SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » GORANBOYUN İCRA BAŞÇISI QOCAMAN FERMERƏ QAN UDDURUR

GORANBOYUN İCRA BAŞÇISI QOCAMAN FERMERƏ QAN UDDURUR

Tarix:

19-03-2018, 11:55

/ 1 624 dəfə oxundu.
GORANBOYUN İCRA BAŞÇISI QOCAMAN FERMERƏ QAN UDDURUR

Tanınmış fermer Akif Rzayev: «Nizaməddin Quliyev prezident İlham Əliyevin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması barədə sərəncamlarını vecinə …»
«Cənab Prezident! İcra başçısı başa düşmür ki, bizim kimi fermerləri məhv etdiklərindən Azərbaycan hər il yüz milyon dollarla vəsait xərcələyərək xaricdən ət alır…»
«Təzadlar»ın arxivində tanınmış fermer, öz vəsaiti hesabına uzun illərdən bəri qoyunçuluq təsərrüfatı yaradaraq ölkəmizin istehlak bazarlarına ucuz ət və yun satışını təmin edən Akif Rzayevin başına məmurlar tərəfindən gətirilmiş müsibətləri əks etdirən sənəd və foto, video faktlar var. Əməkdaşlarımız qocaman sahibkarın dəvəti və şikayət ərizələri əsasında onun yaylaq təsərrüfatında, eləcə də qışlağında olublar, hər şeyi öz gözləri ilə görüblər.
Yaylağı və qışlağı başına bəla olmuş fermerin bütün təzyiq və təpkilərə, maneçiliklərə baxmayaraq inadkarlıq edərək ruh yüksəkliyi və böyük enerji ilə həvəsdən düşmədən təsərrüfatını irəli aparması bizi həmişə sevindirib. Şəxsən bu sətirlərin müəllifi kimi, fermer Akif Rzayevin qışlaq sahəsində olarkən onun qarlı-şaxtalı havada əyninə qalın yapıncı geyərək qoyun-quzularını çovğundan xilas etmək üçün çobanlarının yanından bir an belə aralanmamasını görəndə ona demişəm: «Akif kişi, yaş öz işini görür, bəlkə bu çətin və müşkül işdən-təsərrüfatdan aralanıb qalan ömrünü bəy kimi rahat yaşayasan!». O, əlindəki iri çomağı çiyninə alaraq təzəcə doğulmuş quzuları ağıla doldurub qürurla deyib:
-Bəli, mənim hər cürə imkanım var, Gəncədə evim, maşınım, pulum, ən vacibi, yaxşı dostlarım var… Amma bəzi məmurların mənə badalaq vuraraq əlimdə olan əmlakı ələ keçirərək diş qıcartmalarının cavabını bu inadkarlığımla verirəm. Vicdanım təmizdir, kimsənin yanında gözüm kölgəli deyil… Gözükölgəli o məmurlardır ki, onlar Prezidentin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması barədə sərəncamlarını belə saya salmırlar. Onların qanunsuz və əsassız əməllərinin nəticəsidir ki, bizim kimi, dövlətdən bir manat belə vəsait almadan təsərrüfat qurub heyvan saxlayan zəhmət adamlarına pul kisəsi kimi baxırlar, mane olurlar, bu səbəbdən də Azərbaycan hər il 100 milyon dollarlar xərcləyib xaricdən mənşəyi də düz-əməlli bilinməyən ət alır. Burada isə mənim 4-5 min baş qoyun-quzum Göranboyun icra başçısı Nizaməddin Quliyevin tamahının ucbatından məhv edilir…

