SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Porşe" qəzasının gizlinləri deputatı necə de-şifrə elədi?- Feyziyevdən faktlar...

"Porşe" qəzasının gizlinləri deputatı necə de-şifrə elədi?- Feyziyevdən faktlar...

Tarix:

4-03-2019, 00:14

/ 1 194 dəfə oxundu.
"Porşe" qəzasının gizlinləri deputatı necə de-şifrə elədi?- Feyziyevdən faktlar...

“Məgər Bakıda cəmi bir-iki “Porsche” var? Bakıda minlərlə “Porsche” var. Digər tərəfdən isə “Porsche” nə vaxtdan bahalı maşın olub? “Porsche” orta qiymətə olan maşındır. Məgər deputatın “Porsche”-si ola bilməz? Burada qeyri-adi nə var?!”.

Bu sətirlər son illərin ən unikal, ən absurd cümlələridir ki, onu da deputat Cavanşir Feyziyev söyləyib. Milyonçu deputat ona məxsus "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətməsi və özünü deməyinə görə sükan arxasında sürücüsünün olması barədə danışarkən belə şərh verib. Onun fikrincə, “Porsche” nə vaxtdan bahalı maşın olub.

Cahan.info xatırladır ki, hətta soğan əkin, işdən sonra bənnalıq edin, "otxod" ifadəsini işlədən deputatlar da C.Feyziyev qədər barıtını çox eləməmişdi.

Məgər deputatın “Porsche”si ola bilməz? - sual edir hörmətli deputat. Ola bilər. Qanunvericilik qadağan etsə də, biznesi olan hər deputatın nəinki Porşesi, boinqi də ola bilər.

Yoxsa parlamentdən aldığı 2000 manat maaşla yüz minlik avtomobili necə almaq olardı? C.Feyziyev hesab edir ki, həmin maşın orta qiymətdir.

Deyəsən hörmətli deputatın minimum əmək haqqı və orta aylıq maaşdan xəbəri yoxdur. Son artımı da əlavə eləsək, ayda 180 manat maaşla Porşe sürmək mümkündür? Heç aylıq 800 manat maaşla da həmin avtomobili almaq olmaz.

C.Feyziyev isə ölkədə xalq-iqtidar təmasları, prezidentin sosial reformaları getdiyi bir vaxtda əhalini qıcıqlandıran ifadələr işlətməkdədir. Bu, siyasi xətadır.

Nə vaxta kimi deputatlar çıxışları ilə insanların əsəblərini tarıma çəkəcək, sonra dövlət gərginliyi azaltmaq üçün hərəkətə keçəcək?

Seçicisi problemlər içində yaşayan C.Feyziyevi bu açıqlamaları verməyə nə vadar edirdi? Təbii ki, heç nə. Sadəcə, sürdüyü maşının guya ucuz bir mal olduğunu çatdırmaq istəyib.

Amma diqqət çəkən məqam o idi ki, guya avtomobil "Avromed" MMC-yə məxsusdur, qəzanı törədən Abbasov Fərid Həsənağa oğlu da həmin şirkətin sürücüsüdür. Deputat da bildirir ki, öz şoferimdir.

Bəs, C.Feyziyev nə üçün bir müddət əvvəl "Avromed" dərman biznesinin ona aid olmadığını israrla deyirdi? Guya şirkətin səhmlərini satıb. Amma bir qəzanın ortaya çıxardığı gizlinlər və qaranlıqlar C.Feyziyevin fəaliyyətini de-şifrə elədi.

Afn.az yazmışdı ki, C.Feyziyev “Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun “Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir.

Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı.

Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə “Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı.

Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur.

Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq.

Cahan.info xəbər verir ki, bir müddət əvvəl azfakt.com məlumat yaymışdı ki, dərman qaçaqmalçılığında əsas fiqurlardan Mustafayev Anar Nazim oğlu ilə deputatın əlaqələri var.

Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri zamanı A.Mustafayev həbs olunmuşdu.

Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən, lisenziya almadan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müfxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə sərhəddən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil ediblər.

İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülüb.

Daha sonra məlum olmuşdu ki, Anar Mustafayev Cavanşir Feyziyevin adamıdır. O həbs olunarkən maşınında olan dərmanları deputatın "Avromed" şirkəti üçün gətirirmiş.

İddialara görə, onun qaçaq yolla ölkəyə gətirdiyi dərmanın miqdarı çox olub, amma külli miqdarda pul qarşılığında onun bir qismi rəsmiləşdirilib.

Millət vəkili ilə bağlı məlumatlarda bildirilir ki, o, Qafqazda ən böyük dərman deposuna malikdir. Ölkənin dərman biznesinin təxminən 80-85 faizinə o nəzarət edir.

Çindən keyfiyyətsiz dərmanları alıb İran vasitəsilə Azərbaycana gətizdirir, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırır.

Qeyd edək ki, məlum qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən qadını vurub.

İlkin məlumata görə, zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib. Ölən qadının 1975-ci il təvəllüdlü Sevinc Cabir qızı Hüseynova olması müəyyənləşdirilib.

“Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil C.Feyziyevin adına olmaqdan əlavə, onu idarə etmək üçün müxtəlif illərdə iki nəfərə etibarnamə verilib ki, onların da heç biri Abbasov Fərdi Həsənağa oğlu deyil. Təbii, onu da istisna etmirik ki, adıçəkilən şəxs deputatın sürücüsü ola bilər və bu zaman onun etibarnaməyə ehtiyacı olmamalıdır.

Lakin məsələ ondadır ki, hadisə haqda ilkin məlumatı yayan publika.az saytı Abbasov Fərdi Həsənağa oğlunun “Avromed” şirkətində çalışdığını yazıb.

Belə olduqda xeyli cavabsız suallar qalır ki, bunun da düzgün istintaq əməliyyatları ilə ortaya çıxarılacağına ümid edirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