SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Agentlik toyuq bazarına da monopoliya gətirir - İDDİA

Agentlik toyuq bazarına da monopoliya gətirir - İDDİA

Tarix:

31-10-2018, 09:24

/ 1 101 dəfə oxundu.
Agentlik toyuq bazarına da monopoliya gətirir - İDDİA

Ötən gün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Agentlik sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilən tədbirlərlə bağlı sahibkarları məlumatlandırıb. Sahibkarlarla əlaqələndirmə prinsiplərinə əsaslanaraq, şəffaflığın təmin olunması şəraitində həyata keçirilən tədbirlərin ölkədə qida təhlükəsizliyi siyasətinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Qoşqar Təhməzli, bu istiqamətdə sahibkarlara Agentlik tərəfindən hər cür metodiki köməkliyin göstəriləcəyini diqqətə çatdırıb.

Görüşdə ölkə ərazisində müvafiq sahə üzrə qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların maarifləndirilməsi sahəsində əlaqələndirilmiş birgə fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib və birgə bəyanat qəbul edilib.

Bəyanatda bildirilir ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən nəmlik dərəcəsi və digər keyfiyyət göstəriciləri standartlara uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.

Bu istiqamətdə Azərbaycan Quşçular Cəmiyyəti isə idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələblərinə riayət olunması, quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsi, istehsal olunan məhsulların ölkədə mövcud standartlara və keyfiyyət tələblərinə uyğun təşkil olunması, heyvan sağlamlığından irəli gələn tələblərə əməl edilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə norma yaratma və digər istiqamətlərdə əməkdaşlıq edilməsi təmin edəcəkdir.

Qeyd edək ki, bir müddət öncə AQTA-a tərəfindən Bakıda ət kəsimi ilə bağlı qaydalar sərtləşdirilməsi barədə xəbərdarlıq olundu. Amma reallıqda görünən odur ki, bu sadəcə səs-küylü bəyanatdan başqa bir şey deyil. Belə ki, Agentlik ölkədə qanunsuz ət kəsiminin qarşısını almaq məqsədi ilə yerli icra hakimiyyəti ilə danışıqlar aparsa da, hətta hər bir rayonun əhalisinə və təsərrüfatlarının sahəsinə görə modul tipli kəsim məntəqələri açılacağını desə də, görünən odur ki, bunun qarşısını almağa müvəffəq olmayıb. Günümüzdə iri və xırdabuynuzlu heyvan və quş kəsimləri hələ də standartlara cavab verməyən ət kəsim məntəqələrində aparılır. Maraqlıdır ki, Agentlik diri toyuqların satışının məhdudlaşdırmaqla necə mübarizə aparacaq? Ümumiyyətlə, standartlara cavab verməyən diri toyuqları necə müəyyən edəcək?

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında AQTA-nın fəaliyyəti ilə bağı fikrinin birmənalı olduğunu deyib:

“Əslində, ölkədə qida təhlükəsizliyini təmin etmək üçün səmərəli mexanizm mövcud deyil. Azərbaycanda quşçuluq təsərrüfatları bəllidir, yəni, onların satışı o qədər də çox deyil. Onların üzərinə hər hansı bir qadağanın qoyulması və yaxud da qaydanın tətbiqi mümkündür. Azərbaycanda verilən bəyanatların, qərarların heç biri işlək mexanizmə malik deyil. Hesab edirəm ki, AQTA-nın bu bəyanatı öz fəaliyyətini fiksasiya etmək məqsədi daşıyır. Yəni, cəmiyyətdə deyilsin ki, bu qurum da işləyir və tapşırıqlar verir. Qanunsuz ət kəsimi ilə bağlı qərar necə icra olunursa, diri toyuqların satışının məhdudlaşdırılması da o cür icra olunacaq”.

Ekspert hesab edir ki, AQTA-nin qoyduğu qadağaların təhlükəsizliklə heç bir bağlılığı yoxdur:

“Standartlara cavab verməyən quşçuluq fermaları toyuqları istər diri, istərsə də kəsib satmasının fərqi yoxdur. Bu işlə məşğul olan sahibkarlar var ki, broyler toyuqlarını diri alıb açıq sahələrdə qidalandırır, amma həyət toyuğu kimi satışa çıxardır. Quşçuluq fabrikində yetişdirilən toyuqlar müəyyən mərhələni həyət şəraitində keçirdikdən sonra onların orqanizmindən keyfiyyətə doğru müəyyən dəyişikliklər olur. Yəni, broylerin əti həyət toyuğuna bənzəyir. Bu gün daha keyfiyyətli toyuq ətinin bazara çıxması üçün tədbirlər görülür. Amma onların tədbiri keyfiyyətli toyuq məhsulu istehsalının qarşısını alır. Ümumiyyətlə, QTA-nin başqa imkanları da yoxdur.

Onlar qərar qəbul etməkdən başqa heç bir iş görmək imkanına malik deyillər. Ölkədə qida təhlükəsizliyinə vətəndaş cəmiyyətini cəlb etmək lazımdır. Bunun üçün də qanunvericilik bazası yaradılmalıdır. Əgər bu işə vətəndaş cəmiyyəti cəlb edilməsə, o zaman biz bazar iqtisadiyyatından imtina edib inzibati sistemə keçməliyik. Əgər biz bazar iqtisadiyyatı modelini işlək formaya salmaq istəyiriksə və bu şəraitdə əhalini təhlükəsiz qida ilə təmin etmək istəyiriksə, o zaman vətəndaş cəmiyyəti nəzarəti mexanizmi formalaşmalıdır. Bu isə dünyada tətbiq olunmuş praktikadır. Hesab edirəm ki, ölkəmiz gec-tez bu praktikadan istifadə etməli olacaq”.

Şərhlər

XƏBƏR LENTİ