Fermerə dəstək vermək lazımdır, badalaq vurmaq yox…

Problemin kökü düşüncürüdür. Əlimizdə olan sənəd və sübutlar, qocaman fermerin şikayəti əsasında yerdə olub hər şeyi öz gözlərimizlə gördüyümüzdən inamla deyə bilərik ki, Göranboyun icra başçısı Nizaməddin Quliyev gerçəkdən fermerlə düşmənçilik edir. Əslində isə, bu düşmənçilik Azərbaycanın ərzaq təhlükəsizliyi barədə Prezident İlham Əliyevin sərəncamları ilədir. Nizaməddin Quliyevin əlindən ermənilərin işğal altında saxladığı ərazilərlə burun-buruna olan təmas xəttində, çətin çöl şəraitində qoyun-quzusunu sahibsiz qoyub Bakıya şikayətə gələn qocaman fermerin dərdini kim ağlamalıdır??? Necə ola bilər ki, qışın şaxtasında, yayın istisində dövləti üçün heyvan-qara saxlayan edən bir təcrübəli, yaşlı insanı həvəsdən salıb iş-gücündən eədələr və bunun başında isə Prezidentin rayondakı səlahiyyətli nümayəndəsi- Göranboyun icra başçısı Nizaməddin Quliyev dayana! Adam başqa söz deməyə çətinlik çəkir… Vəziyyəti gözümüzlə görmüşük deyə, bu sözləri ünvanı ilə deyirik… Və elə Göranboyun icra başçısı Nizaməddin Quliyevin əlindən bezən qocaman fermer Akif Rzayev bu həftənin əvvəlində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisdə qəbullarda oldu… Hələki nəticəni görmürük. İnanırıq ki, olacaq. Olmaya da bilməz. Fermerə qayğı göstərmək, probleminin həllinə dəstək vermək əvəzinə ona problem yaradan İcra başçısı cəzalanmalıdır!

İcra başçısının çayxana söhbəti…
Təsəvvür edirsinizmi, Göranboyun İcra Hakimiyyəti başçısının 5 mart 2008-ci il tarixli sərəncamı ilə (ikinci dəfədir) 2647 hektar otlaq sahəsini 15 il müddətinə təkrar icarəyə götürmüş fermerin adından saxta ərizə yazıb işə tikirlər ki, guya o, 900 ha sahənin yararsız olduğundan geri qaytarır… Və dərhal da Yasin Hüseynov adlı başqa bir şəxsə həmin sahəni satırlar… Halbuki ərazidə min hektarlarla boş sahələr var. Lakin kimlərsə hazıra nazir olmaq, yolu çəkilmiş qışlaq ərazidə özünə yeni təsərrüfat həyatı qurmaq istəyir… Bu oyunlardan gec xəbər tutan Akif Rzayev Göranboyun icra başçısı Nizaməddin Quliyevin qəbulunda olur, bu qanunsuz hərəkəti dayandırmağı xahiş edir… Başçının müavini Elçin İsmayılov 14 dekabr 2017-ci ildə Akif Rzayevin şikayət ərizələrinə cavab yazır. Təsəvvür edirsinizmi, fermeri çağırıb dinləmək, yaratdıqları problemini həll etmək əvəzinə, ona məktubla cavab verirlər!
Beləcə, E.İsmayılov qocaman fermeri-çobanı həmin məktub-cavabında hədələyir, şikayətlərinin böhtan və şantaj olduğunu yazır… Halbuki başçının müavini Elçin İsmayılov özü həmin məktubunda Akif Rzayevi şantaj edir, yazır ki, “...Siz 900 ha ərazidən imtina etmək barədə ərizə ilə müraciət etmisiniz…». Akif Rzayev isə daş atıb başını tutur ki, mən elə bir ərizə yazmamışam. Və niyə yazmalı idim ki?! Və sair…

Başçının müavini iki həftə sonra sözünü geri götürür...

Təsəvvür edirsinizmi, 14 dekabr 2017-ci il tarixli məktubunda fermer Akif Rzayevi böhtançı adlandıran, hədələyən Elçin İsmayılov fermerin yuxarı orqanlara şikayətindən sonra onu yenidən qəbul edir, ona rəsmi cavab verir. Başçının müavini əvvəlki məktubundan 17 gün sonra yazdığı 29 dekabr 2017-ci il tarixli həmin cavab məktubunda isə Akif Rzayevə münasibətində 360 dərəcə dəyişir. Sitat: «Gəncə şəhər sakini Akif Nağı oğlu Rzayevə! Goranboy rayon İcra Hakimiyyətinə və digər dövlət orqanlarına ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, Y.Hüseynov İH-də qəbul olunmuş, aranızda yaranan mübahisənin həlli məqsədilə yatağın başqa əraziyə köçürülməsi tələb edilmişdir. O, hazırda qışlama dövrünün başlamasını nəzərə alaraq mövsüm başa çatdıqdan sonra fermanı mütəxəssislərin rəyi ilə başqa əraziyə köçürəcəyini bildirmiş, bu barədə izahat təqdim etmişdir. Nəzərə almağınızı xahiş edirik».

