SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Struktur dəyişikliyi ETSN-ə çatdı

Struktur dəyişikliyi ETSN-ə çatdı

Tarix:

18-01-2019, 09:25

/ 1 263 dəfə oxundu.
Struktur dəyişikliyi ETSN-ə çatdı

Milli Hidrometeorologiya Xidməti yaradıldı
Yanvarın 16-da prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin optimallaşdırılması, qurumun strukturun və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə xeyli dəyişiklik edilib.

Fərmanda Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin, Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, həmçinin Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin yaradılması qeyd olunub.

Bununla yanaşı, fərmana əsasən, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamenti, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamenti, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidməti və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılır.

Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir, onun funksiyaları Nazirliyin Aparatı vasitəsilə həyata keçirilir. Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki isə nazirliyin tabeliyinə verilir. Həmçinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir, onun işçilərinin say həddi daxilində nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılır, Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır.

Məsələ ilə bağlı ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət almaq istədik. Nazirlikdən “Yeni Müsavat”a bildirildi ki, qərar yeni olduğu üçün hələ ki ictimaiyyətə geniş açıqlama verə bilməyəcəklər. Bildirildi ki, yaxın günlərdə ölkə başçısının müvafiq fərmanı və yeniliklər barəsində ictimaiyyətə geniş açıqlama verəcəklər
“Yeni Müsavat”a danışan alim-ekoloq Telman Zeynalov bildirib ki, bu kimi struktur dəyişikliyi müsbət haldır. O qeyd edib ki, əslində nazirlik də son zamanlar xeyli yeniliklərə imza atıb. Ekoloq bu yeniliklərin böyük əksəriyyətini müsbət qiymətləndirdiyini söylədi: “Xüsusilə də meşələrin qorunması istiqamətində atılan addımlar alqışa layiqdir. Əksər yeniliklərdən məlumatlıyam, ancaq hər şeyi də mətbuata açıqlamaq olmur. Onu deyim ki, hazırda regionlarda meşəbəyilərin demək olar ki, 40-50 faizi ixtisara salınıb. Eyni zamanda meşələrə xüsusi kameralar quraşdırılıb ki, bu kameralar vasitəsilə günün 24 saatı meşələri izləmək mümkündür. Bu, çox yaxşı haldır. Meşələri qıranlar kameralar yox, insanlardır. Tanışlıq, qohumbazlıqla meşəbəyi düzələnlər sonradan meşələri qırıb satırlar. Ona görə də bu hal düzəlməli idi ki, düzəlir də. Regionlarda bu və ya digər qurumlar ixtisara salınır. Düzdür, burada pis cəhət odur ki, camaat işsiz qalır. Ancaq digər tərəfdən bu qurumlar onsuz da şişirdilərək yaradılıb. Nazirlik son zamanlar restoranlarla bağlı da addımlar atır. Ancaq bu addımları müsbət xarakterizə etmirəm. Hesab edirəm ki, burada başqa məqamlar da var”.

Ekoloq, son zamanlar ETSN tərəfindən polietilen torbalara qarşı addımlar barəsində də danışıb: “Nazirlik ən nazik polietilen torbaları yığışdırır. Bu baxımdan doğru addım atırlar. Ötən gün nazirin özü ilə görüşdüm. O bildirdi ki, sərəncam var ki, mağazalarda bu kimi torbaları pulla satsınlar. Mən isə təklif etdim ki, həmin torbaların pulla satılması doğru deyil. Çünki bu və ya digər formada atılan addım insanların cibinə girmək olacaq. Yaxşı olar ki, qəbuledici məntəqələr yaradılsın və həmin torbalar təkrar emala getsin. Nazirlikdə aparılan yeniliklər fonunda hesab edirəm ki, bu kimi məsələlər də öz həllini tapacaq. Yeni nazir qanun-qayda ilə işləri və nə zaman da zəng etsən, ekoloq kimi səni qəbul edib, fikirlərini dinləyir. Əslində deyim ki, köhnə nazir də bu cür idi. Həyata keçirilən yenilikləri müsbət qiymətləndirirəm”.

Onu da qeyd edək ki, nazirliyin strukturuna daxil olan bəzi qurumların ləğvi ilə əlaqədar müvafiq vakant vəzifələrə elan edilən müsabiqə üzrə müsahibə və ümumi müsahibələrə qeydiyyat dayandırılıb.

Şərhlər

XƏBƏR LENTİ