir ki, sanksiyalar tətbiq edilir. Ona görə də sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük”, deyə bankdan müştərilərə bildiriblər. “Bank Melli İran-Baku” həmçinin onların müştəriləri arasında ABŞ-dan asılılığı olan fiziki və hüquqi şəxslərin olmadığını qeyd edib.

“Bank Melli İran-Baku”nun Azərbaycanda bundan sonrakı vəziyyəti ilə bağlı öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərliyə görə isə yeni sanksiyaların tətbiqi bankın fəaliyyətində müəyyən problemlər yaradacaq.

Natiq Cəfərli: ““Bank Melli İran”nın Bakı filialı fəaliyyətini dondura və ya birmüddətlik axsaq fəaliyyət göstərə bilər”.

Məlum sanksiyaların çox ciddi olduğunu bildirən Natiq Cəfərli qeyd edib ki, sanksiya tətbiqi bankın fəaliyyətində ciddi problemlərin yaranma ehtimalını artırır:

“Əslində bankın müştəriləri yox, bankın özünə sanksiya tətbiq olunduğuna görə fəaliyyətində ciddi problemlər yarana bilər. Çünki “Bank Melli İran-Baku”nun beynəlxalq ödəmələr sistemi olan SWIFT-dən də ayrılması da nəzərdə tutulub. Təbii ki, bu zaman bankların işi iflic vəziyyətinə düşə bilər. Ona görə də “Bank Melli İran-Baku”nun fəaliyyəti dondurula və ya birmüddətlik axsaya bilər. İndiki sanksiyalar kifayət qədər ciddi və sərtdir. İran bankı heç bir beynəlxalq pul köçürmələrində iştirak edə bilməyəcəksə, Azərbaycan daxilində də fəaliyyəti kifayət qədər məhdudlaşacaq. Sanksiyalar baxımından “Bank Melli İran-Baku”da hesabı olan fiziki və hüquqi şəxslərlə bağlı birbaşa problem yaşanmasa da, öz aktivlərini bankdan geri çəkməklə bağlı müəyyən problemlər yaşana bilər”.

Natiq Cəfərli: “Avtomobil kreditlərinin geri yığılması ilə bağlı fəaliyyət davam etdiriləcək. Çünki həmin fəaliyyət sanksiya siyahısına düşmür”.

Ölkədə fəaliyyət göstərən avtosalonların “Bank Melli İran-Baku” ilə əməkdaşlığının bundan sonrakı aqibətinə gəldikdə isə, iqtisadçı ekspert Natiq Cəfərli bankın fəaliyyəti məhz keçmiş kreditlərin geri alınması ilə bağlı olacaq:

“Bu sanksiyalar birbaşa avtosalonların özünə aid olmayacaq. Əksinə avtomobil kreditlərinin geri yığılması ilə bağlı fəaliyyət davam etdiriləcək. Çünki həmin fəaliyyət sanksiya siyahısına düşmür. Ancaq beynəlxalq maliyyə institutlarından maliyyə alınması və ya beynəlxalq müqavilələrin iştirakından məhrum olunacaqlar. Bu baxımdan düşünürəm ki, bankın fəaliyyəti ilə bağlı bir müddət problemlər yaşanacaq. Bu bankın Azərbaycanda qalıb fəaliyyət göstərməsi məhz verdikləri keçmiş kreditlərin geri alınması ilə əlaqədar ola bilər”.
Maraqlıdır ki, İranın xarici işlər naziri Cavad Zərif “Twitter” hesabında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında 6 il öncə bağlanmış bir bank və ötən il qəzası geniş şəkildə televiziyalar tərəfindən xəbər edilən “Sançi” adlı batmış tankerin də olduğunu qeyd edib. O, bu vəziyyətlə ABŞ-ı ələ salaraq tətbiq olunan sanksiyanı "Vaşinqtonun çarəsizlik göstəricisi" adlandırıb. Cavad Zərif Vaşinqtonun bu çarəsizliyinin bir nümunəsi kimi sıradan vətəndaşların da sanksiya siyahısına əlavə edilməsini vurğulayıb. Bu məsələ ilə bağlı isə ABŞ tərəfi susqunluq nümayiş etdirib.

ABŞ rəhbərliyinin sanksiya tətbiq etdiyi bütün şəxs, təşkilat, dənizçilik və hava şirkətlərinin əks olunduğu siyahı ilə BURADAN tanış ola bilərsiniz.

Şərhlər

XƏBƏR LENTİ