Başçının ikibaşlı sərəncamı və fermerə qurduğu tələ…

Nə isə… Başını itirən qocaman fermerin Prezident İlham Əliyevə şikayət dolu müraciəti "Təzadlar"ın 22 dekabr 2017-ci il tarixli sayında dərc olunduqdan sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Akif Rzayevi təcili surətdə kabinetinə çağırtdırır… Akif Rzayev deyir: "Başçı mənimlə söhbətində "Sən öl, sənin qışlağını zəbt edib ferma tikən Yasin Hüseynova sərəncam verməmişəm, verməyəcəyəm də...", -dedi... Bildirdi ki, həmin ferma söküləcək, o yer səndə qalacaq və sair… Lakin Nizaməddin Quliyev bu “Sən öl!”ün mürəkkəbi qurumamış- 27 fevral 2018-ci ildə Yasin Hüseynova 900 hektar ərazini 15 illiyə icarəyə verilməsi barədə sərəncam verir. Bu sərəncamın surətini görəndə matım-qutum qurudu. Başçı mənimlə «siçan-pişik» oyunu oynayırdı… Görün o boyda cəbhə bölgəsi rayonunu kim idarə edir! Dövlət Aktı ilə mənə məxsus icarə torpaqlarının həmin 900 hektarı sərəncamla geri alınmadığı halda, başqasına necə verilə bilərdi? Həmin ərazinin vergisini büdcəyə mən ödəyirəmsə, bu necə mümkün olur? Bundan başqa, başçı sərəncamının 2-ci bəndində yazır ki, həmin ərazidə tez sökülüb daşınan materialdan ferma (alaçıq) tikilə bilər... Faktiki isə həmin ərazidə mişar daşından çoban evləri, uzunluğu 70 metr, eni 15 metr olan ferma və digər yardımçı tikililər inşa edilib... Bunlar nə deməkdir? Nizaməddin Quliyev istəyir ki, çobanlar arasında qan tökülsün?! Artıq bu hal baş verib. Yasin Hüseynovun oğlu mənim çobanlarıma, mənə hücum çəkib, xəsarət yetirib. Polisə şikayətimdən sonra onun oğlu Yelmar Hüseynov məhkəmə qərarı ilə 7 günlüyə həbs edildi, barəsində istintaqdan yayındığına görə araşdırma aparılır... Belə başa düşürəm ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev istəyir ki, mən 20-30 illik zəhmətimin bəhrəsi olan təsərrüfatı onun tamahına qurban verim?! Bu heç vaxt mümkün olmayacaq. Həmin təsərrüfatı düşmənə verərəm, amma Prezidentin tapşırıqlarına, tövsiyyələrinə arxa çevirənə yox… Prezidentə qurban deyilmiş quzulara tamah salan bir başçıdan başqa nə gözləmək olar... «Təzadlar»dakı həmin müraciətimdən sonra Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev məni icraya dəvət etdi, dedi ki, "Sənə kişi kimi söz verirəm, arxandayam, köməyinəm, bu yazını davam etdirmə, Yasin Hüseynov o fermanı qanunsuz tikib, söküləcək... Amma mənə de görüm, o bu yerə görə 30 min verib, barmağı ilə də göstərdi, dedi, onu qaytara bilərsən? Dedim, mən çoban adamam, xalqa xidmət edənəm, Prezidentin tapşırığı ilə min bir əziyyətlə qoyun-quzu bəsləyib ucuz qiymətə satıram... Gücüm 10 minə çatar. Axı halal, qanuni sənədlərlə, vergisi verilən örüş yerimə görə niyə xərcə düşüm? Nizaməddin Quliyev dedi ki, "Eşitmişəm, fermanda 100 baş boynu qırmızı bantlı erkək bəsləyirsən, onu sat...". Dedim ki, bu heyvanlar Prezident seçkilərindən sonra Prezident İlham Əliyevin qələbəsinə qurban kəsiləcək... O da dedi ki, "50-si bəsdi, 50-ni gətirərsən...". Dedim, onları saf niyyətimlə qurban demişəm, amma başqasını verərəm... Beləcə ayrıldıq. Bir neçə gündən sonra öyrəndim ki, acığa düşüb başımın üstündən Yasin Hüseynova sərəncam verib... Hansı ki, o mənə kabinetində kişi sözü vermişdi...".

Qocaman fermer ölkə başçısına yenidən müraciət etdi: «Ya Nizaməddin Quliyev cəzalandırılsın, ya da…»

Başçının dolaşıq işlərindən cana doyan qocaman fermer yenidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Naziri Cənab Artur Rəsizadəyə, Azərbaycan Respublikasının Milli Məclisin sədri Cənab Oktay Əsədova, Azərbaycan Respublikasının Baş Pokuroru Cənab Zakir Qaralova, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə müraciət qəbul edib Aşağıda təqdim edirik:
Gəncə şəhəri, İsgəndər Orucov küçəsi. Ev 8-də yaşayan Rzayev Akif Nağı oğlu tərəfındən
MÜRACİƏT
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli cənab Baş nazir!
Hörmətli dövlət məmurları!
Mən, adi bir çoban da olsam, fəxr etmişəm ki, azərbaycanlıyam və mənim dünyaya həqiqət dərsi keçən İlham Əliyev cənabları kimi prezidentim var. Çünki o, həmişə demişdir ki, «Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mən prezident olaraq xalqımın xidmətçisiyəmsə, yerlərdə bütün icra başçıları və digər dövlət məmurları da hər bir xalqın xidmətçisi olmalıdır».
Sizi, Daşkəsən rayonundan respublikanın ilk fermer-sahibkarı, Yeni Azərbaycan Partiyasinın üzvü, prezident İlham Əliyevin cənablarının fanati olan 72 (yetmiş iki) yaşlı f ermer Rzayev Akif Nağı oğlu, Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfındən təzyiqlərə və təhdidlərə məruz qaldığı üçün dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və aidiyyatı dövlət orqanlarına şikayət etsəm də, şikayətimə baxan yoxdur! Etdiyim şikayətlərlə bağlı ailəmin və özümün həyatı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfındən təhlükədədir. Xahiş edirəm mənim və ailəmin təhlükəsizliyini təmin edəsiniz.
Respublikamn ilk fermeri kimi Azərbaycan Respublikasınm Prezidenti, Ulu öndərimiz hörmətli Heydər Əliyevin təşəbüsü ilə təsərrüfatımda olan qoyun heyvanlarımın saxlanması üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2006-cı il tarixli 60 saylı qərarına əsasən Goranboy rayonunun “Acıdərə” adlanan qışlaq ərazisindən 2600 ha otlaq sahəsi icarə müqaviləsinin başa çatdığını nəzərə alınmaqla 15 il müddətinə yenidən 2008-ci ildə “Hacı Tağı” adına kəndli (fermer) təsərrüfatının başçısı olaraq mən, Rzayev Akif Nağı oğlunun adına verilmişdir.
Hətta bu barədə 2008-ci ildə Goranboy rayon icra başçısı sərancam veribdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.03.2006-cı il tarixli 60 saylı qərarına əsasən 2600 ha otlaq sahəsindən heyvanlarımın saxlanması üçün şəxsi damlar tikdirmişəm. Fəaliyyətim barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinə və statistika idarəsinə vaxtlı-vaxtında məlumatlar vermişəm. Hər il dövlət büdcəsinə 1747.02 manat icarə haqqı ödəmişəm.
Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin olunduqdan sonra, Azərbaycan Respublikası Torpaq Komitəsinin işçisi olan Lütvü Məhərrəmovla əlbir olaraq 2008-2009-cu ildə də həmin mübahisəli otlaq sahəmin bir hissəsini əlimdən alaraq Məhərrəm Vəliyev adlı şəxsə külli miqdarda pula satmışdır. Mən bu hadisənin barəsində şikayətlər etdikdən sonra, əlimdən alınan otlaq sahəmi özümə qaytarıb verdilər.
Cənab Prezident!
Bundan sonra icra başçısı Nizaməddin Quliyev mənimlə şəxsi ədavətə girərək çalışır ki, otlaq sahəmi hansı yolla olur-olsun əlimdən alsın, təsərrüfatımda olan heyvanlarımı məhv etsin, məni də ərazidən zorla çıxartsın. 2017-ci il noyabr ayına kimi də həmin ərazi mənim istifadəmdə olubdur... Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və ətrafında olan bir qrup şəxslə 2017-ci il sentyabr- oktyabr aylarında mənimlə şəxsi ədavətə girərək qış mövsümündə təsərrüfatımda olan 4000-5000-nə yaxın heyvanlarımın saxlanması üçün istifadəmdə olan 2600 ha otlaq sahəsinin yararlı olan 800 ha-nı zorla əlimdən alaraq, yəni düz yatağımın qabağında su yolumu kəsərək sərancam- sənəd olmadan Göygöl rayon Pənahlılar kənd sakini Yelmar və Yasin Hüseynovlardan külli miqdarda pul alaraq satmış və orada icra başçısı öz təşəbbüsü ilə qanunsuz ferma tikdiribdir.
Goranboy rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev təsərrüfatımda olan heyvanlarımı qırmaq üçün mənim sahəmin qonşuluğunda istifadə edilməyən minlərlə hektar boş otlaq sahələrini qoyub, mənimlə şəxsi ədavətə girərək çobanlarıma hədə- qorxu gələrək 800 ha yararlı otlaq sahəmi zorla əlimdən alaraq Göygöl rayon sakini Yelmar, Yasin Hüseynovlara verməkdə görəsən məqsədi nədir?
Hazırda Yasin və Yelmar adlı şəxslər Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyevin adından istifadə edərək yatağımın (fermamın) qarşısında özünə ferma tikibdir. Başıma gətirilən müsibətli hadisə ilə bağlı çoxsaylı şikayətlər etsəm də baxan yoxdur. Bundan istifadə edən İcra başçısı Nizaməddin Quliyev Prezident Administrasiyasını və aidiyyatı dövlət məmurlarını aldadaraq vətəndaşın şikayətinin həll edilməsi barədə saxta cavablar yazmış və sonradan da mənim ziyanıma yuxarı instansiyalara və hüquq mühafizə orqanlarına saxta sənədlər göndərərək məni tutdurmaq istəyir. O, istəyir ki, mən də ondan qorxaraq şikayətimdən əl çəkim, torpağımı ona verməklə ərazidən təsərrüfatımda olan qoyun heyvanlarımı oradan çıxardım.
Hazırda təsərrüfatımda olan 4000-5000-ə yaxın qoyunlar və otlaq ərazim Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Nizaməddin Quliyev tərəfındən mənimlə şəxsi ədavət etdiyinə görə blokadada saxlanılır. Necə ki, Qarabağ torpağımız erməni qəsbkarları tərəfındən blokadada saxlanılır! Onlara dünya ölkələri bədnam işğalçı erməni adı vermişdir, görəsən Goranboy rayon İcra Başçısı Nizaməddin Quliyevin mənim otlaq ərazimi və fermamı qanunsuz blokadada saxlamasına və dilsiz-ağızsız heyvanlarımı məhv etməsinə hansı adı vermək olar?
Mən aidiyyatı orqanlara və cənab Prezidentə etdiyim şikayətimin məqsədi odur ki, Göygöl rayon Pənahlılar kənd sakinləri Yelmar və Yasin Hüseynovların adına verilmiş 27 fevral 2018-cil tarixli saxta sərancam ləğv edilsin və mənə məxsus olan 800 ha yararlı qış otlaq sahələri (hər il vergisini mən ödəyirəm) əlimdən qeyri-qanuni alındığı üçün özümə qaytarılsın və dərhal fermamın qarşısında özbaşına tikilmiş ferma sökülsün.
Çoxsaylı şikayətlərimdən sonra icra başçısı Nizaməddin Quliyev Prezident Administrasiyasını aidiyyatı qurumlara cavab olaraq 2014-cü il tarixdə otlaq sahəsinin 800 ha-nın kəsilməsi barədə ərizəmin olduğunu bildirmişdir. Bu günkü gündə icra başçısının əlində olan 2014-cü il tarixli ərizə mənim tərəfımdən yazılmayıbdır. Həmin ərizə onun əlində olsa da özü tərəfındən hazırlanmış bir saxta ərizədir. Əgər həmin ərizə 2014-cü il tarixdə yazılmışdırsa, bəs nə üçün həmin ildən 800 ha torpaq kəsilib əlimdən alınmayıbdır və mən 2017-ci ilin noyabr ayına kimi istifadə etmişəm? İcra başçısının əlində olan ərizənin məzmunu ot bitməyən yararsız yerlərin kəsilib alınması barədə olsa da, ancaq mənim əlimdən alınan 800 ha otlaq sahəsi sahəmin yararlı yeri olmaqla fermamın qarşısıdır.
Məlum olduğu kimi, Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində korrupsiyaya qarşı ciddi mübarizə aparılan bir zamanda Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev saxta yolla torpaq alveri ilə özünün biznes fəaliyyətini yaratması naminə Azərbaycan qanunlarını pozaraq, prezidentin verdiyi sərancamlarının əksinə çıxır! Hazırda Nizaməddin Quliyev rayon icra hakimiyyətinin başçısı kimi yox, el arasında biznesmen kimi tanınır! Nizaməddin Quliyevin qəbulunda olan zaman fermer olaraq torpaq sahəsinin xeyir-duasının Ulu öndərimiz Heydar Əliyev tərəfındən verildiyini bildirəndə, o, “Xəbərim var ki, Gəncə şəhəri, Bağbanlar qəsəbəsində olan ata yurdunu Mehriban xanıma verdiyin üçün bu qışlaq torpaq sahəsi də sənə verilibdir” deyə məni şantaj etməyə başladı... Sonra əlavə etdi: “İndi mən də Goranboyun torpağını sənə bəxşeyişmi etməliyəm?! Get haraya əlin çatır şikayət edərsən. Mənim heç kimdən qorxum yoxdur. Goranboy rayonunun prezidenti də, naziri də, yiyəsi də mənəm. Mənim dediklərimi digər dövlət məmurları da təsdiqləyəcəkdir”.
Mən icra başçısının bu qəddarlığından və “heç kimdən qorxmuram” cavabından sonra təm əmin oldum ki, o, hazırda Goranboy rayon məhkəməsinə, prokurorluğuna və polis şöbəsinə təsir göstərərək şikayətlərimə baxılmasına qoymur. Mən Prezidentimizin daxili və xarici siyasətini bəyənirəm və dəstəkləyirəm. Qanunlarımızın yerlərdə icra olunmasına həmişə dəstək olmuşam.
Hörmətli cənab prezident, aidiyyati dövlət məmurları!
Fermer təsərrüfatının başçısı olaraq təsərrüfatımı inkişaf etdirmək üçün Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev tərəfindən əlimdən qərəzçiliklə alınmış 800 ha qışlaq torpaq sahəsinin özümə qaytarılmasına göstəriş verməyinizi, Nizaməddin Quliyevin cəzalandırılmasını Sizdən xahiş edirəm.
Redaksiyadan: bütün cəhdlərimizə baxmayaraq hələki yuxarıda qeyd edilən qanunsuzluqlara dair Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin dəqiq mövqeyini öyrənə bilmirik... Onun da mövqeyini təqdim etməyə hazırıq...
Mövzu diqqətimizdədir.
“Təzadlar”GORANBOYUN İCRA BAŞÇISI QOCAMAN FERMERƏ QAN UDDURUR
GORANBOYUN İCRA BAŞÇISI QOCAMAN FERMERƏ QAN UDDURUR

Şərhlər

XƏBƏR LENTİ